İsmayıllı sakini: Uşağımın gözünü itirəcəyindən qorxuram

Qənirə Bayramova kömək istəyir

Source:
Qənirə Bayramova
Qənirə Bayramova


Qənirə Bayramova kömək istəyir

“Oğlumun gələcəyi üçün çox narahatam. Gözündəki xal getdikcə daha da böyüyür. Əməliyyat etdirmək üçün də imkanımız yoxdur”.

Bunu Meydan TV-yə İsmayıllı rayonu, Mican kənd sakini Qənirə Bayramova deyir. Onun sözlərinə görə, 11 yaşlı Ceyhun yeni doğulan zaman gözündə heç bir problem yox imiş:

“Lakin sonradan gördük ki, uşağın gözündə ləkə var. Elə bildik, nəsə yığıntıdır. Həkimə apardıq, dedi ki, çəkilib, gedəcək, narahat olmayın. Lakin uşaq böyüdükcə, gözündəki problem də böyüdü. İndi həmin o ləkə qızartı verir, günə çıxanda qaşınır, yığılır, yumrulanır. Uşağımın gözünü itirəcəyindən qorxuram”.

Qənirə Bayramova söyləyir ki, Ceyhun İsmayıllı Rayon Uşaq Poliklinkasında qeydiyyatdadır. Ona poliklinikadan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndəriş verilib:

“Birinci sinifdən bu yana uşağı hər il Bakıya aparıb-gətirirəm. Həkimlər deyir ki, böyümə şansı yoxdur. Əməliyyata da razılıq verdilər, amma buna imkanımız çatmır. Məcbur olduq, əməliyyatı saxladıq. Sonra Mərkəzi Hərbi Klinik Hospitalda pulsuz əməliyyat edəcək həkim tapdıq. Lakin o, da dedi ki, mən uşağın sağ qalmağına zəmanət verə bilmərəm. Xalı götürəndə deşiyin hara qədər gedəcəyini bilmərəm, deyə qorxuram. İndi qalmışıq pis vəziyyətdə, uşaq da böyüyür”.

Qənirə Bayramovanın həyat yoldaşı narkotik maddələrin istifadəsinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. İmkansızlıqdan əziyyət çəkən Qənirə Bayramova oğlunun göz əməliyyatı üçün yardım istəyir:

“İki oğlan uşağını bir qarın ac, bir qarın tox, birtəhər dolandırıram. Mən gələcəyin əsgərini böyüdürəm, göz görə-gözə uşağımı kor etməyəcəyəm ki?! Kömək etsinlər, oğlumu əməliyyat etdirim”.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Meydan TV-yə bildirib ki, mərkəzdə keratoplastika əməliyyatı (buynuz qişanın transplantasiyası-red) xaric bütün əməliyyatlar pulsuz həyata keçirilir:

“Buynuz qişanın əməliyyatı Səhiyyə Nazirliyinə baxır. Çünki bu xəstəlik üçün donor buynuz qişası lazımdır. Digər göz xəstəlikləri ilə bağlı problemlərlə bağlı bizim mərkəzə müraciət etmək mümkündür. Həmin xəstə mərkəzə müraciət etsin, onun diaqnozu ilə maraqlanıb, sonra əməliyyatı ilə bağlı qərar vermək olar”.

Gözdən Əlillər Cəmiyyətindən isə Meydan TV-yə bildirilib ki, regionlarda əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə ərazi üzrə İcra Hakimiyyətləri, Səhiyyə Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Ana səhifəBölgəİsmayıllı sakini: Uşağımın gözünü itirəcəyindən qorxuram