Zaqatalada küçələri və evləri su basdı, poçt binasını sel apardı

Yağış, sel, daşqın. Foto: Meydan TV

İyulun 7-si axşam saatlarından Zaqatalada başlayan intensiv yağışlar iyulun 9-da selə səbəb olub. Talaçay və Muxaxçay çaylarının daşması nəticəsində rayonun bir sıra kəndləri və şəhərin bəzi əraziləri su altında qalıb.

Sel Yuxarı Tala, Aşağı Tala, Vöhtala, Meşleş, Bəhmədli, Lahıc və Aşağı Çardaxlar kəndlərində evlərə, həyətyanı sahələrə, əkin və bağ təsərrüfatlarına ziyan vurub. Hadisə nəticəsində yollar, körpülər, su və elektrik xətləri zədələnib, bəzi yaşayış məntəqələri ilə əlaqə çətinləşib.

Zaqatala rayonu üzrə insan tələfatı qeydə alınmayıb.

Ən çox zərər çəkən ərazilərdən biri Vöhtala kəndidir. Sel nəticəsində kəndə gedən avtomobil yollarının və körpülərin bir hissəsi dağılıb. Meşleş kəndində də vəziyyətin ağır olduğu, yol və əlaqə problemləri səbəbindən bəzi sakinlərin təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilir.

Yuxarı Tala kəndinin Qırğıllı ərazisində sel sahilbərkitmə qurğularına ziyan vurub. İlkin məlumatlara görə, burada təxminən 50 metr uzunluğunda mühafizə bəndi dağılıb.

Sel nəticəsində Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən magistral xətlər də zədələnib. Bu səbəbdən Zaqatala şəhəri və İkinci Tala kəndində minlərlə sakinin su təminatında problem yaranıb. Əhaliyə su maşınları vasitəsilə içməli su çatdırıldığı deyilir.

Bəhmədli, Lahıc, Aşağı Çardaxlar və Yolayrıc kəndlərində də sel sularının fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, taxıl, qarğıdalı sahələrinə və fındıq bağlarına ziyan vurduğu bildirilir.

Sel Zaqatala şəhərinin bəzi ərazilərinə də təsir edib. Sakinlərin məlumatına görə, şəhərin “Qaqarin” adlanan hissəsində, Anar Həmidov, Nəriman Nərimanov və Zeynalabdin Tağıyev küçələri ətrafında elektrik dirəkləri aşıb, kommunikasiya xətləri zədələnib.

Həmin ərazidə yerləşən 1 saylı poçt şöbəsinin binasının sel nəticəsində dağıldığı bildirilir. Kommunikasiya xətlərinin zədələnməsi səbəbindən şəhərin bəzi hissələrində su təminatında problemlər yaranıb.

Zaqatala rayonu üzrə insan ölümü barədə rəsmi məlumat yoxdur. Sakinlərin vaxtında təhlükəsiz ərazilərə köçürülməsi daha ağır nəticələrin qarşısını alıb.

Bununla yanaşı, Balakən rayonunun Katex kəndində bədbəxt hadisə baş verdiyi bildirilir. 1983-cü il təvəllüdlü kənd sakini Aslan Rzayev sel sularının gətirdiyi odun parçalarını toplamaq istəyərkən suya düşərək həyatını itirib.

Fövqaladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin qüvvələri Zaqatala ilə yanaşı, Balakən və Ağstafa rayonlarında da sel nəticəsində zərər çəkmiş ərazilərdə iş aparır. Fərdi evlərin həyətlərindən suyun çəkilməsi, təhlükəli ərazilərdə sakinlərin təhlükəsizliyinin təmin olunması və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Zaqatala Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda ən ciddi problemlərdən biri şəhərin içməli su təminatı ilə bağlıdır.

“Sel nəticəsində yaranan fəsadlar səbəbindən Zaqatala şəhərinin bəzi ərazilərinə suyun verilməsi təxminən 10 gün müddətində mümkün olmaya bilər. Eyni zamanda, İkinci Tala kəndində də içməli su təchizatının bərpasının 10-15 gün çəkəcəyi ehtimal edilir”, – yerli mətbuat İH-nə istinadla bildirir.

Milli Hidrometeorologiya Xidməti isə bölgədə qeyri-sabit hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Zaqatala sel riski yüksək olan rayonlardan biridir. Rayonda əvvəlki illərdə də oxşar hadisələr baş verib. 2025-ci ilin sentyabrında Talaçay və Muxaxçayın daşması nəticəsində Hövtala kəndində piyada körpüsünün zədələndiyi, bəzi evlərə və fındıq bağlarına ziyan dəydiyi bildirilmişdi.

Ana səhifəSosialZaqatalada küçələri və evləri su basdı, poçt binasını sel apardı