“Belə bir ziyalının uydurma ittiham ilə həbs olunmasına imkan verilməsi dövlətimizin ziyalılara göstərdiyi qayğıya hörmətsizlik olar”.
Hüquq müdafiəçiləri Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsində prokurorun “Kamil Vətəndaş” maarifləndirmə mərkəzi ictimai birliyinin sədri, fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynliyə qarşı 7 il azadlıqdan məhrumetmə cəzası istəməsindən narahatlıqlarını ifadə edirlər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə ünvanlanan müraciətdə hüquq müdafiəçiləri bildirib ki, məhkəmə zamanı zərərçəkmiş qismində çıxış edən Arzu Qəhrəmanov heç bir sübutla çıxış edə bilməyib, məhkəmə yalnız onun ifadəsinə əsaslanaraq qərarın qəbul olunmasına rəvac verib: “H.Hüseynlinin hüquqlarının müdafiə edən vəkilin məlumatına görə, A.Qəhramanov bir neçə işdə yalançı şahidlik etməklə məşğul olub. Təbii ki, belə imicə malik olan şəxsin verdiyi ifadələr ədalət məhkəməsi üçün əsaslı sayıla bilməz və ondan irəli gələn bütün nəticələr şübhəlidir”.
Müraciətin sonunda bildirilir: “Hörmətli Elmar müəllim! Hamıya bəllidir ki, Gəncə şəhərinin 2016-cı ildə Avropanın gənclər paytaxt seçilməsində şəhər sakinləri, avropada təhsil alan gənclərin rolu danılmazdır. Xüsusən bu işdə H.Hüseynlinin rəhbərlik etdiyi təşkilatın və şəxsən onun özünün əməyi daha böyükdür. Son 15 il ərzində Gəncə şəhərində maarifçilik tədbirlərinin həyata keçirilməsində, istər dövlət strukturları, istərsə də beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında onlarla savadlı gəncin iş tapıb çalışmasında və onların təhsilinin dünyanın bir çox tanınmış universitetlərində davam etdirməsində, Gəncədə kifayət qədər hörməti olan bir alim və ziyalı H.Hüseynli əvəzssiz xidmətlər göstərib. Məhz belə bir ziyalının uydurma ittiham ilə həbs olunmasına imkan verilməsi və bu xoşagəlməz hadısənin Gəncə şəhərində baş verməsi dövlətimizin ziyalılara göstərdiyi qayğıya hörmətsizlik olar”.
Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Əvəz Həsənov imzalayıblar.