AXCP-nin zirzəmisdində partlayış olub

Partiyanın zalı zədələnib. Hadisə qərərgahın zirzəmisindəki bərbərxanada baş verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizində partlayış baş verib. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov özünün Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Nəticədə qərargahın zalına zədə dəyib: “Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik”. O, partlayışın səbəbinin hələlik bəlli olmadığını əlavə edib: “Bizdən soruşurlar ki, baş verən hadisə nədir? AXCP-yə qarşı terror xəbərdarlığı, AXCP-ni qərargahdan çıxarmaq üçün düşünülmüş bəhanə, qərargahın sahibini qorxutmaq cəhdi, yoxsa həqiqətən də AXCP-yə aid olmayan zirzəmidə hansısa təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş vermiş təsadüfi partlayışdır? Hazırda özümüz də bu sualların cavabını bilmirik. Amma əminik ki, tezliklə dövlət orqanlarının baş vermiş hadisəyə münasibətindən aydın olacaq ki, partlayış necə və niyə baş verib, İlham Əliyev demişkən, bu partlayışın baş verməsi kimə lazım imiş?”.

AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov Meydan TV-yə deyib ki, bu hadisə gözlənilən idi. “Son vaxtlar cəbhəçilərin kütləvi həbs olunması partiyaya qarşı hakimiyyətin kampaniyaya başladığını göstərirdi. Bu partlayışı hakimiyyət nümayəndələri təşkil ediblər. Yerin sahibinə deyiblər ki, partiyanı qərargahdan çıxarın, yoxsa sizə problem yaradacağıq”.

H. Kərimov deyib ki, qaz balonu çoxdan orada qalıb. Amma balonun içində qaz olmayıb. Ona görə şübhəli məqamlar bu istiqamətdə araşdırılmalıdır.

Qeyd edək ki, olayla bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Nəticədə bərbərxananın konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub. “Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb” məlumatda belə deyilir.

Ana səhifəVideoAXCP-nin zirzəmisdində partlayış olub