Bir daha “öz yolumuz var” tezisi haqda

Növbəti faciə hamını möhkəmcə silkələdi…

Source:

Artıq neçə gündür İsa Şahmarlının intiharı ilə bağlı mübahisələr səngimək bilmir. Gənc bir insanın, özü də cinsi azlıqların nümayəndəsinin özünə beləcə nümayişkəranə qəsdi cəmiyyəti təlatümə gətirdi, çalxalanan dalğalarda sanki dənizin diblərində gizlənmiş varlıqlar özünü aşkar etdi, dışarı çıxası oldu. Və burada məsələ əsla bəzilərinin təqdim etmək istədiyi kimi, cinsi azlıqların haqları-falan konusu deyildi.

Məlum oldu ki, cəmiyyətin daxilində ölkənin, xalqın gələcəyi ilə bağlı çox böyük bir uçurumlar var. Uzun illər Avropadan-falandan danışan adamların bir çoxunun bu müzakirələrdə sanki simasının o biri tərəfini görmək imkanı nəsib olmuşdu. Hətta uzun illər Avropada yaşamış, bu səbəbdən də Azərbaycanı zatən tanımayan, ingilisi bülbül kimi cəh-cəh vuran adamlar belə AzTV-nin, “ziya(n)lılar”ın uzun qərinələr hazırladığı “bizim böyük mədəniyyətimiz var” mövzu-tələsində diskussiyalar açdılar. Ən ardıcıl demokratiya-falan tərəfdarları “kültür fərqləri”, orientalizm konusundan bəhs etməyə başladılar. Maraqlı da burasıdır ki, bu zaman apellyasiya etdikləri əslində onların tam əleyhidarları – Mirzə Cəlil, Üzeyir bəy, Sabir kimi klassiklərimiz idi.

Sonuncusu bəlli – Axundovdan başlayaraq keçən əsrin birinci yarısına qədər mümkün olmayanı edə bilmiş bu fiqurlar bizim cəmiyyət üçün çoxdan etdikləri missiyanın, gördükləri işin mahiyyətindən tamamilə kənar olaraq, sadəcə ölü bütlərdir. Onların isminə hamı apellyasiya edir – “ziya(n)lı” da, rüşvətxor da, cəllad da, polis də, korrupsioner də, pop-kahin də. Onların adını mantra kimi təkrarlamaq, nəsə bir cəfəngiyat, hətta olmazın gerizəkalılıq nümayiş etdirib, sonda: “Allah sənə rəhmət eləsin Mirzə Cəlil” demək, buddizmdə işlədilən koan kimi bir şey olub. Hamısı işlədir. Amma bunu işlədib də, etdikləri işlərin, göstərdikləri yolun əksini getmək tövsiyəsini – bunu Avropada uzun illər yaşamış və oraya inteqrasiya etmiş soydaşlarımızdan gözləmirdim. Görünür AzTV-nin nə olduğu onlara bəlli deyilmiş ki, onun zəhərli ampulalarının, iynələrinin necə dərin işlədiyini bilmirlər (lütfən heç kim deməsin mən AzTV-yə baxmıram-zad, söhbət televiziyadan getmir, AzTV televiziya deyil, inam-idrakdır, mütləq həqiqətləri özündə ehtiva edən sufi ordeni kimi bir şeydir, burda söhbət artıq inancdan, dərin metafizik qatlardan gedir).

Adamlar müzakirələrdə iddia edirdilər ki, “bizim öz yolumuz var” və bu yol Avropadan fərqlənirmiş. Bizim dediklərimiz isə primitivdir və sadələşdirmədir. Adamlara demək olmur ki, kültür haqda bizdə bu konuda daha bəlağətli danışanlar var, sizin ingiliscə bunları təkrarlamanız plagiatdır. “Bizim öz yolumuz var” mantrasını istənilən tarçı-muğamçı, şair/polis-prokuror, rüşvətxor-inkvizitor, pop-kahinə, elə lap gay tayfasının özü necə lazımdı və kimə lazımdı başa salar. Nizamidən-Füzulidən, tardan-muğamdan, milli adət-ənənəmizdən, dolmadan-xonçadan, butadan-gəraylıdan gərəyincə dəm vurar, üstündən də “9 iqlim”, hələ daha güclüləri “Şərqdə ilk opera”dan da danışar (“ilk respublika” havası hazırda məlum səbəblərdən dondurulub), yaxşı o zaman siz nəyə gərəksiz burda?

Doğrudan da mat qalmamaq olmur – necə ola bilər ki, zamanın çoxdan həll etdiyi məsələni biz beləcə “müzakirə” edirik? Yəni biz buncamı arxaik cəmiyyətikmi? Axı zaman göstərdi ki, bəşər inkişafının çoxlu, “özünəməxsus” yolları yoxdur. Hər şey təkamüldən, cəmiyyətin modernizasiyasından keçir ki, burda da velosiped ixtirasına ehtiyac yoxdur. Modern cəmiyyətin çəkiciliyi də aksiomadır, 80/90-larda bizim cəmiyyətin Türkiyə heyranlığı onların o zaman bizimlə müqayisədə nisbi inkişafı idi. Hazırda azərbaycanlıların bihuş olduğu yaponlar da vaxtilə Meici inqilabını etməsəydilər indi monqolların tayı idilər.

“Alternativ sivilizasiya” axtarışları çoxdan başlamışdı, ilk öncə elə Avropanın özündə – XIX əsrdə orientalizm estetik istiqamət kimi incəsənətdə kulminasiyasına yetmişdi, sonra isə sivilizasion fərqlər harqa bir çox müəllif bəhs etdi. Spengler, Berdyayev, Genon, Qumilyev və s. -az qala bütün XX bu mübahisələr fonunda keçdi. XIX əsrdə Rusiyanın müstəsna genişlənməsi ilə bağlı olaraq bu iş orada xüsusi vüsət almışdı. Bununla bağlı rus incəsənətində “русский восток” adlı xüsusi bir istiqamət də yaranmışdı. Hərdən bunlar indi gülməli görünür, belə ki, rus bəstəkarı Miliy Balakirevin «Исламей» adlı bir piano pyesi var, hazırda onu qısa ətəkli rus xanımlar filarmoniyada-zadda ifa edəndə istər-istəməz bu gülüş doğurur. Mahiyyətdən xəbəri olmadan kənardan baxış -əsil orientalizm budur. Eynən bizim Avropada yaşayan soydaşlarımızın ingilis dillində “bizim öz yolumuz var” konusunun müzakirəsi kimi.

Lakin 91-ci ildə bu “Alternativ sivilizasiya” işin onurğa sütununun – sovetlərin çökməsi ilə məsələnin sonunda artıq yağlı bir nöqtə qoyulub. “Alternativ” söhbətinin yalnız qalıqları qaldı – Kuba, Şimali Koreya, Əfqanıstan, Somali kimi. Bitdi. Yoxdur heç bir alternativ. Avropa hansısa qitə deyil, dəyərlər toplumudur. Bütün bəşəriyyət ən yeni ideyaları, müasir texnologiyalari, təhsili, ən adi məişət texnikasını, tibbi, kinonu, dəbi, üzqırxana qədər kosmetikanı qərbdən alırsa necə ola bilər ki, ictimai və kültür modellərindən vaz keçilsin?

Bu təfəkkürlə müzakirə iştirakçıları XX əsrin əvvəllərinin maarifçilərini, isimlərini çəkdikləri Mirzə Cəlili, Haqverdiyevi primitivist, orientalist adlandırar, folkloru mədəniyyət adına çıxar, Sabirə “o boyda qəzəl məktəbini qoyub boşbağızlılar məşğul olur” deyər, Üzeyir bəyə isə bolluca lağ edərdilər – buna bir bax, o boyda muğam dura-dura hansısa “opera” yazır, demi?

Əslində bunlar o zaman da mövcud idi, malesef çox az vurğulanır ki, “Molla Nəsrədin”lə eyni ildə “Füyuzat” adlı, faktiki ona alternativ olmaq istəyən jurnal da təsis edilərək klassik poeziya, qəzəl-falan təbliğ etmək cəhdində bulunub, lakin cəmi bir ildən sonra bu istiqamət süqut etmişdi. Çünki bu ölü bir yol idi və dalana dirənərək təlabatsız qalmışdı. Cəmiyyət nə qədər dirənsə də modernə, yenilənməyə möhtac idi, və bu tələb həmin maarifçilər təbəqənisini doğurmuşdu.

Kültür, sivilizasion proseslər çox mürəkkəb nəsnədir, bu qədər sadə, “primitiv” deyil, deyirsiz dostlar? Bu mürəkkəb nəsənənin çox sadə formulasını cəmiyyətə anlatmaq necə bəs, çox asandırmı? Cəmiyyətin inkişaf istiqamətini dürüst anlaması üçün Platondan Hegelə kimi, Nietzschedən başlamış Heideggerə kimi, Spenglerdən Bodriyara kimi, Rimski-Korsakovdan başlamış Fərəc Qarayevə kimi zırpı bir söhbət açmalıyıq sizcə? Akademik söhbətlərə ehtiyacınız var, doğrumu anlayıram?

Əslində isə bu “bizim öz yolumuz var” lozunqu indiki hakimiyyətdən çox xoş gələn və hazırkı idarəetməyə tamamilə uyğun bir konudur – bunu da görməyən göz kor olsun gərək.

Nəsə, əslində bunlar mənasız söhbətlərdir, bizim camaat öz gəlir-çıxarını yaxşı bilir əziz dostlar – bircəciyinin bir xəstəliyi olsa haman qərbə qaçar, övladlarına qərbdə təhsil verər, gəzməyə də əsasən Avropaya gedər (bunlar imkanlı təbəqələrdir), qalanlar da miqrasiyanı məhz qərbə edir. (“Öz yolunu” tapmış ölkələrə tərəf heç gedən-falan yoxdur.) Qərbin texnologiyalarından bolluca həzzlə istifadə edir, təyyarələrində uçun, ən müasir texnologiyalarına baş vurur, kinolarına tamaşa edib müzakirə edir və s. Odur ki, bu cəmiyyətə yarınmaq cəhdini heç etməyiniz, bunlar öz xeyirlərini əla bilir, bunların yeganə dərdi saxtakarlıqdır. Saxtakarlıq edən bu cəmiyyətdə özünü suda balıq kimi hiss edəcək – istər heteroseksual olsun, istər homoseksual, hətta istəsə metroseksual da ola bilər – öz işidir.

İndi bizim cəmiyyətin əsas bəlası məhz bu “alternativ” iddialı saxtakarlıqdadır, daha “avtomobil minməyiriz” problemində deyil. Zaman göstərdi ki, bunların elə ən qorxulusu o “avtomobil minənləri”, yəni Sabiri və başqa maarifçilərimizi sadəcə istehlakçılığın təşviqatçısı kimi anlayanlar imiş.

İsa Şahmarlını isə cəmiyyətdəki olmazın basqı, bir də anladığım kimi heyranı olduğu, tez-tez baxdığı filmin baş qəhrəmanının taleyinin təqlidi də burda rolunu oynayıb. Azərbaycan kinosunun hazırda mövcudsuzluğu, heç bir şansının olmaması cəmiyyətdəki arxaik ictimai quruluşla şərtlənib. Feodalizmdə kino ola bilməz əzizlərimiz, çünki kino sırf texniki açılış deyildi, həm də təkamülün inkişafının nəticəsi idi. Bizdə bu hələ baş vermədiyi üçün mümkün deyil.

P.S. Əslində bu tərəfdən baxsan doğrudan da bizim “öz yolumuz var” – çağdaş dünyada prinsipcə unkial hadisələrdən birini – qatı sağçı homoseksualları yaratmışıq.

Ana səhifəMənim FikrimcəBir daha “öz yolumuz var” tezisi haqda