Seymur Həzi həbs edildi(VİDEO)

 Avqustun 29-u “Azərbaycan saatı” verilişinin aparıcısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Həzi Abşeron Rayon Polis  Şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Bu barədə Meydan Tv-yə onun vəkili Elton Quliyev məlumat verib: “Üç gün  əvvəl söhbətimiz olmuşdu, ondan da bir ay qabaq söhbətimiz olmuşdu. Məlumatı var idi ki, həbs olunacaq. Özünə xəbərdarlıq etmişdilər.  Küçədə gedəndə, bir nəfər gəlib, salamlaşıb, deyib ki, sənə “Facebook”da yazıram, cavab vermirsən. O  da deyib ki, ola bilər, texniki məsələdir. Mesajların bəzilərini görmürəm. Elə bu kəlimədən sonra o, Seymur Həziyə zərbə endirməyə başlayıb. O da  özünü müdafiə etmək üçün əlindəki şüşə qabla onun başına vurub. Sonra hadisə yerindən uzaqlaşmaq istəyirmiş, Post Patrul Xidmətinin əməkdaşları gəlib, onu bura gətiriblər”.

AXCP-nin mətbuat katibi Natiq Ədilovun sözlərinə görə, jurnalist hələ bir neçə gün öncə, tutulacağını bilirmiş: “Sadəcə biz ona görə bu məsələni ictimailəşdirmədik ki, qorxu-xof məsələsi yaranmasın”.

S. Həzinin də əməkdaşı olduğu “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də deyir ki, bu həbs gözlənilən idi: “Açığını deyim ki, Seymur Həzinin həbsi məni təəccübləndirmədi. Çünki son aylar hakimiyyət ölkədəki repressiyaları hədsiz dərəcədə sərtləşdirir. Bu baxımdan Azərbaycan jurnalistkasının, publisistikasının ən parlaq nümayəndələrindən biri, böyük intellekti ilə hamının rəğbətini qazanmış Seymur Həzinin həbsi  heç bir təəccüb doğurmur. Həm də ona görə ki, Seymur Həzi Azərbaycan hakimiyyətini siyasətini ən kəskin, ən sərt şəkildə tənqid etmiş şəxslərdən biri idi. Bütün bunlar əlbəttə ki, indiki reallıqlar şəraitində Seymur Həzinin həbsini labüd edirdi”.

 Seymur Həzi 2011-ci ildə evinin yaxınlığında oğurlanıb, başına torba keçirilərək döyülmüşdü. Hadisə ilə bağlı açılan cinayət işində təqsirləndirilən şəxslərin istintaqa cəlb edilməməsi ilə bağlı jurnalist hüquq-mühafizə orqanlarından məhkəməyə şikayət etmişdi. Amma hadisədən 3 il keçsə də heç bir nəticə əldə olunmayıb.

Ana səhifəVideoSeymur Həzi həbs edildi(VİDEO)