Yerli, yoxsa əcnəbi: Milli komanda kimə tapşırılsın?

“Azərbaycan milli komandasına lap Mourinyonu gətir e…”

Source: Meydan TV

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postu hələ də boşdur. Artıq iki aydan da çoxdur ki, ölkənin futbol ictimaiyyəti yeni baş məşqçi məsələsini müzakirə edir, müxtəlif namizədlərin adları hallanır. Amma görünən budur ki, AFFA rəhbərliyi ötən ilin dekabr ayında yollarını ayırdığı xorvatiyalı mütəxəssis Nikola Yurçeviçi əvəzləyəcək məşqçini hələ tapa bilməyib.

Azərbaycan millisinin baş məşqi postu ilə bağlı müzakirələr daha çox bir sual ətrafında gedir: yığma komandanın “sükan”ı yerli, yoxsa xarici mütəxəsissə tapşırılmalıdır?

İndiyədək Azərbaycan milli komandanın baş məşqçi postunda yerlilərə də, xarici məşqçilərə də kifayət qədər şans verilib. Amma nəticə… Nəticə bizim üçün həmişə oxşar olub. İştirak etdiyimiz dünya və Avropa çempionatlarının qrup mərhələlərində ya sonuncu, ya da ən yaxşı halda sonuncudan əvvəlki yeri tutmuşuq. Dünya və Avropa çempionatlarının final mərhələlərinə vəsiqə qazanmaq isə hələ də bütün azərbaycanlılar üçün şirin xəyaldan başqa bir şey deyil. Ancaq hər halda, jurnalistlər, azarkeşlər arasında “milli komandanın yeni baş məşqçisi kim olmalıdır” sualı ətrafında müzakirələr, mübahisələr gedir. İndiyədək milli komandanın dünya və Avropa çempionatlarının qrup mərhələlərində baş məşqçiləri olmuş mütəxəssislərin nəticələrinə nəzər salmaqla, göz önündə müəyyən tablo canlandırmaq olar.

88175472_189130642523541_4278519113149579264_n.jpg
Ağasəlim Mircavadov

Ağasəlim Mircavadov: AÇ-1996 – 1 xal

Azərbaycan millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının seçmə mərhələsində Rumıniya, Polşa, Fransa, Slovakiya, İsraillə 1-ci qrupda yer almışdı. 10 oyunda yalnız Polşa ilə qolsuz bərabərə qalan milli komanda seçmə mərhələni 1 xalla tərk edib. Mircavadovun rəhbərlik etdiyi komanda 10 oyunda 2 qol vurub, 29 top buraxmışdı. "Oser faciəsi" adlanan oyun də məhz Mircavadovun yığmadakı baş məşqçilik dövrünə təsadüf edib. Komanda Fransa yığmasına səfərdə 0:10 hesabıyla uduzub.

Kazbek Tuayev: DÇ-1998 – 3 xal

DÇ-1998-də Azərbaycan yığması Norveç, Macarıstan, Finlandiya və İsveçrə ilə bir qrupda mübarizə aparıb. 8 oyunda 1 qələbə, 7 məğlubiyyət alan millinin yeganə 3 xalı İsveçrə ilə oyuna təsadüf edib. Vidadi Rzayevin vurduğu qol, milli komandanın dünya çempionatları tarixində ilk qolu olub.

Əhməd Ələsgərov: AÇ-2000 – 4 xal

AÇ-2000-də Azərbaycan yığması Rumıniya, Portuqaliya, Slovakiya, Macarıstan və Lixtenşteynlə bir qrupda yer alıb. 10 oyunda 4 xal qazanan yığma komanda yeganə qələbəsini Lixtenşteynlə oyunda alıb – 4:0.

İqor Ponomaryov: DÇ-2002 – 5 xal

DÇ-2002-də Azərbaycan millisi İsveç, Türkiyə, Slovakiya, Makedoniya və Moldova ilə bir qrupda yer alıb. 10 oyunda 5 xal toplayan millinin yeganə qələbəsi Slovakiyaya qarşı oyunda olub – 2:0.

Əsgər Abdullayev: AÇ-2004 – 4 xal

AÇ-2004-də milli komanda İtaliya, Serbiya, Uels və Finlandiya ilə bir qrupda yer alıb. 8 oyunda 4 xal toplayan millinin yeganə qələbəsi Serbiya ilə qarşılaşmada olub – 2:1. Elə 2:2 hesablı heç-heçə ilə əldə olunan 1 xal da serblərlə səfərdəki matçda əldə edilmişdi.

88184788_619014155325587_3263628829414916096_n.jpg
Karlos Alberto Torres

Karlos Alberto Torres: DÇ-2006 – 3 xal

Mərhum braziliyalı Karlos Alberto Torresin rəhbrəlik etdiyi Azərbaycan millisi DÇ-2006-da İngiltərə, Polşa, Şimali İrlandiya, Uels və Avstriya ilə bir qrupda yer almışdı. 10 oyunda 3 xal toplayan yığma komanda turniri qələbəsiz başa vurmuşdu. Seçmə mərhələ çərçivəsində Azərbaycan millisi səfərdə Polşaya biabırçı – 0:8 hesabıyla məğlub olmuşdu.

Şahin Diniyev: AÇ-2008 – 5 xal

AÇ-2008-də Azərbaycan millisi Polşa, Qazaxıstan, Finlandiya, Belçika, Serbiya və Portuqaliya ilə eyni qrupda yer almışdı. 12 oyunda 5 xal toplayan yığma, yeganə qələbəsini Finlandiya ilə Bakıdakı oyununda qazanıb – 2:1.

Berti Foqts: DÇ-2010 – 5 xal

Almaniyalı Berti Foqtsun başçılıq etdiyi milli komanda DÇ-2010-da Almaniya, Rusiya, Finlandiya, Uels və Lixtenşteynlə eyni qrupda mübarizə aparıb. 10 oyunda 5 xal qazanan yığmanın yeganə qələbəsi Lixtenşteynlə oyunda olub – 2:0.

88197321_517474478824957_2857999507956695040_n.jpg
Berti Foqts

Berti Foqts: AÇ-2012 – 7 xal

AÇ-2012-də də Azərbaycan millisinin “sükanı arxasında” Berti Foqts dayanmışdı. Onun rəhbərliyi altında meydana çıxan milli komanda Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstanla bir qrupda yer alaraq, 10 oyunda 7 xal toplaya bilmişdi.

Berti Foqts: DÇ-2014 – 9 xal

AFFA rəhbərliyinin vaz keçmək istəmədiyi Foqts, DÇ-2014-də də Azərbaycan millisinin baş məşqçi postunu tuturdu. Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya və Lüksemburqla bir qrupda yer alan Azərbaycan millisi 10 oyunda 9 xal əldə edə bilmişdi.

Robert Prosineçki: AÇ-2016 – 6 xal

AÇ-2016-da İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə bir qrupda yer alan milli komanda 6 xal toplayıb. Xorvatiyalı Robert Prosineçkinin başçılıq etdiyi millinin yeganə qələbəsi Malta ilə görüşdə qazanılıb – 2:0.

88064008_2596266234032377_743693421461372928_n.jpg
Robert Prosineçki

Robert Prosineçki: DÇ-2018 – 10 xal

DÇ-2018-də də Azərbaycan millisinin “sükanı arxasında” Prosineçki var idi. Almaniya, Şimali İrlandiya, Çexiya, Norveç və San Marino ilə bir qrupda yer alan Azərbaycan millisi 3 qələbə qazanıb və tarixinin ən yaxşı nəticəsini əldə edib – 10 xal.

72732584_587727685100337_3982361683363364864_n.jpg
Nikola Yurçeviç

Nikola Yurçeviç: AÇ-2020 – 1 xal

AÇ-2020-də Slovakiya, Xorvatiya, Macarıstan və Uelslə bir qrupda yer alan Azərbaycan yığması Nikola Yurçeviçin rəhbərliyi altında cəmi 1 xal qazana bilib. Sonuncu dəfə 1996-cı ildə bir turniri bu nəticə ilə başa vuran milli komanda, AÇ-2020-nin qrup mərhələsində yeganə xalını Bakıda – Xorvatiya yığmasına qarşı keçirilən oyunda əldə edib – 1:1.

Qurban Qurbanov və başqaları

Azərbaycan milli komandasının baş məşqçi postunda müvəqqəti, bir neçə oyunluq əyləşənlər də olub. Məsələn, Vaqif Sadıqov, Qyoko Hacievski kimi mütəxəssislər bir neçə dəfə milli komandanı oyuna çıxarıb. Hacievskinin Azərbaycan millisinin baş məşqçisi kimi qələbəsi olmayıbsa (2 oyun, 2 məğlubiyyət), Sadıqov mərhum Karlos Alberto Torresin istefasından sonra “sükan arxasına” keçməklə, Bakıda Avstriya ilə oyunda heç-heçəyə nail olmuşdu. Amma bu müvəqqəti məşqçilərin mənfi-müsbət nəticələri də ümumi seçmə mərhələyə aid olduğundan, onları xüsusi fərqləndirməyə ehtiyac yoxdur.

Hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov isə Azərbaycan millisinin baş məşqçisi postunda yalnız UEFA Millətlər Liqasında mübarizə aparıb. Həmin UEFA Millətlər Liqası ki, Azərbaycan yığması orda uğursuz çıxış etmiş, nəticədə, Qurbanov baş məşqçi postundan göndərilmişdi.

Lap Mourinyonu gətir e…

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusonun bir ifadəsi var: “Statistika mini yubka kimidir, çox şeyi göstərsə də, əsas olanı göstərmir”. Amma nə yazıq ki, Azərbaycan milli komandasının statistikası da, meydanda sərgilədiyi oyun da bir şeyi göstərir: uğursuzluq! Keçmişə boylananda bir şeyi görür və anlayırsan ki, baş məşqçi postunda kimin olmasından asılı olmayaraq, biz seçmə mərhələləri sonuncu, ya da sonuncudan əvvəlki kimi başa vurmuşuq. Hə, bəzən bəxtimiz gətirib, seçmə mərhələdə San Marino, Lixtenşteyn, Malta kimi “cırtdan” rəqiblərlə qarşılaşmışıq, bunun da sayəsində qrup mərhələsini 1-2 xalla başa vurmaq rüsvayçılığından canımız qurtarıb. Ancaq ümümulikdə, aydın olan bir şey var ki, azərbaycanlı futbolsevərlərin dilindən düşməyən həmin o ifadə haqsız yerə ortaya çıxmayıb: “Azərbaycan milli komandasına lap Joze Mourinyonu gətir e, xeyri yoxdur”.

Ana səhifəAnalitikaYerli, yoxsa əcnəbi: Milli komanda kimə tapşırılsın?