Prezident qərarını strategiyanın dəyişdirilməsinin zəruriliyi ilə əsaslandırıb
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı istefaya göndərilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
O deyib ki, Zalujnının yerinə general-polkovnik Aleksandr Sırskin Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib.
Zelenski bu qərarını yanaşma və strategiyanın dəyişdirilməsinin zəruriliyi ilə əsaslandırıb.
“2022-ci ilin vəzifəsi 2024-cü ilin vəzifələrindən fərqlidir. Ona görə də hamı dəyişməlidir və yeni reallıqlara uyğunlaşmalıdır”, – deyə o qeyd edib.
Prezident bildirib ki, 2024-cü il Ukrayna üçün yalnız müdafiə bazasında effektiv dəyişikliklərlə uğurlu ola bilər.
O, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə də görüşüb, onunla silahlı qüvvələrin hansı yeniliyə ehtiyacı olduğunu müzakirə edib.
Zelenski qeyd edib ki, o, Zalujnını komandada davam etməyə dəvət edib.
Zalujnının özü də Zelenski ilə görüşdən yazıb.
Deyib ki, Prezidentlə “vacib və ciddi söhbəti” olub.
“Qərar verilib ki, yanaşma və strategiyada dəyişiklik lazımdır”, – deyə o vurğulayıb.
General-polkovnik Aleksandr Sırski 1965-ci ildə doğulub.
O, 1980-ci ildən Ukraynada yaşayır. Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirən Aleksandr Sırski 6 il sonra motoatıcı tağım komandiri kimi xidmətə başlayıb.
Aleksandr Sırski 1993-cü ildən Çuguevdə Ukrayna Milli Qvardiyasının 6-cı diviziyasının motoatıcı batalyonuna komandirlik edib, sonra bu diviziyanın alay komandiri olub.
Aleksandr Sırski 2000-ci illərin əvvəllərində Bila Tserkvada yerləşən 72-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadanın komandiri olub və general-mayor rütbəsi alıb.
2014-cü ilin əvvəlində o, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlıq Mərkəzinin rəhbərinin birinci müavini təyin edilib.
Aleksandr Sırski 2016-cı ildən – Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi, 1 il sonra Donetsk və Luqansk vilayətlərində antiterror əməliyyatının rəhbəri təyin edilib.
2019-cu il Prezident seçkisində Volodimir Zelenskinin qələbəsindən sonra Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi vəzifəsindən azad edilərək Ukrayna Quru Qoşunlarının komandanı təyin edilib.
Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə Aleksandr Sırski Kiyevin müdafiəsinə komandanlıq edib və buna görə Prezident Volodimir Zelenski tərəfindən Ukrayna Qəhrəmanı adına layiq görülüb.