Ağdam rayon sakini işsizlikdən gileylənir
“7 il Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ruhi Əsəb Dispanserində sanitar kimi işləmişəm. 2016-cı ilin payızında xəstəxanada ixtisarlaşma getdi, məni də işimdən kənarlaşdırdılar”.
Bunu Ağdam rayonu, Quzanlı qəsəbə sakini Sabir Məmmədov deyir. Söyləyir ki, məsələ ilə bağlı Ağdam rayonunun keçmiş icra başçısı Raqub Məmmədova müraciət edib.
“Lakin o, “mənlik deyil, göstəriş mərkəzdən gəlib. Maliyyə sıxıntısına görə yuxarıdan ixtisarlaşma gedir,” – dedi. Bundan sonra mən Prezident Adminstrasiyasına, Ombudsmana, Səhiyyə Nazirliyinə, təkrar Ağdam Rayon İcra Hakimiyyətinə, Ağdam Rayonu Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etdim, lakin bütün səylərim nəticəsiz qaldı”.
Ağdam 50 saylı Texniki Peşə Məktəbini həm dülgər, həm də elektrik montyoru kimi bitirən şikayətçi deyir ki, iş axtarmaq məqsədilə Ağdam Mədəniyyət Evinə, Dövlət Dram Teatrına, Subartezian İdarəsinə müraciət etsə də, müsbət cavab ala bilməyib:
“Nə məsələdirsə, bu boyda Quzanlıda mənə iş tapılmır. Hansı quruma gedirəm, bir bəhanələri var: diplomun yoxdur. Axı mən onlardan texniki iş istəyirəm, bunun üçün ali təhsil lazım deyil. Bir müddət öncə məni işlə əlaqədar Mənzil Kommunal Təsərrüfat Birliyinə çağırdılar. Orada da insanları Əmək Məcəlləsində göstərildiyindən də çox işlədirlər. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Fiziki ağır iş, üstəlik də normadan artıq iş saatı olduğuna görə razılaşmadım. Yəni səhhətimə görə müəyyən işlər var ki, edə bilmirəm. Revmatizm xəstəliyindən əziyyət çəkirəm. Bu xəstəlik də adamın fiziki iş qabiliyyətini, aktivliyini əlindən alır. Havalar soyuyan kimi ayağımda, oynaqlarımda kəskin ağrılar baş qaldırır. Böyrəklərimdə də problem var. Səhhətimə görə tikinti sahəsində işləyə bilmirəm”.
“Pulsuzluq bir yandan, xəstəliklər də o biri yandan, adamda əsəbilik, gərginlik yaradır”, – şikayətçi deyir:
“Ailəliyəm, azyaşlı bir oğlum var. Özümün şəxsi evim də yoxdur. Qardaşımın evində yaşayıram. Yoldaşımın təhsili olmadığından işləmir. Sabahın əsgəri böyüyən bir ailədə bu gün maddi cəhətdən sıxıntı varsa, gəlir daxil olmursa, adam kimi yaşaya bilmirsə, hansı vətənpərvərlikdən söhbət gedə bilər? Deyirlər ki, Azərbaycan gündən-günə inkişaf edir. Amma bir ailə başçısı iş tapa bilmirsə, hansı inkişafdan danışırlar? Qiymətlər gündən-günə kəllə-çarxa qalxır, dolanışıq çətinləşir. İstəyim budur ki, Ağdamdakı idarə və ya təşkilatların birində texniki işlə təmin olunum. Hər ay maaş alım, ailəmi dolandıra bilim”.
Ağdam RİH-dən Meydan TV-yə bildirilib ki, rayonda mütəmadi olaraq əmək yarmarkaları keçirilir:
“Bugünlərdə keçirilən növbəti yarmarkada yeni icra başçısı Vaqif Həsənov şəxsən iştirak edib. İdarə və təşkilatlara iradlarını, tapşırıqlarını verib. Ağdam (Bərdə) Rayon Məşğulluq Mərkəzinə qeydiyyatda olan hər bir kəsin qısa zamanda işlə təmin olunmasına göstəriş verib. Qısa zamanda işsizlər təyinatı üzrə işlə təmin olunacaq”.