Karl Bild: “Onlar neftdən gələn gəlir üzərində siyasi avtoritarizm qurur və bu, bizim üçün problemlər yaradacaq”
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev: “İsveçin xarici işlər naziri Karl Bildtin avtoritarizmin nə olduğunu əsla bilməməsi çox təəccüblüdür”
İsveç XİN rəhbəri Karl Bild Vaşinqtonda ciddi bəyanat verərək, avtoritar rejimlə əlaqədar Azərbaycan hakimiyyətinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak etmək istəyində səmimi olduğuna şübhə ifadə edib.
“Azərbaycan xüsusi bir tarixdir. Onlar neftdən gələn gəlir üzərində siyasi avtoritarizm qurur və bu, bizim üçün problemlər yaradacaq” –deyə o, ötən həftə Vaşinqtonda çıxış edərkən bildirib.
Atlantlik Şurada çıxış edən Bild qeyd edib ki, “Şərq Tərəfdaşlığı” proqramı 2008-ci ildə qəbul edildiyi dövrdə olduğundan daha ciddi təhlükələrlə qarşılaşır.
Gürcüstan, Moldova və Ukrayna fəal şəkildə irəlilədiyi halda Ermənistan Gömrük İttifaqına qoşulmağı qərara alıb. Lakin Yerevanın xüsusi bir seçimi yox idi “və Moskvaya çağırıb seçim qarşısında qoydular. Onları məcbur etdilər” – XİN rəhbəri belə deyib.
Belarusla bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır, bu ölkə Rusiyanın enerji resurslarından çox asılıdır, baxmayaraq ki, belaruslar ümumilikdə Rusiyanın siyasətinə mənfi münasibət göstərir.
Hazırda Rusiya Qərb dəyərləri üçün ciddi təhlükə olaraq qalmaqdadır və Ukraynaya qarşı təcavüz ehtimalını istisna etmir, “Lakin bu, hazırki Rusiyanın sonu olardı”- Bild söyləyib.