Tədbirin keçirilməsinə 203,6 min manat ayrılıb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı başlayıb.
Tədbir Akademik Milli Dram Teatrında keçirilir.
Birliyinin dəvətilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.
AYB-in qurultayının 2022-ci il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı.
AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın gecikməsini maliyyə çatışmazlığı ilə izah etmiş, hətta tədbirin təşkili üçün kredit götürüldüyünü bildirmişdi.
Sədr qurultayının keçirilməsi üçün daha sonra ölkə rəhbərliyinə də müraciət etmişdi.
Nəticədə dövlət tərəfindən Mədəniyyət Nazirliyi vasitəsilə AYB-nin hesabına 203,6 min manat köçürülmüşdü.
AYB-də qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib və Anar Rzayev sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.
2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb.
Yazarlar tərəfindən AYB-nin fəaliyyətinə münasibət birmənalı deyir. Məsələn, yazar Şərif Ağayar öz “Facebook” hesabından qurultayın keçirilməsinə belə münasibət bildirib:
“Dəhşət bilirsiniz nədir? Bu rəhmətliklərin qurultayına büdcədən 203 min manat pul ayrılıb. Halbuki 20-30 minə babat bir roman ərsəyə gətirib dünyanın nüfuzlu nəşriyyatlarından birində yayımlamaq, nüfuzlu mükafatlara təqdim etmək olar. Sonra da deyirlər bizdə niyə alınmır. Çox sadədir cavab: çünki cəhd eləmirik.
Anar Azərbaycan ədəbiyyatının anasını ağlatdı…“.