”İstəyirik prezidentimiz bilsin ki, bizə ev tikilmir”

Ağdamın Çəmənli kənd sakini Səadət Quliyevanın şikayətindən sonra daha bir sakin Meydan TV-yə şikayətlənib

Source:


Ağdamın Çəmənli kənd sakini Səadət Quliyevanın şikayətindən sonra daha bir sakin Meydan TV-yə şikayətlənib

“Çəmənlidə aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüş evlərdən yazmısız. İcra hakimyiyətinin cavabını oxudum, baxdım ki, eyni cavabı mənə də göndərib. Guya kəndimizdəki evlər döyüşlər nəticəsində qəzaya uğramayıb, elə əvvəldən qəzalı olub. Başçıya sualım var – əgər bu evlər döyüşlər zamanı bu vəziyyətə düşməyibsə, prezident iki dəfə o milyonları niyə ayırıb? Hansı qəzalı evlər üçün ayırıb? Ordan prezidentə məruzə eləyirlər ki, döyüşlərdən evlər qəzalı vəziyyətə düşüb, təmir-bərpa olmalıdır, pulu alırlar, bu tərəfdən əhaliyə deyirlər, evlərinizin döyüşlərdə atılan qradlarla əlaqəsi yoxdur, gedin, özünüz düzəltdirin. Gəlin məntiqlə danışaq, evlərimiz döyüşlərdən qəzalı vəziyyətə düşməyibsə, o pulu prezidentdən niyə istəyirlər? Alıb hara xərcləyirlər?”

Bunu Meydan TV-yə Ağdamın Çəmənli kənd sakini Sahib Əsədov deyir. Onun sözlərinə görə, yaşadığı ev iki ildən çoxdur ki, qəzalı vəziyyətdədir. Dövlət qurumlarına müraciət etməsinə baxmayaraq, tədbir görülmür.

Pullar hara gedir, bilmirik, ancaq bizə xərclənmir

“İstəyirik prezidentimiz bilsin ki, onu aldadırlar. İki ildən çoxdur aprel döyüşləri baş verib, ancaq onun ayırdığı pullar bizim qəzalı evlərimizə xərclənməyib. O isə elə bir ucdan pul ayırır. Bu pullar kimin cibinə gedir, bilinmir. Ancaq hər halda bizə xərclənmir. Deyirlər, evləriniz köhnədir, elə əvvəldən qəzalı idi. Evim köhnə ola bilər, ancaq evin yanına düşən qrad onu yarıq-yarıq edib. Köhnə evin yanına qrad düşəndə necə olar? Görün kimlərin evinə pul ayrılıb, kimlərin evləri təmir olunub – hamısı öz qohum-əqrəbalarıdır”, – Sahib Əsədov deyir.

Sahib Əsədovun sözlərinə görə, kənddə mərmi partlaması nəticəsində qəzalı vəziyyətə düşən, ancaq dövlətin təmir-bərpa siyahına salınmalayan xeyli ev var:

“Deməli, burda belədir… Hökumət qəzalı evlərin təmir-bərpasını o qədər yubatdı ki, adamlar gördü yaşamaq mümkün deyil, evə girmək təhlükəlidir, tavan çökür, divarlar adamın üstünə gəlir, getməyə də yer yoxdur, boğazından kəsib, borca-xərcə girib evin orasını-burasını düzəltdi. Fövqəladə Hallar Komissiyası da güddü, kim evini düzəltdisə, dedi, daha sənin evin düzəlib, həmin evi siyahıdan çıxartdı. Beləcə, xeyli evi siyahıdan çıxarıblar. Məsələn, mənim heç yerdən gəlirim yoxdur. 4 azyaşlı uşağım var. Özüm də müharibə veteranıyam. Əlilliyə görə cüzi pensiya alıram. 100 manat borca görə qazımızı da iki ildən çox idi ki, kəsmişdilər. 50 manat təqaüd alan adam 100 manat borcu necə ödəsin? Bunu düşünən məmur yoxdur. Üstəlik, mənim evim üçün ayrılan pulu da mənimsəyirlər”.

Rəsmi qurum: Fürsətcillik yaxşı iş deyil

Sahib Əsədovun giley-güzarı həm də dolanışıqdandı:

“İş üçün müraciət edirik, deyirlər: “İş nə gəzir?” Ətin, yağın, isti yeməyin dadını çoxdan unutmuşuq. Heç olmasa, hökumət bunu nəzərə alsın. Axı, hökumət bizim kimi ailələrə də hardasa güzəşt nəzərdə tutmalıdır. Qırmızı Xaç Cəmiyyəti 700 manatdan pul payladı. Kənddə bu pulu alanlar var, gəlib danışdıra da bilərsiz. Ancaq bizə vermədilər. Halbuki, evimiz aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşüb. Pul da, kömək də yalnız icra hakimiyyətində yaxın qohumu, tanışı işləyənlərə verildi”.

Ağdam Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Əsədovlar ailəsi quruma həm dolanışığa, həm də evin təmir-bərpasına görə dəfələrlə müraciət edib:

“Ancaq bizim büdcədə bu məsələlərə görə vəsait nəzərdə tutulmayıb. Təəssüf… Evə də baxış keçirilib, məlum olub ki, o ev istismar müddəti ötmüş evdir və əvvəldən də qəzalı vəziyyətdə olub. Aprel döyüşlərindən sonra ailənin əlinə fürsət düşüb ki, əvvəldən qəzalı olan evini hökumətə düzəltdirsin. Pul ayrılır, döyüşlərdən qəzalı vəziyyətə düşən evlər təmir-bərpa olur, ehtiyac varsa, yenisi tikilib ailələrə verilir. Ağdam rayonu təkcə Çəmənli kəndindən ibarət deyil axı… Bu pul döyüşlərlə əlaqədar qəzalı olan evlərə ayrılır. O evə komissiya üzvləri dəfələrlə baxış keçirib. Ailəyə dəfələrlə bildirilib ki, fürsətcillik yaxşı iş deyil”.

Əsədovlar ailəsi son çıxışı ölkədən getməkdə görür. Ancaq necə? Sahib Əsədova deyir, kasıblıqdan uçurumun ucunda dayanmış ailəyə hökumət kömək etməsə, ailəlikcə xarici səfirliklərə üz tutacaqlar.

Ana səhifəBölgə”İstəyirik prezidentimiz bilsin ki, bizə ev tikilmir”