Ukraynanın anti-korrupsiya qurumları Prezident Volodimir Zelenskinin köməkçilərindən biri, Administrasiya rəhbəri və ABŞ ilə son sülh danışıqlarının başlıca fiquru olan Andriy Yermakın evində axtarışların başladığını açıqlayıb.
Həmin anların görüntülərində təxminən on nəfər istintaqçının Kiyevin hökumət kvartalına daxil olduğu görünür. Bu addım, Prezidentlə yaxın əlaqələrə malik bir şəxsin təşkil etdiyi iddia olunan nüvə energetikası ilə bağlı “otkat” sxemi üzərindən genişlənən araşdırmanın növbəti mərhələsi sayılır. Sxemin əsas fiqurlarından biri, Zelenskiyə yaxın iş adamı Timur Mindiç artıq ölkədən qaçıb.
“NABU” və “SAPO” birgə açıqlama verərək Prezident Administrasiyasının rəhbərinin ünvanında “istintaq tədbirlərinin” həyata keçirildiyini təsdiqləyib.
Yermak isə qısa açıqlamasında axtarışların aparıldığını təsdiq edərək bildirib:
“İstintaqçılara heç bir maneə yoxdur. Mənim tərəfimdən tam əməkdaşlıq göstərilir”.
Energoatom ətrafında 10–15%-lik “otkat” sxemi
Noyabrın əvvəlində “NABU” hökumətin yüksək eşelonlarında qurulduğu iddia edilən korrupsiya sxemi barədə məlumat vermişdi. İddiaya görə, Energoatomun kommersiya tərəfdaşları 10–15% həcmində qeyri-rəsmi ödənişlərə məcbur edilib. Mindiçin bu sxemin təşkilatçısı olduğu bildirilir.
Zelenski sxemi açıq şəkildə pisləsə də, ictimaiyyətdə suallar çoxalıb: Hökumətin yüksək səviyyələrində bu işdən xəbəri olan başqa kimlər vardı?
Artan narazılıqlar fonunda Zelenski bu ay iki naziri vəzifədən azad edib. Korrupsiya qalmaqalı isə enerji sisteminə Rusiya hücumları zamanı saatlarla işıqsız qalan ukraynalılar arasında ciddi qəzəb doğurub.
Sülh danışıqları fonunda yeni gərginlik
Qalmaqal bir müddət əvvəl Donald Trampın Rusiyaya yaxın mövqeli 28 bəndlik “sülh planı”nın gündəmə düşməsi ilə kölgədə qalmışdı. Lakin Yermakın evinə basqın yenidən diqqəti məsələyə yönəldib. Üstəlik Kiyev ABŞ-yə təqdim etməyə hazırlaşdığı 19 bəndlik əks-təklifin diplomatik mərhələsindədir. Yermak ABŞ dövlət katibi Marko Rubio ilə Cenevrədə danışıqlara rəhbərlik edirdi.
İstintaqın əsas sübutları “NABU”nun gizli şəkildə topladığı 1000 saatdan çox səs yazısından ibarətdir. Jurnalistlərə sızdırılan həmin danışıqlarda bir şübhəlinin sözləri xüsusilə rezonans doğurub:
“Elektrik stansiyalarını Rusiya hücumlarından qorumaq üçün müdafiə qurmaq təəssüf olar… O pulu daha yaxşı oğurlamaq olardı”.