Düzqırıqlı kəndinin sakinləri yolların bərbad olmasından gileylənirlər
“İşsizlik, dolanışığın çətin olması azmış kimi, yollarımız da bizə bir dərd olub. Qarşıdan qış gəlir, yollar dizə kimi palçıq olacaq”.
Bunu Meydan TV-yə Tovuz rayonu Düzqırıqlı kəndinin sakini Fuad Həşimov deyir:
“Bütün kənd camaatı narazıdır. Rayon mərkəzindəki yollar abadlaşdırılıb, asfalt çəkilib. Lakin kənd yollarında xeyli problemlər hələ də qalır. Hansı əsrdə yaşayırıq ki, yollarımız çala-çuxur olsun?”
Fuad Həşimovun sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunsa da, nəticəsiz qalıb:
“Rayon rəhbərliyi bu problemləri həll edəcəyi ilə bağlı vədlər versə də, heç nə etmir. İş o yerə çatıb ki, qışda uşaqlarımızı dərsə yollayanda, onlara əlavə qaloş veririk ki, məktəbə ayağı palçıqlı girməsin. Uşaqlar həyətdə oynayır, evə qayıdanda yarıya qədər palçığın içində olurlar. Yayda da toz-torpaqdan evlərin pəncərə-qapısını aça bilmirik. Yol kənarında olan evlərin içini toz-torpaq basır. Məcbur oluruq ki, qapı-pəncərəni bərk-bərk bağlayaq”.
Kəndin digər sakini Məhərrəm Orucov isə deyir ki, Azərbaycanın rayonlarında olan ənənəvi problemlər Tovuzda da mövcuddur:
“Bu, əsasən əhalinin işsizliyi ilə bağlı olan problemlərdir. Kəndin yolları acınacaqlıdır, heç baxan da yoxdur. Qənirə Paşayeva millət vəkili seçiləndən sonra Düzqırıqlı kəndinin yollarına asfalt çəkildi. Amma bunun üstündən düz 15 il keçib. Həm də örtük ancaq magistral yola çəkildi. Kəndin ara yolları pis vəziyyətdədir. Bununla bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət olunub, amma heç bir faydası yoxdur. Kənd camaatının yaşayışı, ailə vəziyyəti ilə maraqlanmırlar, o ki qalmışdı yollar ola. Ataların yaxşı bir məsəli var, deyir: “Toxun acdan nə xəbəri”. İndi yuxarıda oturanların nə vecinədir ki, Düzqırıqlı camaatı necə dolanır, yolları hansı vəziyyətdədir? Hansısa dərdinə, probleminə görə icra hakimiyyətinə gedirsən, adamı elə qapıdan geri qaytarırlar, qəbula düşə bilmirsən. Deyirlər ki, sən get, işinlə özümüz məşğul olacağıq. Deyirlər, amma heç nə də etmirlər”.
Ağa Muradov isə söyləyir ki, Tovuzun yuxarı dağ kəndlərinin yolları daha bərbad vəziyyətdədir:
“Ora hətta maşınlar belə çıxmır. Qışda, qarda-çovğunda oradakı durumu təsəvvür etmək elə də çətin deyil. Camaatımızın əsas dolanışıq yeri kənd təsərrüfatı, əkin-biçindir. Son zamanlar da vəziyyət o həddə çatıb ki, pay torpaqları qalıb başlı-başına. İnsanların maddi vəziyyəti imkan vermir ki, əllərində olan torpaq sahələrini əkib-becərsinlər, məhsul götürsünlər”.
Tovuz Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyiblər ki, problemlərdən xəbərdardılar, ancaq bütün yolların abadlaşdırılması üçün vəsait yoxdur. Ona görə də kənd yolları hissə-hissə düzəldiləcək.