DİN Murad Ədilovun həbsində siyasi motiv görmür (yenilənir)

Natiq Ədilov: “Sabirabad polisində verilən ciddi işgəncələrə baxmayaraq, qardaşım iradəsi əleyhinə ifadə verməkdən imtina edib”

Source:


17.00 Vəkil Yalçın İmanov Murad Ədilovla görüşə bilməyib. Meydan TV-yə bu barədə məlumat verən vəkil deyib ki, o,

order təqdim etsə də, müxtəlif səbəblər gətirərək müvəkkili ilə görüşə şərait yaratmayıblar. “Mənə Murad Ədilovla görüşməyimə imkan vermirlər. Bunu belə əsaslandırırlar ki, işin istintaqını aparan Hacı Əfəndiyev idarədə yoxdur. Mənə dedilər ki, avqustun 13-də gəlin. Biz deyilən gün yenə də cəhd edəcəyik ki, Murad Ədilovla görüşüb, vəziyyəti haqqında məlumat əldə edək”.

Təqsirləndirilən şəxsin qardaşı Natiq Ədilov isə hesab edir ki, qardaşı ilə görüşə imkan verilməməsi,  bədənindəki  işgəncə izlərini gizlətmək üçündür.


***


Natiq Ədilov: “


Sabirabad polisində verilən ciddi işgəncələrə  baxmayaraq, qardaşım iradəsi əleyhinə ifadə verməkdən imtina edib”

Avqustun 11-də həbs olunan AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilovla bağlı olaya DİN aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya bildirib ki,  Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Xəlfəli kənd sakini Murad Ədilovdan 114,2 qram həşiş və 7,4 qram marixuana aşkar edilərək götürülüb.

“Murad Ədilovun yaşadığı evə baxış zamanı isə 685 qram marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir” – deyə xidmət əməkdaşı Zahidov bildirib.

E. Zahidov M. Ədilovun həbsinə siyasi don geyindirməyi doğru hesab etmir: “Murad Ədilov konkret cinayət faktına görə tutulub. Buna siyasi don geyindirmək düzgün deyil. Ortada cinayət faktı var və o, bu fakta görə məsuliyyətə cəlb olunub”.

Natiq Ədilov Facebook səhifəsində DİN mətbuat xidmətinin əməkdaşının yazdıqlarına reaksiya verib: “Qardaşım Murad Ədilova artıq DİN rəsmi ittihamı elan elədi. Birmənalı ittihamı rədd edirik. Qardaşımın, bizim ailənin bu cür işlərlə yaxından uzağa heç bir aidiyyatı yoxdu. Bu, Azərbaycanı idarə edən kriminal korrupsiyaçı rejimin adını özgəyə qoymasıdır. İşin mahiyyəti ilə bağlı geniş açıqlama olacaq.

Bu vaxta qədər hələ də qardaşımın evlə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməyib. Onun müdafiə hüququ ciddi formada pozulur.

Aldığım məlumata görə, ötən gecə Sabirabad polisində verilən ciddi işgəncələrə (yoldaşını və  hadisə günü bizim evdə qalan hamilə bacımı polis idarəsinə gətirmək ) baxmayaraq, Murad iradəsi əleyhinə ifadə verməkdən imtina edib. Tərtib edilən aktı imzalamayıb”.

Natiq Ədilov deyir ki, qardaşının Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxladığı haqda məlumat alıb: “Onun taleyindən narahatıq. Azadlıqda qalan çox az hüquq müdafiəçisi və vəkillərdən, ölkəmizdəki diplomatik korpusdan Muradın ordakı vəziyyətini diqqətə almağı xahiş edirəm”.

Ana səhifəXəbərlərDİN Murad Ədilovun həbsində siyasi motiv görmür (yenilənir)