Ali Məhkəmə

Source: Meydan TV

Caption: Ali Məhkəmə

Ali Məhkəmənin hakimi zavoddakı pay qalmaqalında ittiham olunur

İran vətəndaşı: “Dəhşətə gəlirəm ki, halal əmlakımızı necə əlimizdən alırlar...”

Azərbaycanın ən böyük şirkətlərindən biri olan “AZPROF” MMC-nin payçıları arasında illərdir davam edən məhkəmə çəkişmələri var. Plastik və alüminium məhsulların istehsalıyla məşğul olan zavoddakı pay qalmaqalında Ali Məhkəmənin hakimi Xaqani Məmmədovun da adı hallanır. İddia olunur ki, hakim əmisi oğlu vasitəsilə şirkətdə pay sahibidir.

Milyonlarla dəyəri olan zavodun 50 faizi “Tulu Fəcr Tehran Limited” şirkətinə məxsusdur. Bu şirkətin Azərbaycanda səlahiyyətli nümayəndəsi İran vətəndaşı Hacı Reza Əkbərdir.

Bir müddət əvvəl məlum olub ki, “AZPROF” MMC-nin Nizamnaməsi yenidən qeydiyyata alınıb. Nizamnamə kapitalındakı paylar isə bu şəkildə bölüşdürülüb: 50 faiz Məmmədov İdris Əsəd oğlu, 25 faiz Hacı Reza Əkbər, 25 faiz Qasımova Tamilla Cavanşir qızı. O da məlum olub ki, zavodda 50 faizlik paya sahib olan “Tulu Fəcr Tehran Limited”in payı şirkətin özündən xəbərsiz cəmi 10 min manata alqı-satqı edilib. Üstəlik, bu satış gələcəkdə MMC-yə investisiya qoyuluşu və xarici şirkətin səhmdar olmasının qarşısını alırmış.

Bununla əlaqədar şirkətin nümayəndəsi Hacı Reza Əkbər alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğvi üçün məhkəməyə üz tutub. Nərimanov Rayon Məhkəməsi müqaviləni ləğv edib. Apelyasiya və kassasiya instansiya məhkəmələri də qərarı qüvvədə saxlayıb.

Hacı Reza Əkbər deyir ki, məhkəmə qərarından nəinki aylar, il ötməsinə baxmayaraq, icra olunmur. Onun sözlərinə görə, “Tulu Fəcr Tehran Limited” şirkəti faktiki müəssisədə fəaliyyət göstərə, özünə məxsus payı tam şəkildə idarə edə bilmir:

“Məhkəmə qərarının icra olunmamasıyla əlaqədar müxtəlif dövlət strukturlarına müraciət etmişik. Nəticəsi yoxdur. Heç kimin gücü çatmır. Bu işdə Ali Məhkəmənin hakimi Xaqani Məmmədovun adının hallanması təsadüf deyil. Bizim şirkətdə onun əmisi oğlu oturub – Xanlar Məmmədov. Qoymurlar bizi öz şirkətimizə daxil olmağa. Xaqani Məmmədov əvvəl Konstitusiya Məhkəməsində işləyib. Konstitusiya Məhkəməsi çox nadir hallarda işə baxar. Siz təsadüfə baxın ki, bizim işə baxır və əvvəlki qərarları ləğv edib, yenidən baxılması üçün apelyasiya instansiyaya qaytarır. Şirkətin digər payçıları bizə açıq şəkildə deyir ki, “qərarı ləğv olunacaq, sizin pay artıq Xaqani müəllimindir”. Dəhşətə gəlirəm ki, halal əmlakımızı necə əlimizdən alırlar...”

Hacı Reza Əkbər əlavə edib ki, 25 ildir Azərbaycanda yaşayır. Onun sözlərinə görə, həyat yoldaşı da Azərbaycan vətəndaşıdır: “Deyirlər ki, xarici vətəndaş olduğuma görə şikayətimə baxan olmayacaq. İnanmaq istəmirəm...”

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli isə bu mülki mübahisənin hakim Xaqani Məmmədovla əlaqəsi olmadığını bildirib. Bu çəkişmədə adıçəkilən hakimin heç bir marağı olmadığını vurğulayan mətbuat katibi xatırladıb ki, Ali Məhkəmədə sözügedən mübahisəyə baxılanda da İran vətəndaşının xeyrinə qərar çıxarılıb. Onun əleyhinə qərar Konstitusiya Məhkəməsində çıxarılıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rzojof

Most Viewed