Kəndlilər: Əkin-biçinimiz, pay torpaqlarımız yararsız hala düşüb

Beyləqanın Milabad kəndinin sakinləri subasmadan narahatdır

Source:


Beyləqanın Milabad kəndinin sakinləri subasmadan narahatdır

“Hər il torpaqların suvarılması dövrü həyətyanı sahələrimizi su basır. Çox şikayət etdik, yazdıq, yolu kəsdik. Axırda vəsait ayrıldı, kənddə drenaj işləri görüldü. Ancaq görünən odur ki, işə yaramadı. Suvarılma dövrü yenə həyətyanı sahələrimiz və pay torpaqlarımızı su basdı”.

Beyləqanın Milabad kəndinin sakini İntizar Qasımova belə deyir. Sakinlər bildirirlər ki, kəndin su basmasının səbəbi torpaqdan aidiyyatı üzrə istifadə edilməməsidir. Kəndlərinin yuxarısında yerləşən Haramı düzü Sovet dövründə əkinə yararsız hesab edilib. Ancaq otlaq sahəsi kimi istifadə olunurmuş. Səbəb isə həmin ərazinin su keçirmə qabiliyyətinin yüksək olmasıdır. Çünki suvarılma olarsa, ondan aşağıdakı əraziləri su basacağını bilirdilər. Elə indiki kimi.

“Yuxarıda bizdə baş Mil kanalı var. Bu kəndlə o kanalın arasındakı səviyyə 27 metrdir. Vaxtilə o torpaqlardan əkin məqsədilə istifadə olunmayıb. Ancaq sonradan, hardasa 11 il əvvəl kəndin yuxarısında məcburi köçkünlər üçün “Qayıdış” qəsəbələri salıblar. Əhali orada əkib-biçin edəndən sonra bizim kəndi su basmağa başladı. Çünki torpağın altı çınqıldı və süzmə qabiliyyəti yüksəkdir. Nəticədə su süzülür və gəlib bizim kəndi basır”, – sakinlərdən Mənsur Nəsirov belə deyir.

Mənsur Nəsirovdu
Mənsur Nəsirovdu

M.Nəsirov bildirir ki, heç əvvəl kənddə drenaj sistemi də qurulmamışdı. Nə qədər ki, yuxarıdakı torpaqlar əkilmirdi, buna gərək də yox idi. Ancaq orada evlər tikiləndən, əkilməyə başlayandan hər il problem yaşayırlar:

“Haramı düzü deyilən ərazi qrunt suları üstündə qurulub. Burada meliorasiya sistemi qurulmadan torpaqları suvarmaq olmazdı. Heç nəyə fikir vermədən tikdilər və suvardılar. Nəticədə onlar məhsul götürür, ancaq bizim olan-qalan bütün ağaclarımız, əkin-biçinimiz, pay torpaqlarımız yayarsız hala düşüb. Bir-iki deyil, düz 11 ildir ki, bu problem yaşayırıq”.

Evini hər il su basdığından Sehran Paşayev artıq təmir etdirmir. Deyir, artıq buna nə maddi imkanı var, nə də mənən gücü qalıb:

Sehran Paşayev
Sehran Paşayev

“Nə qədər olar? Düz 6-7 dəfə hər il təmir etdik evi. İndi nə təmirlik bir yeri qalıb, nə də bizdə can qalıb. Çətindir, camaat evini illərlə təmir edə bilmir. Biz az qala hər il etdik. Düz 11 ildir ki, zülmdəyik. Dərdimizi deyirik, eşidən yoxdur. Axırda yolu bağladıq, etiraz etdik, tökülüşüb gəldilər. Nə bilim layihə yazdılar, pul ayırdılar, gəlib burada drenaj işləri gördülər. O da ki, yoğun boruların hamısını satıb, pulunu yedilər. Ensiz, dar borularla gördülər bütün işi. Niyə əminliklə deyirəm? Çünki bütün kənd camaatı işin içində idi. Bunlar bizim gözümüzün önündə olan işlər idi. Nəticədə həm pul getdi, həm zəhmət, həm də bir nəticəsi olmadı. Yenə həmən həməndir”.

Sakinlər subasmadan sonra həyələrindəki bütün ağacların, məhsulun, hətta əkdikləri güllərin də yandığını deyirlər:

“Baxın, Allahın alağı da yoxdur həyətdə. Çətin ki, burada bir də nəsə bitər. Hamımız zəhmətkeş kənd adamlarıyıq, ancaq əkin-biçin edə bilmirik. Danışanda deyirlər ki, kənd təsərrüfatı inkişaf etməlidir. Hamı özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir. Mənim həyətyanı sahəm var, ancaq əkib-becərə bilmirəm. Çünki şor su imkan vermir. Olmaz ki, mən tərəvəzimi əkim, toyuq-cücə saxlayım, həyətimdə meyvə ağaclarım olsun? Bu həyətdən 1 ton əzgil, 2 ton üzüm, ərik yığardıq. İndi biri də qalmayıb”, – İntizar Qasımova deyir.

İ.Qasımova bildirir ki, əvvəlki illərdə vəziyyət o qədər acınacaqlı olub ki, evlərindən köçüb getməli olublar:

“Daha bundan sonra nə edək, bilmirik. Gəlin, baxın, evimin divarına. Yarıyacan kiflənib. İçərini də hiss edirsiz, iy verir, rütubətdir. Uşaqlarımızın əksəriyyətində revmatizma var. Özümüzün də ayaqlarımız qırılır, bərbad gündəyik. Hər il icra başçısına müraciət edirik, deyir, gedin kanalı bağlayın, tədbir görüləcək. Hələ tədbir görülüb qurtarmayıb”.

Həyətlərindəki meyvə ağaclarının yandığını, əkin-biçinlərinin, toyuq-cücələrinin məhv olduğunu deyən sakinlər problemin əsas hissəsinin 70 evdə olduğunu deyirlər:

“Bir meyvə ağacımız, əkinimiz-biçinimiz yoxdur. Evlərimizin altı suyun içindədir. Bu gün sabah başımıza uçacaq, biz nə edəcəyik. Elə adamlar var ki, heç evdə yatağı yoxdur yatmağa. Yerdən döşək atıb yatır. Bu zirzəminin üstündə necə yatmaq olar, bir düşünün də. Yayı, qışı əziyyət çəkirik. Ağcaqanad, milçək də bir yandan. Quraqlıq nə olduğunu biz bilmirik. Hardasa 70 evdir. Bu da 400 nəfər əhali edir. Nəinki kəndin içərisi, pay torpaqlarımız da suyun altında qalır. 150-200 hektara yaxın pay torpağı hər il suyun altında qalır aylarla. Biz ümidimizi itirmişik. Yazmadığımız yer, döymədiyimiz qapı qalmayıb. Ancaq gözləyin, deyirlər”, – İntizar Qasımova deyir.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, Milabad kəndində artıq subasma ilə bağlı problem qalmayıb:

“Bəli, hər il suvarma dövründə o kəndi su basırdı, problem olurdu. İnsanların müraciətindən və şlikayətlərindən sonra həmin kənddə drenaj işləri aparıldı, problem aradan qalxdı. Hazırda hər hansı bir problem yoxdur”.

İcra hakimiyyəti nümayəndəsinə sakinlərin problemin hələ də qaldığını söylədiklərini bildirdikdə cavab olaraq dəstək asıldı.

Ana səhifəBölgəKəndlilər: Əkin-biçinimiz, pay torpaqlarımız yararsız hala düşüb