Ziyafət Əsgərov: Təsdiq etdiyimiz büdcə çox təmkinli büdcədir

Ziyafət Əsgərov


”Ermənistan bu il Azərbaycandan çox yaxşı sillə yedi”

“Büdcə bizim əsas maliyyə sənədimizdir. Hesab edirəm ki, müxtəlif mövqeli müzakirələrə baxmayaraq, təsdiq etdiyimiz büdcə çox təmkinli büdcədir. Hazırda dünyada maliyyə-iqtisadi böhran davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı bugünə qədər risklərdən kifayət qədər özünü qoruya bilib. Baxmayaraq ki, bizim də müəyyən çətinliklərimiz var”.

Bu sözləri Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov APA-ya müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan dünyaya açıq ölkədir:

“Dünya iqtisadiyyatının tərkib hissəsiyik. Buna baxmayaraq, Azərbaycanda aparılan düzgün iqtisadi, sosial və digər yönümlü siyasət imkan verdi ki, ölkə özünü qoruya bilsin. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan prezidentinin xüsusi sərəncamı ilə milli iqtisadiyyatımızla bağlı yol xəritəsi müəyyən olundu. Bu yol xəritəsi postneft dövrünün ən önəmli sənədlərindən olacaq. Burada müxtəlif istiqamətlər müəyyən edilib. Bu yol xəritəsi imkan verəcək ki, Azərbaycan daha da inkişaf etsin, daha da güclənsin, əhalinin rifahı daha da yaxşılaşsın”.



“H


ərbi büdcə baxımından heç vaxt zəifləyə bilmərik




Bir sıra qanunlara büdcədən istifadə ilə bağlı qənaət xarakterli düzəlişlərin edilməsindən danışan Z.Əsgərov deyib ki, bu, hərbi sahəyə şamil olunmayacaq:

“Qənaəti həmişə etmək lazımdır. İstər büdcə vəsaitləri çox olan dövrdə, istərsə də az olan dövrdə. Ümumiyyətlə, qənaət yaxşı keyfiyyətdir. Amma fikir versəniz, hərbi büdcə ilə bağlı heç bir problem yoxdur. Bizim qarşıya qoyduğumuz məqsəd odur ki, Azərbaycanın hərbi gücü bugünə qədər olduğu kimi, bundan sonra da artsın. Çünki biz bilirik ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdiyi üçün qarşımızda hansı vəzifələr durur. Bu mənada biz hərbi büdcə baxımından heç vaxt zəifləyə bilmərik.



“Ermənilər yersiz sual verdilər”

NATO PA-nın növbəti sessiyasındakı iştirakından danışan vitse-spiker deyib ki, topantıdaermənilər yenə təxribata əl atıblar:

“Yeri gəldi gəlmədi, mövzuya aidiyyəti oldu olmadı, yersiz və məntiqsiz suallar verirdilər, fikirlər söyləyirdilər. Bu dəfə də orada Türkiyənin Baş Qərargah rəisinə yersiz suallar verdilər. Məsələn, Əfqanıstandakı vəziyyət müzakirə olunarkən ermənilər qəflətən sual verdilər ki, “27 dövlət “erməni soyqırımı”nı tanıyıb, Türkiyə nə vaxt tanıyacaq?” Özü də bu sualı Baş Qərargah rəisinə verirlər. Məntiqi yox, yeri yox, tamamilə mənasız bir sual. Hamınız da şahidi oldunuz ki, Baş Qərargah rəisi onlara necə cavab verdi… Eləcə də, hörmətli Mövlud Çavuşoğluna verilən sual tamamilə mənasız və yersiz idi. Hər ikisinin ermənilərə cavabı salonda alqışlarla qarşılandı. Bu, o deməkdir ki, uydurma soyqırım söhbəti artıq dünya ölkələrini, onların deputatlarını da bezdirib. Bunlar harada gəldi, mövzuya dəxli oldu, olmadı, bu uydurma məsələni ortaya atırlar və bundan başqa mövzu bilmirlər. Təxribat xarakterli mövzu seçmək, aranı qatmaq bunların peşəsinə çevrilib. Mövlud Çavuşoğlu onlara cavabında düzgün qeyd etdi ki, əsl soyqırımı unutdurub, uydurma soyqırımdan danışmayın. Əsl soyqırım Xocalı soyqırımıdır ki, onu da siz ermənilər törətdiniz. Bu, çox uzaqda yox, yaxın tarixdə baş verib, niyə bunu unudursunuz? Bu, hamının gözü qarşısında baş vermiş hadisədir və dünya buna öz qiymətini verməlidir. Bizim deputatlar da mövzunu genişləndirərək bir daha NATO PA üzvlərinin nəzərinə çatdırdılar ki, Xocalı soyqırımından danışmaq lazımdır. Yoxsa, uzaq keçmişdən bir tarix seçərək, hay-həşir salmaq lazım deyil. Türkiyə prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da dəfələrlə ermənilərə deyib ki, “əgər siz bu məsələni qoyursunuzsa, gəlin arxivləri açaq. Niyə arxivlərin açılmasından qorxursunuz? Gəlin beynəlxalq komissiya yaradaq və tarixçilər arxivlərdə işləsinlər, həqiqəti də ortaya qoysunlar.”. Amma ermənilər buna getmirlər. Əgər həqiqətən soyqırım baş veribsə, o zaman ermənilər niyə arxivlərin açılmasına getmir? Deməli, yalandır və bu mövzu onlar üçün siyasi oyun alətidir”.

Z.Əsgərov müsahibəsində erməni fəallarının Azərbaycana səfərindən də danışıb:

“Mən sizə deyim ki, əvvəla, erməni fəalların Azərbaycana gəlməsi və bizimkilərin Ermənistana səfərləri yeni bir hadisə deyil. Yəni, bu platforma çərçivəsində onların hər hansı nümayəndəsinin bura gəlməsinin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmasını mən görmürəm. Bunlar onsuz da qapalı obyektlərə getmirlər, heç onları ora buraxan da yoxdur. Amma onlar açıq formada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini etiraf edirlərsə, Ermənistanı tənqid edirlərsə, Azərbaycan həqiqətlərini dilə gətirirlərsə, rəsmi İrəvanın işğalçılıq mahiyyətini açıb göstərirlərsə, o zaman bunun nəyi pisdir? Mən buna normal baxıram. Qoy, ermənilər özləri etiraf etsinlər ki, ölkələri işğalçıdır, etiraf etsinlər ki, Azərbaycanda hansı cinayətləri törədiblər, Xocalı soyqırımına səbəbkar olublar, siyasi rəhbərləri bu cinayətlərin icraçısıdırlar və sair… Qoy desinlər, etiraf etsinlər. Burada pis heç nə yoxdur”.


“Ermənistan marionet dövlətdir”

Ermənistan rəsmilərinin Azərbaycana qarşı bəyanatlar səsləndirməsi məsələsinə toxunan deputat hesab edir ki, bunların hamısı Ermənistanın daxili auditoriyasına hesablanmış addımlardır:

“Ermənistanın cəmi 2 milyard dollar dövlət büdcəsi var. Soruşmaq lazımdır ki, sən bu büdcə ilə Azərbaycana qarşı nə edə bilərsən, ay bədbəxt? Sadəcə olaraq, onlar bu ilin aprel hadisələrində öz təxribatlarına tutarlı cavab aldılar. Sözün əsl mənasında Ermənistan bu il Azərbaycandan çox yaxşı sillə yedi. Bundan sonra hələ də özlərinə gələ bilməyiblər və daxili auditoriyalarını inandırmağa çalışırlar ki, guya Ermənistanın filan silahı budur, kəşfiyyatı belə işləyir və s. Bütün bunların da heç bir əsası yoxdur. Azərbaycan yetərincə güclü dövlətdir. Ermənistan bu gücü gördü və hələ də özünə gələ bilmir. Ona görə də belə vasitələrlə əhalini sakitləşdirmək istəyirlər. Amma belə bir söz var: divar bitəndən sonra hara gedəcəksən? Əslində bu ölkəyə Ermənistan Respublikası deyilməsi də düzgün deyil. Bu, Ermənistan adlı bir qurumdur, bir forpostdur, iqtisadiyyatının da 80 faizi heç özünün deyil, başqa dövlətindir. İndi buna müstəqil dövlət demək mümkündürmü? Ermənistanın daxilində hazırda aclıq, səfalət və sosial gərginlik hökm sürür. İnsanlar Ermənistanı tərk edib gedirlər. Çünki yaşamaq üçün orada heç nə qalmayıb, rejim isə hərbi xuntadır. Qısası, marionet dövlətdir”.



“Rusiyadan rəsmi izahat gözləyirik”

“ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya bu yaxınlarda Ermənistan birləşmiş ordu yaradılması barədə qərar qəbul etdi. Sizcə, Dağlıq Qarabağ münaqişəsində vasitəçi olan ölkənin bu addımı nə anlama gəlir” – sualına Z.Əsgərov belə cavab verib:

“Mən bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə də danışmışam. Onlar Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndəriblər. Hələ bizə Rusiya konkret rəsmi cavab verməyib ki, bunu nə məqsədlə edib. Bir qrup ekspert deyir ki, bu, NATO-ya qarşıdır. Digərləri isə deyir ki, Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Amma biz Rusiyanın özündən rəsmi izahat aldıqdan sonra fikrimizi söyləyəcəyik”.

Parlament sədrinin müavini onu da vurğulayıb ki, Rusiya Ermənistana “İsgəndər” raket kompleksi satması məsələsini rəsmi açıqlamayıb:

“Rəsmi səviyyədə açıqlanmayıb, ekspertlər səviyyəsində deyilir. Rəsmi açıqlanmalıdır. Biz rəsmi cavab aldıqdan sonra qərarımızı bildirəcəyik. Əlbəttə, Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi bitərəf olmalıdır ki, bu münaqişə həll olunsun”.

ABŞ-ın dövlət katibi Kerrinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirən Z.Əsgərov hesab edir ki, status-kvo mütləq dəyişməlidir:

“ABŞ-ın səfiri burda bir söz deyir, orda digər rəsmiləri başqa söz deyir. Həmsədr dövlətlərin xarici siyasətlərində də konkretlik yoxdur. Dövlət başçıları bir bəyanat verir, səfirləri başqa cür danışır, dövlət katibləri də başqa cür. Bax, buna görə də Minsk Qrupuna artıq inam yoxdur. Bunlar heç nə etməyəcəklər. Biz yalnız öz gücümüzə arxalanmalıyıq, vəssalam! Status-kvo dəyişəcək. Ermənistana təzyiq göstərilməlidir, bəyanatlardan irəli getmək lazımdır”.



“Nədir sizin fikriniz?”

Jurnalistin “Hər üç həmsədr ölkədə (ABŞ, Fransa, Rusiya) separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəliyi var. Azərbaycan vasitəçi ölkələrin öz missiyalarına zidd olan bu addımlarına niyə ciddi etiraz etmir” sualına cavabında deputat artıq Minsk Qrupuna inanmadığını söyləyib:

“Bu inamsızlığın köklü səbəblərindən biri də budur. Doğrudan da, siz necə vasitəçisiniz ki, bir tərəfdən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğulsunuz, digər tərəfdən bu separatçı rejimin nəinki nümayəndəliyini yaradırsınız, hətta onun rəhbərliyi ilə rəsmi görüşlər də keçirirsiniz? Bu, əlbəttə, bizi ciddi narahat edir. Bu məsələyə də aydınlıq gəlməlidir. Həmsədr dövlətlər bu məsələyə aydınlıq gətirməlidir. Minsk Qrupu yaradılıb, BMT TŞ-nin 4 məlum qətnaməsi var, hər üçünüz də BMT Təhlükəsizlik Şurasının daimi üzvüsünüz, nə üçün qətnamələrə əməl etmirsiniz ? Nədir sizin fikriniz? Açıq, konkret bizə fikrinizi deyin, işimizi bilək. Biz onsuz da işimizi bilirik və nə edəcəyimizi də bilirik. Bilirsiniz, bu qədər riyakarlıq olmaz”.

7 rayonun qaytarılması, əraziyə sülhməramlıların yerləşdirilməsi məsələsinə də toxunan vitse-spiker deyib ki, bu, daha çox siyasi məsələdir:

“Cənab prezidentin də bəyanatında göstərildiyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıyıq. İndi bu beş rayon olacaq, yeddi rayon olacaq, neçə rayon olacaq, mən bunu dəqiq deyə bilmərəm. Sülhməramlıların yerləşdirilməsinə gəldikdə isə, onu deyə bilərəm ki, danışıqların predmetinə daxil olan məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır. Ona görə də mən bu məsələnin müzakirə obyekti olduğunu istisna etmirəm”.



“Məhkəmənin qərarını gözləyək”

Deputat müsahibəsində MTN olaylarından da söz açıb. Jurnalistin suallarını cavabandıran Z.Əsgərov təhlükəsizlik strukturunda islahatların aparıldığını önə çəkib:

“Ümumiyyətlə, bizim qəbul etdiyimiz hər bir sənəd özlüyündə islahatları ehtiva edir. Cənab prezidentin bu istiqamətdə də islahatlar aparılması ilə bağlı xeyli fərmanları, sərəncamları var. Əlbəttə, qəbul etdiyimiz qanun layihələri də bu islahatların ruhuna uyğun olmalıdır. Məsələn, bu yaxınlarda “Hərbi vəziyyət haqqında” qanun layihəsini yenidən hazırlayıb qəbul etdik. Bu qanunu ilk dəfə 1994-cü ildə qəbul etmişdik. Dövrünə görə də, indi də o qanun işləyir və gözəl qanundur. Amma artıq 1994-cü ildə bu qanunu qəbul etdikdən sonra biz 1995-ci ildə yeni Konstitusiyanı, Hərbi Doktrinanı, Təhlükəsizlik Konsepsiyasını qəbul etdik və sair. Ona görə də bu sənədi yenidən hazırlayıb, qəbul etdik. Ordumuz güclənirsə, onun normativ hüquqi bazası da güclənməlidir. Bu yöndə işlərimiz davam edir. O ki qaldı həbs olunanlara, hələ istintaq getdiyi üçün gəlin, məhkəmənin qərarını gözləyək”.

Z.Əsgərov onu da vurğulayıb ki, həmin vaxt baş verənlərlə bağlı məlumatı olmayıb. O, hesab edib ki, MTN-ə vaxtilə rəhbərlik edən nazir məsuliyyət daşıyır:

“Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.

Z.Əsgərov müsahibəsində əmək pensiyaları ilə bağlı yaş həddinin dəyişdirilməsi məsələsinə də toxunub. Bildirib ki, bu layihə Milli Məclisə daxil olub. Hazırda Əmək və sosial siyasət komitəsindədir və yaz sessiyasına hazırlanır.

Ana səhifəVideoZiyafət Əsgərov: Təsdiq etdiyimiz büdcə çox təmkinli büdcədir