Source: Meydan TV

Qırmızı Qəsəbə: azərbaycanlı milyonçuların ana vətəni?

Qırmızı Qəsəbə: azərbaycanlı milyonçuların ana vətəni?

Qırmızı Qəsəbə Azərbaycanın şimalında, Quba rayonunda yerləşir. Qəsəbə müxtəlif zamanlarda müxtəlif cür adlanıb – Zidkovskaya qəsəbəsi, Yəhudi qəsəbəsi, Krasnoselsk, Fətəli xan. Amma bura daha çox “Qafqazın Qüdsü” kimi tanınır və dağ yəhudilərinin postsovet məkanında kompakt yaşadığı yeganə yerdir.

Qısa tarix

Dağ yəhudiləri subetnik qrupdur, Qafqaza ilk dəfə eramızın V əsrində İrandan gəliblər. Azərbaycanın Quba şəhərinə dağ yəhudiləri ilk dəfə XVIII əsrin 30-cu illərində gəliblər. Bu, Quba xanı Hüseynəli xanın hakimiyyəti dövrünə təsadüf edir. Onun oğlu Fətəli xan da dağ yəhudilərini öz himayəsi altına alaraq, onlara yaşayış üçün şərait yaradıb. Yəhidlər Qudyalçayın sol sahilində məskunlaşıblar.

Qırmızı Qəsəbə

Qırmızı Qəsəbə

Source: Meydan.TV

“Giriş qadağandır?”

Hələ sovet dövründə Qırmızı Qəsəbə varlı kənd olub və burada həmin vaxtlar tapılmayan malların – elektronika, mebel və geyim əşyalarının qızğın alveri gedib.

Hazırda bu, Azərbaycanda ən qapalı icma və ümumiyyətlə, ən qapalı yəhudi icmasıdır. İlk baxışdan kifayət qədər mehriban və ünsiyyətcil görünən yerli sakinlər sizinlə yalnız havadan-sudan danışırlar. Özləri və qəsəbənin həyatı haqda suallara cavab verməkdən qaçırlar, xüsusilə də kamera qarşısında. Jurnalistlər isə Qırmızı Qəsəbədə heç arzuolunan qonaq deyil. Küçələrdə Meydan TV-nin çəkiliş qrupunu üç maşın izləyirdi: yerli bələdiyyə başçısının maşını, yerli icma başçısının maşını və nəhayət, polis maşını. Bizdən hardan gəldiyimizi, nə çəkdiyimizi, niyə icazəsiz çəkdiyimizi (hərçənd küçədə çəkiliş üçün icazə lazım deyil) soruşdular, sonra israrla “pis” heç nə çəkməməyi xahiş etdilər, məsələn, “yol kənarındakı bu çalanı”. Əslində isə həmin çala qəsəbə küçələrinin bəlkə də yeganə qüsurlu yeri idi.

Qırmızı Qəsəbədəki sinaqoq

Qırmızı Qəsəbədəki sinaqoq

Source: Meydan.TV

Varlı yəhudilərin vətəni

Qırmızı Qəsəbə Azərbaycan əyalətinin digər yerlərinə bənzəmir. Qəsəbə sizi sıra ilə düzülmüş, gözəlliyi və dəbdəbəsi ilə sanki bir-biri ilə rəqabətə girmiş villalar, təmiz və səliqəli küçələr, hamar asfalt yolda şütüyən bahalı avtomobillərlə qarşılayacaq. Ağ divarın arxasında xeyli əlavə tikililəri olan nəhəng villa xüsusilə göz deşir. Ev “Forbes”in siyahısındakı liderlərdən birinə, rusiyalı milyardçı, Qırmızı Qəsəbədə doğulmuş Qod Nisanova məxsusdur. O, Rusiyada ən iri özəl şirkətlərin TOP-200-nə daxil olan “Kiyev meydanı” şirkətlər qrupunun ortağıdır.

Qırmızı Qəsəbədəki sinaqoq

Qırmızı Qəsəbədəki sinaqoq

Source: Meydan.TV

Nisanov bu qəsəbədən çıxmış yeganə məşhur varlı deyil. Onlardan, məsələn, “Rusiyada daşınmaz əmlakın tacsız kralları”(hər halda mətbuatda onları belə adlandırırlar) Zaxar İliyev, Akif Hilalov, Yakov Yaqubovun adını çəkmək olar.

Amma yerli sakinlər bizimlə söhbət zamanı varlı yerlilərinin adlarını çəkməməyə üstünlük verir, daha çox məşhur çinli və amerikalı bəstəkar Aaron Avşolomovun, ya da məşhur sovet cərrahı Qavriil İlizarovun atasının əslən Qırmızı Qəsəbədən olduqlarını xatırlamağı sevirlər.

Qırmızı Qəsəbədəki sinaqoq

Qırmızı Qəsəbədəki sinaqoq

Source: Meydan.TV

Qocaların və uşaqların qəsəbəsi

Ən son məlumatlara görə, Qırmızı Qəsəbədə 3 minə yaxın adam yaşayır. Payızın əvvəlində qəsəbənin küçələrində hələ ki kifayət qədər qələbəlikdir. Amma adının çəkilməsini istəməyən xanımın söylədiyinə görə, qəsəbə payızın ortasından ta yayın əvvəlinədək boş olur:

“Təkcə qocalarla uşaqlar qalacaq. Ailəmizdən ancaq uşaqlarımla mən, bir də nənəm qışı burda keçirir. Valideynlərim, qardaşlarım, ərim – hamısı Rusiyada yaşayır və işləyir”.

Qırmızı Qəsəbədə binalardan biri

Qırmızı Qəsəbədə binalardan biri

Source: Meydan.TV

Yerli sakin Qrişa Yusufovun dediyinə görə, “bunun iqtisadi səbəbləri var”. O özü də bizimlə söhbətdən bir neçə gün sonra Rusiyaya getməyə hazırlaşırdı. Azərbaycanda iş tapıb heç yerə getməməyə üstünlük verərdi, amma hələ ki alınmır. Qrişanın kiçik qardaşı ailəsi ilə birgə həmişəlik İsrailə köçüb. Üstəlik qoca valideynlərini də özü ilə aparıb. Hərçənd anası Sonya Yusufova İsraildə qalmaqdan bilmərrə imtina edib.

“Ərim İsraildə öldü, vətəndən uzaqda qala bilmədim. Ölməyə bura qayıtdım, – gözləri yaşaran 83 yaşlı qadın deyir. – Elə-hey gəlinimlə dalaşırdım, deyirdim ki, nə qədər ki sağam, qaytar məni vətənimə”.

Qırmızı Qəsəbədəki sinaqoq

Qırmızı Qəsəbədəki sinaqoq

Source: Meydan.TV

Çünki bura vətəndir

Bir-birindən gözəl evlər ilin böyük hissəsi boş qalır, bununla belə, baxımlı görünür. “Burda atalarımız-babalarımız basdırılıb və hər kəs harda – Amerikada, Moskvada, Rusiyada, ya da İsraildə yaşamasından asılı olmayaraq burda evinin olmasını istəyir”, – Qrişa deyir.

Qırmızı Qəsəbədən olan varlı adamlar doğma qəsəbələrinə və daha imkansız yerlilərinə kömək edirlər.

Səadət sarayı, Qırmızı qəsəbə

Səadət sarayı, Qırmızı qəsəbə

Source: Meydan.TV

“Onlar hər ay imkansız adamlara pul göndərirlər. Məsələn, mənə tənha ana kimi hər ay 300 dollar yollayırlar, daha çox ehtiyacı olana daha çox yardım edirlər”, – yolda rastlaşdığımız bir qadın bizə deyir. Bir də onlar yerli sakinlər üçün müxtəlif kurslar, məsələn, ingilis dili kursu təşkil edir və maliyyələşdirirlər, - qadın əlavə edir. Amma kasıb sakinlərin təminatı sisteminin necə işlədiyini izah etmək istəmir.

Qırmızı qəsəbə

Qırmızı qəsəbə

Source: Meydan.TV

Üç və dörd dilli yəhudilər

Dağ yəhudilərinin doğma dili olan cuhuri İran dilləri qrupuna daxildir. Bununla yanaşı, Qırmızı Qəsəbədəki, demək olar ki, bütün yəhudilər Azərbaycan və rus dillərində də kifayət qədər yaxşı danışırlar.

Hələ sovet dönəmindən əvvəl qəsəbədə 13 sinaqoq işləyib. Burda ibadətdən başqa yəhudi uşaqları üçün məktəblər təşkil olunub. Hazırda qəsəbədə iki sinaqoq var, daha biri məktəb kimi fəaliyyət göstərir, burda uşaqlar Toranı, dağ yəhudilərinin ənənələrini, ivriti öyrənirlər. Məktəbi də Qırmızı Qəsəbədən çıxmış varlı adamlar maliyyələşdirir. Üstəlik tələbələrə ayda 100 dollar təqaüd verilir.

Qırmızı qəsəbə

Qırmızı qəsəbə

Source: Meydan.TV

Küçədə rastlaşdığımız elə həmin qadının dediyinə görə, Rusiyaya, İsrailə, ABŞ-a qazanc dalınca əsas etibarı ilə kişilər gedirdi. O zaman qəsəbədə ilboyu təkcə qadınlarla uşaqları görərdin. Elə həmin dönəmdə “qadın kursları” açmaq dəbə düşdü. Həmin kurslarda aşpazlıq, dərzilik və bərbərlik öyrədirdilər. Burda təhsil alanlara da təqaüd verilirdi. “İndi kişilərin çoxu özü ilə ailələrini də aparır. Ona görə də ilin böyük hissəsi küçələrdə adamların da sayı az olur. Amma yayda, bayramlarda, demək olar ki, hamı qayıdır. Qəribdə ölmüş yerliləri də burda dəfn edirlər”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ngvl7d

Most Viewed