“Məmurların gəlirləri barədə bəyannamə anketləri hələ hazırlanmayıb”.
İyulun 17-də Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2014-cü ilin birinci yarısında korrupsiyaya qarşı görülmüş işlərlə bağlı mətbuat konfransı keçirib. Tədbirdə həmçinin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
Kamran Əliyev ilin birinci yarısında vətəndaşların 1603 müraciətinə baxıldığını, 169 cinayət xarakterli material araşdırıldığını deyib: “Bu materialların 53 faizi üzrə cinayət işi başlanıb. “Qaynar xətt” əlaqə mərkəzinə isə 2864 müraciət daxil olub. Müraciətlərin isə 9-u üzrə cinayət işi başlanıb”.
O, idarənin istintaq şöbəsində birinci yarım ildə 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərildiyini söyləyib: “Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs 25 iş dələduzluuq və digər faktlarla bağlıdır”.
“Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manat və ya 50,6 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakı üzərinə həbs qoyulmaqla ödənilməsi üçün tədbirlər görülüb”-Kamran Əliyev belə deyib.
Onun sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı və ya məlumatı ilə 82 nəfər vəzifəli şəxs cəzalandırılıb.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov ölkədə korrupsiya sahəsində işlərin gücləndirilməsi üçün tədbirlərin davam etdirildiyini bildirib. O, bu arada əhalinin etimadını qazanmış “Asan” Xidmətin fəaliyyətini və bu sahənin genişləndirilməsi istiqamətində aparılan işləri qeyd edib. “Bütün dövlət qurumları elektron xidmətləri genişləndirir və internet səhifələrində fəaliyyətləri ilə bağlı hesabatlar dərc edir”, deyə o qeyd edib.
V.Hüseynov həmçinin qanunvericilik sahəsində dəyişikliklərdən və milli fəaliyyət planınin icrasından danışıb.
O, suallara cavabda vəzifəli şəxslərin korrupsiya və ya rüşvət faktları ilə bağlı hökumət orqanlarına müraciət edən şəxslərin hüquqlarının qanunla qorunacağını bildirib. “Yaxın zamanda bununla bağlı qanunvericiliyə dəyişikliklər ediləcək”.
V.Hüseynov suallara cavabda məmurların gəlirləri barədə bəyannamə anketlərinin hələ də hazırlanmadığını bildirib. “Ümid edirəm ki, Nazirlər Kabineti yaxın zamanda anket nümunələrini hazırlayacaq. Biz bununla bağlı məktubla Nazirlər Kabinetinə müraciət etmişik”.