Azərbaycan rusiyalı jurnalistləri və media ekspertini beynəlxalq axtarışa verib

Foto: By Tang Yan Song/Shutterstock

Azərbaycan iki rusiyalı jurnalist və bir media eksperti barədə həbs qətimkan tədbiri seçib və onları beynəlxalq axtarışa verib.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, “Moskva 24” telekanalının aparıcısı və jurnalisti İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov və televiziya jurnalisti Aleksey Çadayev iyulun 14-də Uralovun “YouTube” kanalında yayımlanan “Чистота понимания” verilişində Azərbaycana qarşı zorakılığa, konstitusiya quruluşunun dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına çağırışlar səsləndiriblər.

Prokurorluq bildirir ki, həmin çıxışlarda milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlar da olub.

Baş Prokurorluq deyir ki, avqustun 13-də həmin “YouTube” kanalında yayımlanan başqa bir verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə olunmasına çağırışlar səsləndirilib. Qurumun məlumatına görə, verilişdə ayrı-ayrı şəxslərin “birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması” barədə fikirlər də səsləndirilib.

Qurumun məlumatına görə, həmin çıxışlarda “terrorçuluğa açıq çağırışlar” edildiyinə dair əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorun qərarı ilə Uralov, Knyazev və Çadayev Azərbaycan Cinayət Məcəlləsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlar terrorçuluğa açıq çağırış, dövlət əleyhinə yönələn açıq çağırış və milli nifrət və düşmənçiliyin salınması ilə bağlı ittiham olunurlar. Həmin şəxslər Azərbaycanın hüdudlarından kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirib ki, onlar “tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması” məqsədilə aidiyyəti dövlət qurumlarına müraciətlər edilib.

Qurum həmçinin onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görüldüyünü açıqlayıb. Cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilir.

Ana səhifəSiyasətAzərbaycan rusiyalı jurnalistləri və media ekspertini beynəlxalq axtarışa verib