AbzasMedia-nın həbsdə olan direktoru Ülvi Həsənli saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində lazımi tibbi yardımla təmin olunmur.
Yaxınlarının AbzasMedia-ya verdiyi məlumata görə, Ülvi Həsənli xəstələnsə də, müəssisənin tibb məntəqəsində ona uyğun müalicə təyin edilmir.
Onlar tibb məntəqəsinin rəisi İlqar Paşayevin Həsənliyə xəstəliyinə uyğun dərman yazmadığını və əvəzində başqa preparatlar verdiyini iddia edirlər.
“10 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsinin rəisi İlqar Paşayev Ülvi Həsənli xəstələndiyi halda ona dərman yazmır, xəstəliyə aidiyyəti olmayan ucuz dərmanlar verir. Ailə həkimindən maraqlandıqdan sonra öyrəndik ki, verilən penisilin bu xəstəlik üçün nəzərdə tutulubsa, ən azı 20 ədəd verilməlidir. Ülviyə isə cəmi üç ədəd verilib. Ülvi penisilini geri qaytarıb və həkimdən xəstəliyini müalicə edəcək dərman istəyib. İlqar Paşayev isə ona “pulunu ver, al” deyib. Dərmanları xəstələrə yazılmış kimi qeyd edib satır”, – yaxınları bildirib.
Bu açıqlamaya aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.
Son vaxtlar həbsdə olan ayrı-ayrı ictimai fəallar, müxalifətçilər tez-tez lazımı müayinə və müalicədən məhrum qaldıqlarını açıqlayırlar.
Penitensiar Xidmət daha əvvəl məhbuslarla rəftar və saxlanma şəraiti ilə bağlı şikayətlərə cavablarında müəssisələrdə məhkumların hüquqlarının qanunvericiliyə uyğun təmin edildiyini bildirib.
AbzasMedia-nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra “Abzas Media işi” çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin AzadlıqRadiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar. Ülvi Həsənli və iş üzrə təqsirləndirilən digər şəxslərə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il iyunun 20-də hökm çıxarıb. Hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Apellyasiya və kassasiya instansiyaları hökmü qüvvədə saxlayıb.
Beynəlxalq media və insan hüquqları təşkilatları “Abzas Media işi” üzrə həbsləri Azərbaycanda müstəqil mediaya təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirirlər.