Ziya Kazımov

Source: Facebook

Caption: Ziya Kazımov

Şuşa döyüşlərində yaralanıb, az sonra həbs edilən mayor ev dustaqlığına buraxıldı

Ziya Kazımov 2017-ci ildə “Tərtər işi” üzrə dindirmələrə cəlb olunan şəxslərə işgəncə verməkdə təqsirləndirilir

Şuşa uğrunda döyüşlərin fəal iştirakçılarından biri, hərbi hospitalda müalicə olunarkən həbs edilən mayor Ziya Kazımov fevralın 24-də ev dustaqlığına buraxılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, Bakı Hərbi Məhkəməsi Ziya Kazımovun vəkilinin vəsatətini təmin edib. Onun barəsində elə həmin məhkəmədə noyabrın 9-da seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib.

Təqsirləndirilən mayorun vəkili Bəhruz Bayramov da Meydan TV-yə məlumatı təsdiqləyib. Vəkil bildirib ki, qərarı hakim Camal Ramazanov çıxarıb.

Vəkil bildirib ki, Ziya Kazımov müharibədə ciddi xəsarət alıb, onun indi də müalicəyə ehtiyacı var: “Yəqin ki, evdə bir az dincələndən sonra müalicə üçün xəstəxanaya aparılacaq”.

Ziya Kazımov 2017-ci ildə “Tərtər işi” üzrə dindirmələrə cəlb olunan şəxslərə işgəncə verməkdə təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, onun verdiyi işgəncə nəticəsində həyatını itirən də olub. Ona qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133-cü (əzab vermə) maddələrilə ittiham irəli sürülüb.

Ziya Kazımov özünü təqsirli bilmir. Onun ailə üzvləri də prezidentə müraciətdə bu ittihamların əsassız olduğunu, Tərtər hadisələrindən sonra ötən 4 il ərzində onun vəzifədə irəli çəkildiyini, rütbəsinin artırıldığını vurğulayıb.

Ziya Kazımov 19 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi xidmət edib.

Şuşa ətrafındakı yüksəkliklər alınarkən mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıq (sol ayaq, sağ və sol əl barmaqlarında) xəsarətləri alıb. O, şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılaraq, hospitala çatdırılıb. Noyabrın 9-da hospitaldan prokurorluğa dindirməyə aparılıb. Daha sonra hərbi prokurorun müavininin təqdimatı əsasında Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasov onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmasi haqda qərar çıxarıb.

Ziya Kazımovun həyat yoldaşı prezidentə müraciətlərində yazırdı ki, o, həbs olunduğu gün prokurorluqda psixoloji təzyiqləyə məruz qalıb, “vətənə xəyanət” ittihamıyla hədələnib. İttihamda yazılanlarla razılaşmadığına görə sənədləri də imzalamaqdan imtina edib.

Şərti olaraq, “Tərtər işi” adlandırılan cinayət işi son dövrlərdə ölkədə ən səs-küylü hadisələrdən biri oldu. Rəsmi qurumların yaydığı açıqlamada iddia olunur ki, bu iş üzrə həbs edilən hərbçilər Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə həbs olunub.

Təqsirləndirilən və 15-20 il həbs cəzası alan hərbçilərin əksəriyyəti isə ittihamları qəbul etmir. Onlar həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Dindirməyə cəlb olunan hərbçilərdən azı 9 nəfər işgəncələr nəticəsində həyatını itirib. Bu işgəncə və ölümlərə görə də cinayət məsuliyyətinə cəlb edilənlər olub.

Yerli hüquq müdafiəçiləri cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlərin olduğunu, hərbçilərə qarşı irəli sürülmüş vətənə xəyanət və digər ittihamların sübuta yetirilmədiyini deyir. Hüquq müdafiəçiləri həmçinin dindirmələr zamanı hərbçilərə işgəncə verənlərin də yüngül cəza aldıqlarını düşünür.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib ki, “Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilmiş 25 nəfərin işini araşdırıblar. Belə nəticəyə gəliblər ki, onlara qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib. Ona görə də bugünlərdə onların azadlığa buraxılması üçün Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyev və komissiya üç üzvünə (Zahid Oruc, Əliməmməd Nuriyev və Azay Quliyev) rəsmi şəkildə müraciət ediblər.

Hüquq müdafiəçisinin sözlərinə görə, sənədləri araşdırarkən görüblər ki, ittihamları təsdiqləyən mötəbər sübut yoxdur.

Rəsul Cəfərov vurğulayıb ki, azı 9 nəfərin işgəncə nəticəsində ölməsi faktı ortada olsa da, buna görə məsuliyyətə cəlb edilənlərə işgəncə yox, əzab vermə maddəsilə ittiham irəli sürülüb. Qanunvericilikdə işgəncə verməyə görə 11 ilə qədər, əzab verməyə görə isə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/89ydes

Most Viewed