Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir
Bu gün məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı ölkə prezidenti tərəfindən sərəncam imzalandı. Sərəncam nəticəsində siyasi məhbusların təqribən 15 faizi nisbi azadlığına qovuşdu. Novruz bayramı öncəsi təqsirsiz məhkum həyatı yaşayan şəxslərin hətta çox kiçik bir qrupunun nisbi azadlığa çıxmasını da müsbət hal kimi qiymətləndirir və hər birini təbrik edirik.
Bu təbriklərdən həm də siyasi məhbusların azadlığı uğrunda ardıcıl və prinsipial mübarizə aparan şəxslərə pay düşür.
Nisbi azadlığına qovuşan insanların sevincinə şərik olmaqla yanaşı, bunu nə onların, nə də demokratik toplumun qələbəsi saymaq olar. Çox istərdik ki, bir gün belə addımı hökumətin yanlış yoldan dönüşü kimi dəyərləndirək və təqdir edək. Lakin hələ də çoxsaylı təqsirsiz insanın həbsdə qalması mənfi hal kimi davam etməkdədir. Xədicə İsmayılın, İntiqam Əliyevin, İlqar Məmmədovun və AXCP-nin həbsdə olan rəhbərliyinin və üzvlərinin tam tərkibdə məhbəsdə qalması hökumətin müxalifətə və müstəqil şəxslərə münasibətini çox aydın ifadə edir. Elə son günlər təqsiri sübut olunmayan AXCP üzvü Məmməd İbrahimə hökm oxunması, təsirsizliyi hər kəsə bəlli olan araşdırmaçı jurnalist Rauf Mirqədirova şərti cəzanın kəsilməsi, REAL Hərəkatının sədri İlqar Məmmədovun barəsində Avropa Məhkəməsi qərarlarından başqa, Avropa Şurası Nazirlər Komitəsinin 6 qərar qəbul etməsinə baxmayaraq hələ də azad edilməməsi dediklərimizin əyani sübutudur. Ölkədə etimadlı ictimai-siyasi münasibətlərin yaranması naminə digər siyasi məhbusların da tezliklə azad edilməsi və geniş məhkəmə-hüquq islahatlarına başlanması olduqca zəruridir.
Sərəncamın yaratdığı ilk qənaət budur ki, hökumət normal ictimai-siyasi münasibətlərə zərbə vuran addımlarından tamamilə imtina etməkdə çox az maraqlı görünür. Lakin həm özünə, həm də topluma ağır zərbə vuran öncəki inadkarlığından qismən geri çəkilib. Sanki hökumətin hansısa üzvləri hər fürsət düşdükcə siyasi düşüncələrinə və fəaliyyətinə görə xoşlamadıqları şəxsləri qondarma ittihamlarla həbsə məhkum etməkdən həzz alırlar. Nəinki topluma, hətta demokratik beynəlxalq ictimaiyyətə də aydındır ki, xeyli sayda müxalif düşüncəli şəxslər təqsirsiz olduqları halda məhkəmə hökmü ilə cəzalandırılıblar və bu hal bu gün də davam edir. Məhkumluqdan daha çox girovluq həyatı yaşayan bu insanların bir müddət sonra hansısa geosiyasi və ya beynəlxalq münasibətlərə görüntü vermək məqsədilə “humanizm” nəticəsində “əfv” edilməsi praktikası da əfsuslar olsun ki, geniş tətbiq olunur. Hər il onlarla təqsirsiz insanın qondarma ittihamlarla həbs edilməsi və bir müddət sonra “əfv” edilməsi heç də toplumda və beynəlxalq arenada hökumətə qarşı rəğbət oyatmır.
Bu günlər dünyada baş verən hərbi-siyasi proseslər bütün anti-demokratik rejimlərə çox aydın mesajlar verib. İnsan hüquq və azadlıqlarının nümayişkəranə şəkildə təhlükəsizlik və iqtisadi maraqlara qurban verildiyi zaman artıq arxada qalıb. Xalqına demokratik seçim tanımayan bütün rejimlərin aqibəti bu mesajı dəqiq oxumalarına bağlıdır. Azərbaycanın beynəlxalq imici sürətlə pisləşməyə doğru gedir. Hökumətin sistemli və kütləvi hüquq pozmaları nəticəsində bir neçə nüfuzlu beynəlxalq hesabatlarda qeyri-azad ölkələrin sırasında yerimizi möhkəmləndirməkdəyik. Hökumət üzvlərinə və onların ailələrinə qarşı sanksiyaların tətbiqi çağırışları da getdikcə artmaqdadır. Göründüyü kimi, ölkədə çox qabarıq mövcud olan siyasi məhbus problemi həm daxili ictimai-siyasi duruma, həm də beynəlxalq münasibətlərə ciddi gərginlik gətirib. Dünyada mövcud olan anti-demokratik rejimləri davamlı olaraq ruhlandıran Rusiyanın geriləməkdə olan iqtisadi-siyasi durumu, beynəlxalq siyasətdəki aqressiv rolu getdikcə daha qabarıq aydınlaşmaqdadır. Bir tərəfdən idarəetmənin yaratdığı və getdikcə kəskinləşən sosial böhran, digər tərəfdən isə hüquq və azadlıqlara qənim kəsilməsi nəticəsində yaranan beynəlxalq təzyiqlər iqtidarı xeyli çətin dilemma qarşısında qoyub.
Hökumət vaxt itirmədən siyasi məhbus probleminin səbəblərini ortadan qaldırmağa siyasi iradə nümayiş etdirməlidir. Məhkəmələr müstəqil olmadıqca, ictimai-siyasi qurumlara normal şərait yaradılmadıqca, media və ifadə azadlıqları təmin edilmədikcə ölkənin nə daxilində, nə də beynəlxalq aləmdə hökumətə etimad olacaq. Öz vətəndaşlarının təməl hüquqlarına qənim kəsilən qeyri-azad ölkə kimi qalmaqda davam edəcəyik.
Kim zəmanət verə bilər ki, belə bir məhkəmə-hüquq sisteminin davam etdiyi və siyasi münasibətlərin qanunçuluğa söykənmədiyi ortamda sabah o həbsxanalara yeni təqsirsiz insanlar doldurulmayacaq?
Onsuz da iqtidar ölkədə qanuna və hüquqa məhəl qoymadan istədiyi hər şeyi etməyə qadirdir. Hələlik toplumun kütləvi şəkildə bu vəziyyətə əks reaksiyası yoxdur və əksəriyyət insanlar sanki bu vəziyyətlə barışıb. Həmçinin beynəlxalq tələblər də hökuməti geri çəkilməyə məcbur edəcək qədər kəsərli deyil. Kimi istəsələr həbs edirlər, kimi istəsələr “əfv” edirlər. Hakimiyyətin güc üzərində hegemonluğunun nə qədər davam edəcəyini proqnoz etməsək də, Azərbaycanın çağdaş tarixinin ən utanc gətirən ləkəli səhifəsi kimi yazılacağına qətiyyən şübhəmiz yoxdur. Təəssüf ki, son illər ölkə daxilində haqqın, hüququn, barışın, həmrəyliyin ayaq altına atıldığı, zorun mütləq qalib olduğu bir dövr kimi yaşamaqdayıq.
Ölkə vətəndaşlarının hüquq problemləri beynəlxalq masalarda bu qədər geniş müzakirə olunmamalıdır. Onu geniş siyasi və hüquqi islahatlarla ölkə daxilində həll etmək lazımdır. Öz təməl hüquqlarını demokratik yolla istəyən vətəndaşlarla zorakılıq, həbs dilində danışmaq heç bir dövlətə nüfuz gətirməyib.