“Yuxarı təbəqədə dırnaq kəsəndə, aşağı təbəqədə barmaq kəsərlər”


Ölkənin məşhur çəkməçisi Meydan TV-nin reportyorunu öz maraq dünyasına apardı. Çəkmələri ilə kitabları eyni rəfdə olan çəkməçi dünya klassikləri ilə bir otaqda yaşayır. Bu otaqda baş verənləri fotosessiyadan izləyin.

79 yaşını haqlamış Əli Əhmədov öz sənəti ilə Azərbaycanda xeyli tanınmış sənətkarlardandır. Əslən Şəkidən olan tanınmış çəkməçi Əli kişi çəkmələri heç də adi adamlar üçün tikmir. O, Azərbaycanı dünyada tanıdan Tahir Salahova, Aşıq Şəmşir, Rəşid Behbudova və başqalarına ayaqqabı tikmişdir. Artıq 50 ildən çoxdur ki, onun çəkmələrini həm də rəqqaslar geyir. O, 1991-ci ildə ”Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Bakı Xoreorafiya məktəbinin rəqqaslarının ayaq geyimlərini çəkməçi Əli kişi tikir.

Onun tək əli işləri yox, elə özü də maraqlı həyatı olan insandı. Şəkidə anadan olan Əli kişinin atası 1937-ci ildə repressiya qurbanı olduğundan, yetimlik ona tam orta təhsil almağa belə imkan verməyib. Yalnız 6-cı sinifə qədər təhsil ala bilsə də hələ aşağı siniflərdən Nizaminin “Xəmsə”sini oxumağa başlamışdı və hər 5 poemanı əzbərdən bilir. 1952-ci ildə doğulduğu Şəkidən Bakıya köçdükdən sonra xalq artisti Əlibaba Abdullayevin dəvəti ilə Dövlət Filarmoniyasında işləməyə başlayıb. Emalatxanasında dəri çəkmələrdən başqa yüzlərlə kitab var. O, hər gün emalatxanaya gələndə bu kitablardan birini götürüb oxuduğunu deyir. Əli kişinin dostlarından biri də Bəxtiyar Vahabzadə olub.

Ana səhifəVideo“Yuxarı təbəqədə dırnaq kəsəndə, aşağı təbəqədə barmaq kəsərlər”