Şəfəq Qurbanova

Source: Meydan TV

Caption: Şəfəq Qurbanova

Cəbrayıl sakini: “Qaçqınkom”a gedib adımı birinci rayona gedənlər siyahısına saldırdım

On yeddi il zirzəmidə yaşayan məcburi köçkün tezliklə öz vətəninə köçmək arzusundadır

Yeni Yasamalda “Qismət” Şadlıq Sarayının arxasında gözdən uzaq məhəllələr var. Burada məcburi köçkünlər, həmçinin Azərbaycanın müxtəlif rayonlarından imkansızlıq ucbatından dolanışıq üçün paytaxta üz tutan sakinlər yaşayır. Lakin məcburi köçkünlər çoxluq təşkil edir.

Kasıblıq qoxan məhəllələri isə şəhərin çoxmərtəbəli, gözoxşayan binalarından istirahət parkı ayırır. Parkın bir hissəsi daşla hasarlanıb. Məcburi köçkünlərin üzünə çəkilən bu sədd şəhərin mənzərəsinə xələl gətirməmək, sanki buradakı sakinlərin səfalət içində yaşadıqlarını gizlətmək üçündür.

Yüzə yaxın məcburi köçkün ailəsi illərdir köhnə məktəbin üçmərtəbəli binasında məskunlaşıb. Binanın zirzəmisində isə on səkkiz ailə illərdir, alaqaranlıq, üfunət iyi verən, havasız zirzəmidə yaşayır.

Zirzəminin girişindəki ilk evdə Cəbrayılın Şıxalıağalı kəndinin 42 yaşlı sakini Şəfəq Qurbanova iki azyaşlı oğlu ilə yaşayır. Yarıqaranlıq otaqda balaca pəncərə gözlüyü var. Deyir ki, evə hava axını yay-qış elə həmin balaca gözlükdən daxil olur. Şəfəq xanım söyləyir ki, məcburi köçkünlərə yeni mənzillər paylanan vaxtda diqqətdən kənarda qalanlardan biri də odur. Məcburi köçkünlərə verilən mənzillərdən ona pay düşməməyinə artıq təəssüflənmir. Kəndinin işğaldan azad olunduğu xəbərini eşidən məcburi köçkün tezliklə doğma yurduna qayıdacağını deyir:

“On yeddi ildir bu zirzəmidə yaşayıram. İllərdir burada hamı tərəfindən unudulmuş kimi yaşayırdıq. Küçəmizin adı da yoxdur. Hətta kiməsə görə təcili tibbi yardım çağıranda, deyirik ki, “Qismət” şadlıq sarayının arxasındakı uçuq məktəb binası. Övladlarım da bu zirzəmidə doğulub. Birinin 3, digərinin 5 yaşı var. Evlərə gedib, təmizlik işləri görürəm. Uşaqlarımı da özümlə aparıram. Getdikləri evləri görürlər, soruşurlar ki, ana, bəs bizim nə vaxt belə evimiz olacaq? Böyük oğlum məndən soruşur ki, ana nə vaxt evimizə gedəcəyik? Bizim də evimiz olacaq? Sualına cavab verə bilmirdim. Ta ki, kəndimin işğaldan azad olunduğu günədək. Çox sevinirəm. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nərimanov Rayon Şöbəsinə getdim. Dedim ki, Cəbrayıl sakini kimi hamıdan birinci məni qeydiyyata götürün. Uşaqlarımla birlikdə hamıdan birinci özüm qaçıram rayona”.

"İllərdir burada hamı tərəfindən unudulmuş kimi yaşayırdıq"

"İllərdir burada hamı tərəfindən unudulmuş kimi yaşayırdıq"

Source: Meydan TV

Hazırda təkcə paytaxtda iki yüz on min məcburi köçkün məskunlaşıb. Onların çoxunun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Müsahibimiz isə deyir ki, burada yaşamaq istəmir:

“Mənə deyirlər ki, gedək icra hakimiyyətinə bizi evlə təmin etsinlər. Burada nə versələr də, müvəqqəti sığınacaqdır. Ömürlük evimiz oradır. Ya məzardır, ya da oradır. İkisindən biri. Şükür Allaha, torpağım alındı. İnanmazdım ki, nə vaxtsa torpaqlarımız azad olunacaq. Cəbrayılın kəhrizlərindən axan buz kimi suyuna həsrətəm. “Dostluq bulağı” bizim kənddədir. Şıxalıağalı rayon mərkəzinə yaxındır. İranla həmsərhədik, Xudafərin körpüsünə yaxınıq. Kəndimizdən olan videoçəkilşə baxdım. Heç bir ev də yoxdur. Qalanlar da uçurulub-dağıdılıb. Yəqin ki, dövlət tərəfindən bərpa-tikinti işləri aparılacaq. Heç ev tikməsələr də, çadır qurub, orada qalacağam. Bilərəm ki, doğulduğum torpağımdayam. Bilərəm ki, bir yerə kök salıram. 1979-cu ildənəm, Allahın bir gününü görmədim. Qaçqın düşəndə, onun-bunun qapısında qaldıq. Beyləqan, İmişli, Biləsuvar, hər yeri gəzdik. Axır ki, gəldik, çıxdıq bu Bakıya. Artıq 42 yaşım var. Əsas nə istəyirəm, bilirsiniz? Birinci gedim, doğmalarımın qəbrlərlərini görüm. Əmilərimin məzarı ordadır”.

Şəfəq Qurbanova zirzəmidə illərdir ağır şəraitdə yaşamağından danışır. Cəbrayıldan 14 yaşındaykən çıxıb. Söyləyir ki, müharibə və sosial çətinliklər uşaqlığımı əlindən alıb:

“Uşaqlığımı müharibə, ehtiyac, problemlər əlimdən alıb. Gözlərimi yumuram, kəndimiz gözümün önündə canlanır, hər küçəsi, hər məhəlləsi. Baxın, burada hava yoxdur. Uşaqlarım natəmiz, havasız yerdə boğulur. Bu betonların üstündə gəzməkdən xəstəlik tapmışıq. Cəbrayılda beton ev nə gəzirdi. Oğlumu həkimə aparmışam, deyir ki, qanazlığı, D vitamini çatışmazlığı var. Zirzəmidə böyüyən uşaq nə olacaq? Cəbrayılda nə D, nə B vitamini? Təmiz havadan alırdıq bütün vitaminləri. Meyvələri ağacdan, tərəvəzləri tağdan qoparırdıq, silirdik, yeyirdik. Hamımız da sağlam idik. Şoru qoyurduq, yuxanın arasına, dürmək edib, yeyə-yeyə gedirdik hinduşka nobatına. Burada yuxaya həsrətik. Biz yuxanı ocaqda bişirərdik. Qazda bişirilən yuxanı alıb yeyirik. Burada alma alırıq, üstündə etiket. Görmüşük ki, etiket paltarda olar, meyvədə yox. Onu yeyirik, sonra da hamımız oluruq xəstə. Amma orda ağacdan dərib, yeyirdik, dadı, tamı, iyi bir başqaydı. Hinduşka nobatına gedirdik. Qara uşaqlar idik. Gəldik, Bakıda ağardıq. Barmağımız kəsilirdi, torpağı götürüb, yaranın üstünə tökürdük, qanı kəsirdi. Az qala, torpaq yeyirdik, xəstəliyimiz olmurdu. Burada xəstəlik yaxamızdan əl çəkmir”.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Ötən bir ay ərzində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib.

"Bu betonların üstündə gəzməkdən xəstəlik tapmışıq"

"Bu betonların üstündə gəzməkdən xəstəlik tapmışıq"

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/hm7now

Most Viewed