”Müstəntiq məni əlil edən İran vətəndaşını himayə edir”

Cəlilabad sakini deyir, 1 aydır ki, qəzaya düşüb, ancaq qəzanı törədən şəxs məsuliyyətə cəlb olunmayıb

Source:


Cəlilabad sakini deyir, 1 aydır ki, qəzaya düşüb, ancaq qəzanı törədən şəxs məsuliyyətə cəlb olunmayıb

“Xəstəxanaya düşmüşəm, 1 aydır ki, müalicə olunuram. Azərbaycanda xəstəxanada 1 ay müalicə almaq nə deməkdir, yəqin bilirsiz… Soğan qabığı kimi soyublar bizi, ancaq məni bu vəziyyətə salan İran vətəndaşını yola salıblar ki, çıx get… Bir manat da əl tutmayıb mənə… Vəziyyətim ağır olaraq qalır. Maşınım tamamilə yararsız vəziyyətə düşüb, sığortapulu da ödənilmir. Çünki müstəntiq sığorta şirkətinə sığortaya görə “Forma-4” göndərməlidir. 1 aydır günü günə satır, göndərmir, maddi maraq güdür, açıq-aşkar deyir: “Bunda mənim marağım nədir?” İstintaq orqanı qəzanı törədəni açıq-aşkar himayə edir”.

TIR yolundan çıxdı, üstümə gəldi


Cəlilabad rayon sakini Məhəmməd Alıyev Meydan TV-yə danışır ki, 1 ay əvvəl avtomobili qəzaya uğrayıb. Ağır xəsarətlər alsa da, Biləsuvar Mərkəzi Xəstəxanasında xəsarətləri yüngül şəhadətləndirilib. Səbəbsə, istintaq orqanının hadisəni ört-basdır etməyə çalışmasıdır.

Məhəmməd Alıyev deyir, qəzaya oktyabrın 2-də Biləsuvar rayonu ərazisində düşüb. İran vətəndaşı Əli Səmid Niknamın idarə etdiyi “Hovo” markalı TIR öz yolundan çıxaraq onun idarə etdiyi avtomobillə toqquşub:

“Hadisə Əzizbəyov su kanalının üstündə – Bakı-Astara yolunun 110-cu km də baş verdi. Səbəb TIR sürücüsünün ötmənin məhdudlaşdırıLdığı yerdə, yəni körpünün üstündə yüksək sürətlə ötmə manevri etməsi idi. Qəza nəticəsində maşınım yararsız vəziyyətə düşdü, mən ağır bədən xəsarətləri aldım. Məni Biləsuvar rayon xəstəxanasına götürdülər. Dilimi, belimi, böyrəklərimi tikdilər. Cərrahiyə əməliyyatım saatlarla davam etsə də, nəticədə mənə yüngül xəsarətlər yazılıb. Əməliyyata görə də məndən 500 manat alınıb”.

Baş həkim məni zorla xəstəxanadan çıxartdı


Şikayətçi iddia edir ki, növbəti gün baş həkim onu zorla xəstəxanadan çıxarıb:

Məhəmməd Alıyev
Məhəmməd Alıyev


“Həmin vaxt özümdə deyildim və nə baş verdiyini anlamırdım. Anlamırdım ki, məni tələsik xəstəxanadan niyə evə yola saldılar… Sonra başa düşmüşəm ki, bu, müstəntiqin tapşırığı olub, mənə yüngül xəsarətlər yazılması da müstəntiqin tapşırığı imiş. Evdə vəziyyətim ağırlaşdı, dilimdə və başımda hematoma (xəsarətdən sonra qanın bir orqanda yığılması) yarandı, boğulmağa başladım. Biləsuvar xəstəxanası qəbul etmədi, ailəm məni Bakı Klinik Mərkəzinə götürməli oldu. Orada 10 gün müalicə aldım, vəziyyətim nisbətən düzələndə müalicəmi davam etmək üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yolladılar. Hazırda burda müalicə olunuram”.

Müstəntiq dedi, dur gəl, bu iş bitsin


Məhəmməd Alıyevin sözlərinə görə, oktyabrın 19-da müstəntiq Hakim Şahbazov ondan izahat alıb. Həmin günün ikinci yarısında isə adını bilmədiyi şəxs ona zəng vuraraq özünü yol polisi kapitanı kimi təqdim edib, “bu gün məhkəmədir və səni ora aparmağı mənə tapşırıblar”, – deyib:

“Dedim, mən cinayətkar deyiləm ki, sən məni məhkəməyə aparasan. Məhkəmə bildiriş göndərsin, özüm gedim. Üstəlik də, hələ müalicə olunuram. Danışığımız bitən kimi müstəntiq zəng vurdu, dedi, səndə heç nə yoxdur, yüngül xəsarət almısan, dur, gəl, bitsin bu iş…”

Dilimin, belimin tikilməsi, kəllə-beyin travmam sənəddə yazılmayıb


Məhəmməd Alıyevin sözlərinə görə, Biləsuvar xəstəxanasından verilən xəstəlik tarixçəsinə nə dilinin tikilməsini, nə belindəki tikişləri, nə də kəllə-beyin travması qeyd olunub: “Yalnız yüngül xəsarət aldığımı qeyd ediblər. Biləsuvar Rayon Ekspertiza Şöbəsinin rəyi də sifarişlə saxtalaşdırılıb. Halbuki, mən dilimdəki sinir zədələnməsinə görə ömürlük olaraq qüsurlu danışacağam”.


Şikayətçinin sözlərinə görə, avtomobilinə dəyən zərər 9 min 515 manatdır. Öz müalicəsinə isə 3 min manatdan çox pul xərcləyib. Onun Baş Prokurorluğa və başqa qurumlara yazdığı şikayətlərsə cavabsız qalıb.

Hər şeyi şişirdir


Biləsuvar Rayon Polis Şöbəsi Məhəmməd Alıyevin şikayətlərini əsassız hesab edib: “İsitntaq davam edir, qəzanı törədən İran vətəndaşından ifadə alınıb. Hər şey istintaqın sonunda məlum olacaq. Məhəmməd Alıyev mətbuata qərəzli müsahibələr verməklə müstəntiqin işinə təzyiq göstərməyə çalışır”.

Biləsuvar Rayon Xəstəxanasından isə bildirilib ki, Məhəmməd Alıyev müalicəsini Bakıda davam etdirmək üçün xəstəxananı öz istəyi ilə tərk edib: “Onda elə bir ciddi xəsarətlər də olmayıb, hər şeyi şişirdir”.

Məhəmməd Alıyevsə təkrar Baş prokurora, səhiyyə nazirinə və daxili işlər nazirinə müraciət edib.

Ana səhifəBölgə”Müstəntiq məni əlil edən İran vətəndaşını himayə edir”