Sakinlər bildirirlər ki, qəsəbədəki özbaşınalıqlardan yuxarılara yazan kimi, təzyiqlərlə üzləşirlər
“Rayondakı qanunsuzluqlardan, özbaşınalıqlardan şikayətlənirsən, tutub özünü cinayətkar çıxardırlar, məhkəməyə verirlər. Deyirik, adam torpaq sahələrini zəbt edib, kanalı daş-kəsəklə doldurub, deyirlər, susun, onun arxasında dayananı var, sizin kiminiz var? Ağrımayan başınıza dəsmal bağlamayın”.
Bunu Meydan TV-yə Masallının Boradigah qəsəbəsinin bir qrup sakini deyir. Asif Bəyverdiyev, Güloğlan Səlimov, Ağasadıq Manaflı, Aydın Səmədov, Sədirah Zeynalov və daha bir neçə sakin bildirir ki, bir müddət əvvəl qəsəbə sakini Zakir Abdullayev qəsəbənin mərkəzindəki yaşıllıq zolağını ləğv edərək yerində özünə ferma tikib. Bu sakinlər də, rəsmi qurumlardan həmin fermanın sökülməsini tələb edib. Əvəzində isə iddialarına görə, özləri təzyiqlərlə üzləşib.
Yaşıllığı məhv edib, yerində ferma tikib
“Yaşadığımız kəndin mərkəzində yaşıllıq zolaqları məhv edilib, yerində qeyri-qanuni tövlə binası tikib. Yaşayış evlərinin bir addımlığında tikilmiş, antisanitariya, xəstəlik və üfunət mənbəyi olan bu tövlənin kənd sakinlərinə, onların yaşamına vurduğu zərərin qarşısını almaq üçün müxtəlif qurumlara müraciət etmişik. Tövlə binasının kəndin kənarına köçürülməsini istəmişik. Əvəzində təzyiqlərlə qarşılaşmışıq”, – sakinlər şikayətlənir.
Onlar iddia edir ki, fermadakı mal-qaranın ifrazat tullantıları onların həyətlərinə axıdılır. Buna görə hökumət qurumlarına müraciət ediblər. Həmin hökumət qurumları da onların ərizələrini araşdırılması üçün Masallı Rayon İcra Hakimiyyətinə göndəriblər. Şikayətləri araşdırılmaq əvəzinə, icra hakimiyyəti və yerli polisin təzyiqlərinə məruz qalıblar.
Sakinlərin sözlərinə görə, Zakir Abdullayev dövlətin torpağını zəbt edib, hökumət qurumları da buna göz yumub. Onlar şikayət etdikcə, ferma sahibi bir az da irəli gedərək iki kəndin əhalisi üçün əhəmiyyət kəsb edən kanalı qurudub, öz həyatyanı ərazisinə daxil edib.
Kanalı daş-kəsəklə doldurub, öz həyətyanı sahəsinə qatıb
“Cəzasızlığın nəticəsidir ki, bu gün Zakir Abdullayev Boradigah-Mollaoba kəndlərini yağış sularından qoruyan dövlət əhəmiyyətli kanalı torpaqla dolduraraq şəxsi həyətyanı sahəsinə qatıb. Nəticədə yağış zamanı həyətləri su basır. Aidiyyəti qurumlar məlumatlıdılar, ancaq tədbir görmürlər. Bu adam zəbt etdiyi torpaqlarda tövlələr tikir, çirkab suları yola və həyətlərimizə axıdır. Bu adam həm Boradigahda, həm də Mollaobada xeyli insanın təsərrüfatına və həyətyanı sahəsinə zərər vurur. Bunlar azmış kimi, yenə də torpaq sahəsi zəbt edərək özünə balıqçılıq hövzəsi yaradıb. Ancaq ona gözün üstə qaşın var deyən yoxdur. Adam “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayıb dolanır. Və bunda onu himayə edən məmurlara güvənir”, – deyə sakinlər bildirir.
Polis şikayətləri ört-basdır edir
Qəsəbə sakini, 2-ci qrup əlil Asif Bəyverdiyevsə danışır ki, Zakir Abdullayev ona məxsus atın ayağını sındırıb, at ölüb. O da Zakir Abdullayevdən polisə şikayət edib. Polis “bir atdan ötəri” cinayət işi qaldırmayıb, əksinə, məsələni ört-basdır edib və onun özünü danlayıb:
“Polisdə rüşvət alıb qarşı tərəfi az qala vəkil kimi müdafiə elədilər. Mən də polisin qərarından yuxarı orqanlara şikayət etdim. Nəticədə polis rəisi mənə qəzəbləndi. Halbuki, dörd dəfə rəisin qəbuluna düşməyə cəhd etmişdim, hər dəfəsində qapı arxasında qalmışdım. Heç yazılı müraciətlərimə də cavab verməmişdi. Mən də məcbur qalıb nazirin qəbuluna yazılmaq üçün müraciət etdim. Rəis bundan qəzəbləndi, ötən il sentyabrın 20-də məni polis şöbəsinə çağırdı, öz müavinlərinin iştirakı ilə qəbul etdi. “Nə baş verib” deyə soruşdu. Mən də baş verənləri ona ətraflı danışdım. Soruşdu ki, indi tələbim nədir. Dedim, tələbim odur ki, mənə vurduğu maddi zərəri Heydər Əliyev Fondunun hesabına keçirtsin. Rəis dedi, yeri, get, işinlə məşğul ol, boş-boş danışıb vaxtımızı alma”.
Şöbə müdiri bizi məhkəməyə verib
Sakin Asif Bəyverdiyev danışır:
“Bir müddət əvvəl İlham Əliyev vətəndaşlara müraciət etdi, yerlərdəki qanunsuzluqlardan xəbərdar olması üçün vətəndaşlardan kömək istədi. Biz də bundan həvəslənərək prezidentimizə Masallıdakı qanunsuzluqlardan yazmağa başladıq. Nəticədə bir tərəfdən polis, bir tərəfdən məhkəmə, bir tərəfdən icra hakimiyyəti – bizi sıxdıqca sıxışdırır. Xüsusilə də icra hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalırıq. İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynovun qəbulunda olub dəfələrlə tələb etmişik ki, problemlərimiz araşdırılsın. O isə bizim tələb və müraciətlərimizə məhəl qoymayıb. Biz də həm onun, həm də icra hakimiyyətinin vətəndaşlara qarşı belə münasibətindən prezidentə və başqa yuxarı qurumlara yazmışıq. Əvəzində Məmmədhüseyn Hüseynov bizi 10 min manat təzminat tələbi ilə məhkəməyə verib. Biz də Masallı Rayon Məhkəməsinin icra hakimiyyətinin təsiri altında olduğunu nəzərə alıb, işin həmin məhkəmədən alınaraq başqa məhkəməyə verilməsini tələb etmişik. Ancaq tələblərimiz yenə havada qalıb”.
Dəfələrlə xəbərdarlıq olunsa da…
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi fermanın sahibinə 2014-cü ildən indiyədək bir neçə dəfə rəsmi xəbərdarlıq edib. Mərkəzdən sakinlərə daxil olan məktubda göstərilir ki, onların şikayətləri araşdırılıb. Hökumət qurumları nümayəndələrinin iştirakı ilə Zakir Abdullayevə məxsus iribuynuzlu mal-qara tövləsinə baxış keçirilib. Məlum olub ki, uzunluğu 28, eni 7 metr olan tövlə Sücayət Bəyverdiyevin evidən 5 metr aralıda, layihə sənədləri olmadan, mişar daşından tikilib. Peyin tullantıları tövlədən kənardakı açıq əraziyə tökülür, şambo tipli anbar təşkil edilməyib, buna görə də çirkab sular yaxınlıqdan keçən su arxına axıdılır. Nəticədə, ərazidə antisanitariya əmələ gəlib. Binanın ətrafında abadlıq işləri aparılmadığından yaranmış palçıq insanların gediş-gəlişinə maneçilik yaradır. Yoluxucu xəstəliklərin qarşısının alınması üçün Zakir Abdullayevin qarşısında fermanın ətrafındakı zibilliklərin təmizlənməsi, çirkab suların şambo tipli anbara axıdılmasının təşkili, tullantıların vaxtında daşınması, abadlıq işlərinin görülməsi, tikiliyə aid sənədlərin hazırlanması tapşırılıb. Sakinlərsə deyir, rəsmi qurumların bu xəbərdarlıqlarının hamısı ferma sahibi tərəfindən qulaqardına vurulub.
Komitə tikilinin sökülməsini tələb edir
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən bu ilin sentyabrında sakinlərə daxil olan məktubda bildirilir ki, Zakir Abdullayev inzibati məsuliyyətə cəlb edilib. İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinə (Torpaqların istehsalat və məişət tullantıları ilə zibillənməsinə, və ya kimyəvi, çirkab suları ilə çirklənməsinə görə) protokol tərtib edilib, qanunsuz tikilinin sökülməsi üçün Masallı Rayon İcra Hakimiyyətinə müraciət edilib.
Meydan TV Zakir Abdullayevlə əlaqə yarada bilməsə də, məsələyə Masalı Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, bir qrup sakin rayonun yüksək vəzifəli şəxslərini gözdən salmaq üçün uzun müddətdir müxtəlif qurumlara, əsasən də prezidentə böhtan xarakterli müraciətlər edir. Qurumun hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov da şərəf və ləyaqətin təhqir olunması, ona böhtan atılması iddiası ilə rayon məhkəməsinə müraciət edib.
Sakinlərin və rəsmi qurumların sökülməsi tələbi ilə üzbəüz qalan fermaya gəlincə, qurumdan bildirilib ki, buna görə qurumlar və sakinlər icra hakimiyyətinə yox, məhkəməyə müraciət etməlidir.
Masallı polisindən isə bildirilib ki, adları qeyd olunan vətəndaşlar idarə rəisi tərəfindən qəbul edilərək şikayətləri dinlənilib, araşdırılıb. Sakinlər fermanın fəaliyyətinin dayandırılması üçün polisə yox, məhkəməyə müraciət etməlidilər.
Sakinlərsə Meydan TV-yə bildiriliblər ki, bu il noyabrın 27-də Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynovun iddiası üzrə hazırlıq iclası təyin olunub. Ancaq onlar iddiaya bu rayon məhkəməsində baxılmasına etiraz etdikləri üçün iclas baş tutmayıb və dekabrın 20-nə təyin olunub. Ancaq eyni səbəbdən hazırlıq iclası yenə baş tutmayıb.