Zakir Qaralov, Eldar Mahmudov və Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb olundu

Rüstəm Usubov, ZakirQaralov və Eıdar Mahmudov, Foto: Meydan TV

Hüseyn Səfərov: “Məndən alınan 2 milyonun bir hissəsi onlara çatıb”

Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış şəxslər tərəfindən şərlənərək həbs olunduğunu deyən “Kapitalbank”ın keçmiş filial müdiri Hüseyn Səfərov başına gələnlərə görə həm də keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovu ittiham edir. Mövlam Şıxəliyev və onun tabeliyindəki idarə və şöbələrə rəhbərlik etmiş Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun məhkəməsində zərərçəkmiş qismində ifadə verən Hüseyn Səfərov bildirib ki, bu dörd nəfərin cəzalandırılması kifayət deyil. Onun fikrincə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyilə baxılır. Hüseyn Səfərov vəsatət qaldırıb ki, adları çəkilən şəxslər heç olmasa, məhkəmədə şahid qismində dindirilsin.

“Mən həm də bunların naziri olmuş Eldar Mahmudovdan, istintaqa nəzarət edən Baş prokuror Zakir Qaralovdan, barəmdə həbs qətimkan tədbiri seçilməsi üçün əsassız təqdimat vermiş Rüstəm Usubovdan şikayətçiyəm. Onlar da bu gün Mövlam Şıxəliyevin yanında dəmir qəfəsdə olmalıdır. Məni 67 gün girov saxlayıb, 2 milyon dollarımı alıb azad ediblər. Həmin pulun əsas hissəsi Eldar Mahmudova, bir hissəsi Mövlam Şıxəliyevə, qalan hissəsi isə Zakir Qaralovla Rüstəm Usubova çatıb.Vüsal Ələkbərova həmin puldan tör-töküntü veriblər. Buna görə də vəsatət qaldırıram ki, Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov məhkəməyə çağırılsın, dindirilsin, onların barəsində qanuni ölçü götürülsün”, – Hüseyn Səfərov bildirib.

Lakin onun vəsatəti baxılmamış saxlanıb.

2 milyon dollar alındıqdan sonra da keçmiş MTN-çilərin ondan əl çəkmədiyini deyən zərərçəkmişin sözlərinə görə, Mövlam Şıxəliyevə general rütbəsi veriləndə Vüsal Ələkbərov ona hər biri 6500 manat olan iki “Vertu” telefonu, daha sonra generalın ad günündə qızıl saat, ardınca isə özü üçün ov tüfəngi aldırıb.

Hüseyn Səfərov ov tüfənginin qaytarılmasını da məhkəmədə tələb edib. O bildirib ki, tüfəngi Vüsal Ələkbərovun qardaşıyla görüşüb, ona vermişdi: “Ya silahı qaytarsınlar, ya da pulunu…”

Keçmiş MTN polkovniki Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov da məhkəmədə bu barədə sualı cavablandırarkən tüfəngi aldığını təsdiqləyib. O bildirib ki, qardaşı Hüseyn Səfərovla görüşüb, tüfəngi ondan alaraq, ata evlərinə aparmasını istəmişdi: “Demişdi ki, Binədə yerləşən ata evimizə aparım, bizim evdə uşaq var. Mən də gedib silahı götürüb ata evinə qoydim. Vüsal demişdi ki, lazım olanda gəlib götürəcək”.

Keçmiş MTN-çilərin məhkəməsinə media nümayəndələri buraxılmır. Heç bir səbəb də göstərilmir. Bu dəfə prosesə media nümayəndələrilə yanaşı, zərərçəkmiş Hüseyn Səfərovun nümayəndəsi, vəkil Elçin Sadıqov da məhkəməyə buraxılmayıb. Vəkilin əlində planşet olması əsas gətirilib. Elçin Sadıqov bildirib ki, bütün materiallar planşetdədir və bu vəsait onun işi üçün çox vacibdir. Buna baxmayaraq, vəkilin prosesdə iştirakına imkan verilməyib.

Elçin Sadıqov bildirib ki, hakimlərin bu qərarı qanunsuzdur və Məhkəmə-Hüquq Şurasına şikayət edəcək.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Ana səhifəSiyasətZakir Qaralov, Eldar Mahmudov və Rüstəm Usubovun məhkəmədə dindirilməsi tələb olundu