”Müharibədən kino çəkmək istəyən təbii görüntü üçün Şabranın küçələrini seçə bilər”

Rayon sakinləri Nizami və Füzuli küçələrinin vəziyyətindən narazıdır

Source:


Rayon sakinləri Nizami və Füzuli küçələrinin vəziyyətindən narazıdır

“Şabran Rayon İcra Hakimiyyəti 3 aydır bir küçəni təmir edib, qurtara bilmir. Halbuki ümumi küçənin təmiri üçün cəmi 3 gün kifayətdir. Qışın, yağışın günündə qalmışıq palçığın, suyun içində”.

Şabran rayonunun Nizami və Füzuli küçələrinin sakinləri Meydan TV-yə belə deyirlər. Onlar İcra Hakimiyyətinin dərdinin yol təmir etmək olmadığını, büdcədən pul ayırıb, silməklə məşğul olduğunu söyləyirlər.

Yollarımız yenə köhnə hamam, köhnə tasa dönüb

Sakinlərdən Məhbubə Qubadova indiyə qədər şikayət etmədikləri yerin qalmadığını söyləyir:

“İnanın, məktub yazmaqdan barmaqlarımız qabar olub. O dövlət orqanı qalmayıb ki, biz onlara müraciət etməyək. Yayda da bir xeyli sakin toplaşıb şikayət etmişdik. Həmin şikayətimiz mediada işıqlandırılmışdı. Böyük səs-küy də salmışdı. Ondan sonra icra hakimiyyəti guya yolları təmir etdi, budur, təmirdən sonrakı vəziyyəti görürsünüz. Etməsəydilər, bundan yaxşı idi. Yenə köhnə hamam, köhnə tasa dönüb”.

Bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır

M. Qubadova deyir ki, hər il rayonun büdcəsindən abadlıq məqsədilə milyonlarla manat pul ayrılır. Ancaq onlar həmin abadlığın heç “a” hərfini də görə bilmirlər:

“Ümumiyyətlə, rayonun əksər küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. Dahi ədiblərin, Nizaminin və Füzulinin adını daşıyan küçələrin vəziyyəti Şabran Rayon İcra Hakimiyyətinin vətəndaşların probleminə necə yanaşmasının göstəricisidir. Barı mərkəzi küçələri yaxşı saxlasınlar. Ayıbdır, ayıb, bu küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır”.

Yayda toz-torpaqdan, qışda isə gölməçə və palçıqdan keçmək mümkün olmur

Daha bir sakin Tofiq Heydərov deyir ki, yolların bərbad durumda olması onların gündəlik həyatlarına mənfi təsir edir. Yayda toz-torpaqdan, qışda isə gölməçə və palçıqdan keçmək mümkün olmur:

“Evdən çıxırsan, bulanırsan zığa, palçığa. Nə qədər işləyən adamlar özləri ilə ayaqqabı daşıyacaqlar? Uşaqlar ayaqqabının üstündən sellofan geyinirlər. Vallah, ayıbdır. Bura hansısa kənd deyil e, Şabran şəhərinin mərkəzi küçələridir. Ümumiyyətlə, Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq, rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya Şabran Dəmiryolu Vağzalına yaxın Füzuli və Nizami küçələri 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz mənzərələri xatırladır. Müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün bir qəpik xərcləmədən Şabranın bu hissəsini seçə bilər. Şabranın, “Stansiya”ətrafı yerləri isə Afrika və Hindistan küçələrini xatırladır”.

Qazılan yerlər su və zibillə dolmağa başlayıb

Füzuli küçəsinin sakinlərdən Şərqiyyə Məmmədova da deyir ki, yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkirlər.

O, yaşadığı küçəni səngərə bənzədir. Deyir, küçələr təmir olunmadığından yağışlar yağanda buradan keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri belə Füzuli küçəsinə gəlmək istəmirlər:

“Bu problem mediada işıqlananadan sonra məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti müəyyən addımlar atdı. Düşündük ki, problem həll ediləcək. Təəssüf ki, normal iş görülmədi. Yenə əvvəl bundan yaxşı idi. İndi bir az da qazıb töküblər. Qazılan yerlər su və zibillə dolmağa başlayıb. Payızın gəlişi, yağışların başlaması ilə yol palçıqlı və keçilməz hala düşüb. Əvvəl yol necə acınacaqlı durumda idisə, indi də elədir. Hətta ondan da pis vəziyyətə düşüb”.

Nə asfalt örtüyü çəkilib, nə də ki, səkilər düzəldilib

Ərazidə yaşayan sakinlər bildirir ki, icra başçısı Novruz Novruzov rayonun “Stansiya” adlanan ərazisindəki Nizami küçəsində gözdən pərdə asmaq üçün bir- iki bardür düzdürüb. Sakinlərin sözlərinə görə, görülən yarımçıq işlər Şabran Rayon Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilib:

“İşçi heyəti isə 3 nəfərdən ibarət idi. Bir usta, bir fəhlə və bir briqadir. Tikinti materialları isə 10-15 balaca kisə qum, iki-üç torba sementdən ibarət idi. Adi, kiçik maşının yük yerində gətirilirdi. Yəni bu boyda küçəyə nə yetərincə material, nə texnika, nə də işçi qüvvəsi ayrılıb. Halbuki bu iş Şabran Rayon İcra Hakimiyyətinin birbaşa göstərişi ilə edilib. Təmir Tikinti İdarəsinin briqadiri kimi özünü təqdim edən Qafar Qafarov adlı şəxsin bizə bildirdiyinə görə, oktyabrın 15- nə qədər həmin küçəyə asfalt örtüyü çəkilməli, səkilərə isə daş plitələr düzülməli idi. Üç günə görüləsi işi iki aya yaxın bir müddətdə guya gördülər. Lakin göz qabağında olan budur ki, nə asfalt örtüyü çəkilib, nə də səkilər düzəldilib. Bircə yarımçıq qalmış səkiləri saymasaq, düzələn heç bir şey olmayıb. Füzuli küçəsinin isə belə bərbad vəziyyətdə olmasının əsas səbəblərindən biri “gözdənuzaq”, “diqqətdənkənar” olmasıdır. Lakin 800 m-dən artıq uzunluğu olan Fizuli küçəsi rayonun ən uzun və ən qədim (1940-1950) küçələrindən biridir” – deyir, Şərqiyyə Məmmədova.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən həmin ərazinin yenicə təmir edildiyi söylənib:

“Həmin küçələr təmir edildi axı. Ola bilsin, son günlər yağıntının çox olması səbəbindən bir balaca su yığılıb. Ancaq əvvəlki vəziyyətindən qat-qat yaxşıdır”.

Ana səhifəBölgə”Müharibədən kino çəkmək istəyən təbii görüntü üçün Şabranın küçələrini seçə bilər”