”Hərbi xidmətdə güllələnib, hökumət nə ”qanpulu” verir, nə əlillik təyin edir”

Xaçmaz sakini deyir, oğluna əlillik təyin olunmasına görə TSEK-də tələb olunan ”Forma-8” üçün rüşvət istənilib

Source:
Əzməmməd Samullayev
Əzməmməd Samullayev


Xaçmaz sakini deyir, oğluna əlillik təyin olunmasına görə TSEK-də tələb olunan ”Forma-8” üçün rüşvət istənilib

“Hərbi xidmətdə yaralanıb, yararsız kimi ordudan tərxis olunub, nə sığorta, nə kompensasiya ödənilib. Normal qidalana bilmir, ağır işlər görə bilmir, belində, mədəsində ağrıları var. Həkimlər də deyib ki, bu ağrılar xroniki qalacaq. Güllə qarnından girib, belindən çıxıb, daxili orqanlarını tamamilə zədələyib. Hərbidən tərxis olub gələndən sonra da əlillik təyin olunması üçün qapılarda qalmışıq. Deyirlər, əlilliyə çıxmaq üçün sənədlərin verilməsinin 4500 manatdan aşağı yeri yoxdur”.

Cərrah dedi, o kağız elə-belə verilmir

Xaçmazın Niyazabad kənd sakini Rəşidə Samullayeva Meydan TV-yə danışır ki, oğlu Əzməmməd Samullayev ötən ilin yanvarında hərbi xidmətə çağırılıb. Naxçıvanın Sədərək rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb. Xidmətin 8-ci ayında əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan güllədən yaralanıb. Güllə yarası qarın boşluğunu və digər daxili orqanlarını zədələyib. Cərrahiyyə əməliyyatından sonra 2 ay hospital şəraitində müalicə olunub. İki aydan sonra hərbi hissəyə qaytarılıb. Hərbi hissədə iki gün qalıb və elə ötən ilin oktyabrında yararsız kimi ordudan tərxis olunub. Evə qayıdandan sonra ailə üzvləri ona əlilliyin təyin olunması üçün dövlət qurumlarına müraciət ediblər. 1 il keçib, ancaq Samullayevə hələ də əlillik təyin olunmayıb. Ana sözünə davam edir:

“8 ay hərbi hissədə, 2 ay da hərbi hospitalda olub. Özləri də yararsız kimi ordudan tərxis ediblər. Sağlam olsaydı, hərbi xidmətini davam edərdi. Hospitaldan aldığımız “xəstəlik tarixçəsi”ni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına təqdim etdik ki, Əzməmmədə əlilliyin təyin olunması üçün müvafiq arayışı alaq. Dedilər, o kağızı almaq üçün gərək 6 ay gözləyəsiniz, qaydası budur. Biz də 6 ay gözlədik. Bu dəfə gedəndə, orda Zaud adında cərrah dedi, xeyri yoxdur, o kağız heç kəsə elə-belə verilmir, 4500 manat qiyməti var, istəyirsiz, danışım, pul verin, beş dəqiqəyə düzəldib versinlər kağızı… Dedim, kasıb adamlarıq, bizdə 4500 manat nə gəzir, Əzməmmədin dərmanlarına görə Xaçmazda borclu qalmadığımız aptek yoxdur. Beləcə, pul vermədik, dedilər, gedin, 6 ay da gözləyin. Nəyi gözləyək, niyə gözləyək, səbəbini də demədilər”.



18 saylı TSEK: “Əlillik əlamətləri müəyyən olunmayıb”

Daha 6 ay keçib, bu dəfə Əzməmmədin valideynləri xəstəxanaya sənəd üçün müraciət edəndə yenə də, əlləri boşa çıxıb. Bu dəfə həm Səhiyyə Naziriyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “qaynar xət”lərinə zəng vuraraq şikayətlərini bildiriblər. Ancaq nəticəsi olmayıb:

“O vaxt əlinə kağız verdilər ki, get, bu kağızla sənə əlillik təyin olunacaq. Hərbi xidməti yerinə yetirərkən yaralanmısan. Bizim tələblərimizdən sonra həkim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı Tibbi Sosial Komissiyasına (TSEK) “Forma-88” göndərdi, ancaq Komissiyadan rəsmi məktub gəldi ki, əlillik təyin olunmur. Halbuki, epiqrezdə də yazılıb ki, cəbhə bölgəsində hərbi vəzifəsini yerinə yetirərkən yaralanıb”.

Tibbi Sosial Ekspert Komissiyasından Meydan TV-yə bildirilib ki, Xaçmaz rayon Mərkəzi Xəstəxanasından Əzməmməd Samullayevin müayinələrinin nəticələri ilə bağlı müvafiq sənədlərə baxılıb və əlillik təyin olunmasından imtina edilib. Səbəb ona qoyulmuş diaqnozda əlillik əlamətinin olmamasıdır.

Qaraciyəri kəsilib, öd kisəsi götürülüb, böyrəkləri tikilib

Ancaq ailə üzvləri TSEK-in bu qərarıyla razı deyil. Rəşidə Samullayeva deyir, Əzməmmədin səhhəti ona əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir:

“Qaraciyəri kəsilib, böyrəyi tikilib, öd kisəsi kəsilib götürülüb. Onurğada, bağırsaqlarda problemləri var. Sağlam oğul vermişəm, əvəzində yarımcan uşaq qaytarıblar. Oğlumun hələ 19 yaşı var, həyatı qarşıdadır. Bu gün valideynlərinin hesabına yaşayır, sabah özünü necə idarə edəcək? Sağlamlığı işləməyə imkan vermir. Yəni bu dövlətdən bu uşağa verdiyi canın əvəzinə heç nə düşmür? Saysız məktublar, teleqramlar gedir, birinə də cavab gəlmir. Əzməmmədin qanı üzərindən alver ediblər, onu vuran əsgər yoldaşına 9 ay sınaq müddətinə şərti cəza kəsib həbsdən azad ediblər. Əzməmmədin qanı üzərindən o zavallı əsgərin ailəsini prokuror da, müstəntiq də, hakim də soğan qabığı kimi soyub. Müstəntiq yalvarırdı ki, əsgərdi, qəsdən etməyib, şikayətçi olmayın. Sizcə, bunu hansı müstəntiq edərdi? Əlbəttə ki, ortada rüşvət vardı, ona görə “canıyananlıq” edirdilər. Ancaq Əzməmmədə hərbi xidmətini yerinə yetirdiyi müddətdə aldığı güllə yarasına görə nə qanpulu ödənilmədi. Əksinə, rüşvət vermədik deyə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ona elə diaqnoz yazdı ki, TSEK əlillik təyin etmədi”.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasından rüşvətlə istənilməsi ilə bağlı iddialar rədd edilib. Bildirilib ki, Əzməmməd Samullayevin əlillik vəziyyətinin müəyyən olunması üçün 88 nömrəi forma elektron məlumat sistemi vasitəsilə rayon üzə 15 saylı Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. Onun ailəsindən sənədin hazırlanıb göndərilməsi üçün rüşvət istənilməsiylə bağlı deyilənlər həqiqətə uyğun deyil.

Keçmiş əsgər Əzməmməd Samullayevin ailə üzvləri isə şikayətlərini davam etdirirlər. Bir neçə gün əvvəl əsgər ailəsi ailə növbəti dəfə ölkə başçısına teleqram vurub. Həm də eyni gündə 6 dəfə… Ancaq ailəyə bu teleqramların da aqibəti qaranlıq qalıb.

Ana səhifəBölgə”Hərbi xidmətdə güllələnib, hökumət nə ”qanpulu” verir, nə əlillik təyin edir”