Yuxarıdan inqilab və ya …

Source:

Azərbaycanda sistemli böhran dərinləşməkdə davam edir, hökumətdə durğunluq, milli valyutanın məzənnəsinin düşməsi, bank sisteminin dağılması, inflyasiyanın artması, Mərkəzi Bankın ehtiyatlarının azalması, işsizliyin artması buna dəlalət edir.

Bu siyahını davam etdirmək olardı. Amma, görünür, böhranın sərhədlərinin genişlənməsinin mühüm göstəricisi kimi Azərbaycan cəmiyyətində, xüsusən əyalətlərdə etirazçı əhval-ruhiyyənin artması çıxış edir. Təkcə son bir ayda ölkənin müxtəlif regionlarında kortəbii sosial-iqtisadi etiraz aksiyaları keçirilib: narazı vətəndaşlar Bakı-Sumqayıt, Bakı-Şamaxı, Bərdə, Saatlı yollarını bağlayıblar, Göyçayda, Gəncədə çıxışlar olub. Bu hallardan heç birində hakimiyyət etirazçıları dağıtmaq üçün güc tətbiq etməyib, bu, avtoritar rejim üçün səciyyəvi deyil, amma cəmiyyətdə partlayış təhlükəsiz olan qarışıq olduğunu göstərir, ölkə rəhbərliyi də bundan xəbərdardır. Güc tətbiq edilərsə, ayrı-ayrı kortəbii aksiyalar zəncirvari reaksiyaya çevrilə bilər ki, bu da iqtisadi səbəblərdən irəli gələn etirazçı əhval-ruhiyyəni sakitləşdirə bilməz.

Prezident İlham Əliyev hələ 2015-ci ilin əvvəlində vəd etdiyi təxirəsalınmaz islahatları gecikdirir. Bütün bu müddət ərzində hökumətin əməlləri böhran vəziyyətinə uyğun olmayıb, bu da cəmiyyətin vəziyyətinin pisləşməsinə gətirib çıxarıb. Bu, kütlələrin yoxsullaşmasında və bütünlükdə əhalinin həyat səviyyəsinin düşməsində özünü göstərir.

Komandanın əməlləri böhran gerçəyi və neft qiymətlərinin artması ümidi arasında manevr xarakteri daşıyır. Neft qiymətlərinin artmasına dərin və operativ islahatların, o cümlədən iqtisadiyyatın sözdə deyil, əməldə şaxələndirilməsi zərurətindən yeganə “xilasedici” kimi baxırlar. (Böhran göstərib ki, hökumətin ölkə iqtisadiyyatının 50% şaxələndirilməsi haqqında bəyanatları saxta idi).

Prezidentin institusional islahatları, onlarla birlikdə bütünlükdə islahatları gələn ilin yazına qədər təxirə salması məhz yarımçıq tədbirlərlə canını qurtarıb rejimi saxlamaq cəhdinə dəlalət edir. Amma OPEC-in noyabrın 30-da keçiriləcək sammiti haqqında proqnozlarda daha çox beynəlxalq şübhə sezilir. Azərbaycandakı rejim qara qızılın qiymətlərinin artırılması üçün taleyüklü qərar qəbul ediləcəyi düşüncəsi ilə həmin sammitə böyük ümid bəsləyir.

Amma Rusiyada belə OPEC sammitinin uğurlu olacağına inanmırlar. Onun ardınca 2015-ci ilin qışında Azərbaycan da bir qədər gecikərək, antiböhran tədbirləri (islahatların hazırlanması üzrə prezident qurumunun yaradılması, iqtisadiyyatın şaxələndirilməsi üzrə yeni proqram, yeni özəlləşdirmə) haqqında danışmağa başlamışdı. Moskva elitasında vəziyyət getdikcə daha çox şübhə və narahatlıq doğurur, sabitlik üçün təhlükə artır. RF-nin keçmiş iqtisadi inkişaf naziri, hazırda Sberbank-ın sədri German Qref artıq ölkənin böhranın qarşısıalınmaz təhlükəli həddinə yaxınlaşdığı və acınacaqlı nəticələri olacağı haqqında işarə verir.

Oktyabrın 3-də Rusiyanın Birinci Kanalında “Pozner” verilişinin efirində Qref qeyd edib ki, “bütün hisslərə, bu gün gördüyümüz bütün trendlərə görə, belə superxammal silsiləsi təkrarlanmayacaq. Buna hazırlaşmaq lazımdır”. Rusiya iqtisadiyyatını monoresurslu adlandıran Sberbank sədri qeyd edib ki, tarixən monoresurslu iqtisadi vəziyyətdən çıxış çox ağrılı olub: “O, həmişə ya inqilabi təzahürlər, ya vətəndaş müharibəsi, ya xarici ölkələrdən güclü asılılıqlı bağlıdır”. Daha sonra o qeyd edib ki, “hakimiyyətdə bir çox insanlar” bu vəziyyəti çox yaxşı təsəvvür edir, amma heç də hamı dəyişikliklərə hazır deyil. “Monoresurslu vəziyyətdən” yeganə ağrısız çıxış yolu kimi Qref iqtisadiyyatın şaxələndirilməsini göstərib.

Beləliklə, Rusiyadan fərqli olaraq, Azərbaycanı əminliklə supermonoresurslu dövlət adlandırmaq olar. Və bu dağılma prosesi göründüyündən daha sürətli baş verə bilər. Hələki, prezidentin hərəkətlərindən və iqtisadi göstəricilərdən göründüyü kimi, ölkə üç mümkün ssenaridən ikisinin inkişafı mərhələsindədir:



1. inqilab



2. vətəndaş müharibəsi



3. xarici təsirdən asılılıq.

Prezident genişmiqyaslı islahatların aparılacağını bildirib ki, buna yuxarıdan inqilab kimi baxmaq olar. Amma hələlik bu, islahatların yol xəritəsinin hazırlığı və struktur dəyişikliklərinə doğru bir addım kimi referendum şəklində bəzi real təsirləri olan anonsdur. Amma reallıqda üçüncü amil – xarici təsirdən asılılığın artırılması tam gücü ilə işə salınıb. 2014-cü ildə böhran ərəfəsində xarici borc ÜDM-in 7 faizi səviyyəsində idisə, indi 30 faizi keçib və həndəsi silsilə ilə artmaqda davam edir, belə ki, hakimiyyət milyardlarla yeni borcların axtarışındadır.

Prezident yuxarıdan islahatları uzatmağa davam edərsə, yuxarıların inqilabı aşağıların inqilabına çevrilə bilər, bu mərhələdə cəmiyyətlə güzəşt olmadığı təqdirdə isə vəziyyət ikinci ssenari ilə davam edə – vətəndaş müharibəsinə çevrilə bilər. Bu ssenari həyata keçə bilər, amma Azərbaycanın müasir tarixinin ən çətin dövrlərində cəmiyyətin və dövlətin konsensus tapmaq iqtidarında olması nöqteyi-nəzərdən bu ehtimal çox kiçikdir. Amma hətta belə olan halda, nəzərə almaq lazımdır ki, tarix daimi ölçü deyil.

Ana səhifəAnalitikaYuxarıdan inqilab və ya …