Yataqxana sakinləri: “Gərək bina uçsun, ölək?”

Fotolar: Meydan TV

Ekspert: “Dövlət tikinti sektorundakı sahibkarlara güzəştlər tətbiq edilməlidir”

Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 16 nömrəli yataqxananın sakinləri binanın qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

Bina sakini Maya Quliyeva Meydan TV-yə deyir ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, heç bir nəticə yoxdur:

Dəfələrlə Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişik. Onlar rəy göndərib ki, Sumqayıtdakı bu yataqxana texniki cəhətdən yaşayışa cavab vermir, istismar müddətini başa vurub, insanlar köçürülməlidir, ancaq İcra Hakimiyyəti bu rəyi gizlədib heç bir tədbir görmür”.

Sakinlərin dediyinə görə, 130 ailənin məskunlaşdığı binanın görüntüsü nə xaricdən, nə də daxildən ürəkaçan vəziyyətdədir. İşləməyən kanalizasiya, çirkab su ilə dolu, üfunət iyi verən bərbad zirzəmi, tökülən tavan, eroziyaya uğrayan divarlar binada hər an baş verəcək qəzadan xəbər verir.

Onlar bildiriblər ki, son günlər binada vəziyyət daha da çətinləşib:

Binanın üç pilləkənı belə torpağa batıb, ayaqyolu bərbaddır, istifadə müddəti bitib, üfunət iyindən dayanmaq olmur. Ümumi mətbəxin tavanı çökür, ehtiyatla dururuq. Evimə ehtiyatla girirəm ki, bu saat çökəcək. Palazı sərirəm, səhər qalxıram ki, altı sudur. Binanın bütün çirkab axıntıları ümumi daşıyıcı xətt yoxdur deyə zirzəmiyə tökülür. Yay, yaz iydən, həşarat əlindən tərpənmək olmur”.

Durum yaşanılmazdır və bina xəstəlik mənbəyidir. Zirzəmilərdə hazırda 80-90 sm dərinlikdə çirkab axıntı var. Qapı-pəncərələr uçur, binanın xarici fasadı dağılıb-tökülür. Bitindən tutmuş birəsinə qədər evlərin içindədir. Dezinfeksiya edənlər də bir-iki dəfə gəliblər, sonra o gedən gediblər. 32 ilin sakiniyəm. Desinlər ki, bu binanın aqibəti nə olacaq?” – deyə Maya Quliyeva gileylənir.

“Nə köçürüləcəyimizə, nə yeni bina tikiləcəyinə söz verilir”

50 il öncə inşa olunan binada yerli sakinlərlə bərabər Qubadlı, Füzuli və Zəngilan rayonundan olan məcburi köçkünlər də yaşayır.

Sakinlər deyir ki, son üç ildə baxımsızlıqdan binanın sol tərəfi bir metrdən çox çöküb. Hətta binanın girişindəki pilləkən belə yerin altına girib.

Onların sözlərinə görə, zavodun balansında çıxan bina son 12 ildə bir dəfə də olsa, əsaslı və yaxud yüngül təmir edilməyib. Deyirlər ki, gərək bina uçsun ki, onların çoxsaylı müraciəti eşidilsin. Binanın cari vəziyyəti onların həyatı üçün hər an təhlükə deməkdir. Ancaq aidiyyəti qurumlar illərdir ki, onları ya dinləmir, ya da dinləyib yola verirlər…

Bina sakini Elşən Əsədov da acınacaqlı durumdan şikayətlənir:

Çökmə əsas biz tərəfə düşür. Üz-üzə dayananda görünür ki, binanın bir tərəfi çöküb. Bu, çox təhlükəlidir, gərək bina uçsun, ölək? Binanın əyilən tərəfində 30 ailə yaşayır. Evlərdə əyilən tərəfə qoylan əşyalar belə sürüşür, divar tərəf aşır. Biz çox qorxuruq ki, gecə yatdığımız vaxt bina uçsun. Heç bilmirik ki, gündüz uçsa belə, nə edəcəyik? İkinci mərtəbəsində yaşayır ailəm, daha çox əyilməni biz hiss edirik. Gecə səhərədək binadan səslər çıxır”.

“15 ailə məcburi köçkündür, digər sakinlər isə yerlidir. Müraciət edirik, amma nə köçürüləcəyimizə, nə yeni bina tikiləcəyinə söz verilir. Fövqəladə Hallar Nazirliyi rəy verir ki, bina yaşayış üçün uyğun deyil. İcra Hakimiyyəti isə ya qaçıb-gizlənir, ya da deyir ki, nə vaxtsa təmir olunacaq. İstismar müddətini başa vurmuş binaları necə təmir edəcəklər?” – deyə Elşən Əsədov etirazını bildirir.

“Uçsa da, tökülsə də, burada yaşamağa məcburuq”

Şəhər sakinləri bildirir ki, Sumqayıtdakı yataqxanaların əksəriyyətinin vəziyyəti qənaətbəxş deyil. İstismar müddətini başa vuran bu binalar sökülməli, əvəzində yeni yaşayış binaları salınmalıdır.

Yataqxana sakini Tofiq Salamov da aidiyyəti qurumları binadakı vəziyyətlə bağlı hərəkətə çağırır:

“40 ildir ki, yataqxanada yaşayıram. Bir dəfə gəlib deməyiblər ki, təmir edək, ya da bu binanın aqibəti necə olacaq? Məcburuq uçsa da, tökülsə də, yaşayaq. Nə görüntüsü ürəkaçandır, nə içinin şəraiti. Yataqxanalar indiyə qədər qalmamalı idi”.

“Sumqayıtda 50-60 ci illərdə salınan xeyli bina var”

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Meydan TV-yə bildirildi ki, şəhərdə mövcud 70 yataqxanadan 61 onların balansında olub. Ötən il üçü qəzalı olmasından dolayı sökülüb və sakinləri kompensasiya ilə təmin edilib. Ancaq digər təhlükəli vəziyyətdə olan binalara rəy gəlmədiyindən yaxın gələcəkdə aqibəti bilinmir.

Sakinlərin şikayətçi olduğu 16 saylı yataqxana ilə bağlı FHN əsaslı bərpa işlərinin getməsinə dair rəy versə də, sakinlər razılaşmadığından yenidən rəy üçün siyahıya salınaraq göndərilib.

Fövqəladə Hallar Nazirliyi. Foto: FHN

Qurumdan deyilib ki, yataqxanalarda mütəmadi təmir işi isə zəif gedir:

“İndi bizim qurumun balansında 58 yataqxana qalıb. Köhnə tikililərə qəzalı adını biz qoya bilmərik, ancaq FHN baxış keçirib xüsusi rəy verməlidir. Biz siyahı hazırlayıb göndərmişik. Həm şikayətçi olan sakinlərin müraciəti, həm də öz müşahidəmiz əsasında görürük ki, təhlükəli vəziyyətdir. Ancaq hamısını siyahıya əlavə etməmişik. Hələ FHN-dən rəy gəlməyib. Neçəsi qəzalı olacaq, neçəsi əsaslı təmirə yarayacaq, o da rəydən sonra bilinəcək”.

Sumqayıtda 50-60 ci illərdə salınan xeyli bina var. 42-ci məhəllə yerləşən 16 saylı yataqxana da onlardandır. Bəli, o binanın sakinləri müraciətinə dair FHN bərpa-gücləndirici təmir işlərinin həyata keçirilməsi barədə rəy verib. Təmir siyahısına salınıb, ancaq vətəndaşlar təmirlə razılaşmadı deyə təkrar rəy üçün siyahıya salınıb. Binaya baxış keçirəndə təhlükəli olduğunu deyə bilərik. Ancaq FHN rəy verib ki, təmir olunsun. Son qərar artıq FHN-nın olacaq. Son illərdə ancaq on yataqxananın sanitar qovşağı təmir olunub”, – deyə qurumdan bildirilib.

“Yataqxana təfəkkürü yığışdırılmalı, sosial evlər tikilməlidir”

Sumqayıtda yerləşən yataqxanaların sanitar norma və tələblərə cavab vermədiyini müstəqil memar və mühəndislər də deyirlər. Şəhərdə mövcud 52 min məcburi köçkün və qaçqınlardan 4688 nəfəri bu tip binalarda yerləşdirilib.

Onlardan bir hissəsi köçürülsə də, xeyli hissəsi qalır. Yataqxanalarla yanaşı, şəhərdə əhalinin 44 faizi istismar müddəti 30 ildən 60 ilədək olan binalarda yaşayır. Yalnız 7 faizi son 30 ildə inşa olan binalarda məskunlaşıb. 13 faiz əhali yaşı 60-dan çox binaların sakinləridir.

Cahid Həsənov. Foto: arxiv

Şəhərsalma memarı Cahid Həsənov Meydan TV-yə deyir ki, Sumqayıt şəhərində belə köhnə yataqxana tipli binaların qalması düzgün deyil. Yataqxanalar sökülüb yerində sosial evlər tikilməli idi:

Bakıda sürətli tikinti prosesi gedəndə Sumqayıt kənarda qaldı. Sumqayıt şəhərinin Bakıya yaxın olması şəhərsalma və memarlıq baxımından əlverişlidir, onun sıxlıq yükünü müəyyən qədər öz üzərinə çəkə bilər. Belə bir şəhərdə yataqxana tipli binaların olması düzgün deyil, nəinki qalması. Yataqxanaların, istismar müddətini başa vurmuş binaların 90 faizi əhali ilə razılaşdırılıb sökülməlidir. Yataqxana təfəkkürünü yığışdırıb sosial evlər tikilməlidir. Yaşıl memarlıq epoxası bütün dünyada başlayıb, biz hələ yataqxana-şəhər dilemması arasında qalmışıq. İstismar müddətini başa vurmuş istər birmərtəbəli, istər beşmərtəbəli binalar insan həyatı üçün təhlükəlidir”.

“Həm bölgü, həm Baş plan düzgün hazırlanmalıdır”

Memar deyir ki, şəhərin bölgüsü bir neçə dəfə aparılsa da, Baş planı hazırlanmayıb. Üstəlik, düzgün planlama getsə, paytaxtın sıxlığının on faizini Sumqayıt öz üzərinə götürə bilər:

Sumqayıtda bölgü aparılanda məlum oldu ki, yaşayış binalarının qırx faizindən çoxu beşmərtəbəlidir. Sahibkarların diqqətini Bakıdan çox indi bu şəhərə yönəltmək lazımdır. Bakı sıxlığının aradan qaldırılması digər şəhərlərə də diqqətin cəlb olunmasına səbəb olmalıdır. O yataqxanaların coğrafi məkanı sosial evlər üçün əlverişlidir. Xaricdə yataqxana ali təhsil ocağının həyətində olur. Özü də müasir tikinti standartlarına uyğun şəkildə salınır. Tələbə yataqxana üçün yol qət etməməlidir. Bu tip binalar şəhərin ara küçələrində çoxdur. 50-60 – cı illərin çox primitiv, köhnəlmiş, darıxdırıcı mənzərəli binalarıdır”.

“Sıxlıq baxımından Bakının vəziyyətinə salmaq lazım deyil. Peşəkar mütəxəssisləri dəvət edib Baş planı düzgün hazırlamaq lazımdır. Sumqayıtın mərkəzinə toplaşmaq deyil. Kənar zolaqlarda salınan aqroparklar, zavod fabrik şəhərcik epoxası düzgün salınmalıdır ki, şəhər köhnə binalardan azad olsa da, tikinti necə gəldi aparılmamalıdır”, – deyə o qeyd edib.

“Yataqxananın ərazisi çoxmənzilli bina üçün əlverişli olmur”

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, ölkə üzrə belə binaların dəqiq statistikası aparılmayıb. Mövcud yataqxanaların sayının 1500-ə yaxın, köhnə yaşayış binalarının sayının isə ümumilikdə 3-5 min aralığında olacağı təxmin edilir.

Onun fikrincə, təkcə paytaxtda 9 minə yaxın yaşayış binasının 15 faizi istismar müddətini başa vurub.

Ekspert əlavə edir ki, yataqxanaların söküntü və inşası üçün dövlət maraqlı deyil. Bu iş üçün tikinti sektoruna sahibkarlar cəlb edilməlidir və onlara da bu işin icrasında maraqlı olması üçün güzəştlər tətbiq olunmalıdır:

“Yataqxanalar hansısa müəssisə və təşkilatların balansındadır. Onların da həmin binaları söküb, yenisini inşa etməyə nə səlahiyyətləri, nə maddi vəsaitləri var. Dövlət bina sökmür, istisna halda həmin ərazidən yol, park və digər infrastruktur keçirsə sökür. Tikinti sektoruna maraqlı sahibkarlar cəlb edilməlidir. Onlar üçün də ilk növbədə yataqxana və istismar müddətini başa vurmuş yaşayış binalarının yeri əlverişli olmalıdır. Digər tərəfdən Şəhərsalma və Arxitektura Komitəsi sahibkarlara da müraciət etdi ki, hər hansı bir ərazi üçün inşaat işləri aparılarkən ilk növbədə o əraziyə dair icarə və mülkiyyət sənədləri əldə edilməlidir. Elə köhnə binalar, yataqxanalar var ki, şəhər kənarında yerləşir, infrastruktur cəhətdən zəif inkişaf edir. Sahibkar üçün qəzalı yataqxananı söküb yerində yeni bina inşa etmək çətindir. Çünki yeni binanın satışı, əhalinin sıxlığı, yataqxananın ərazisi çoxmənzilli bina üçün əlverişli olmur. Adətən, çoxu 90-110 mənzili binalar olur ki, onu söküb yenisini inşa etmək sahibkara sərf etmir”.

Foto: Ramil Qasımzadənin şəxsi arxivindən

Sahibkarlar istəyir ki, köhnə azmərtəbəli binanı söküb yerində 12 mərtəbəli çoxmənzilli bina tiksin, çox mənzil satsın, çox qazanc götürsün. Burada da həm ərazi, həm də yataqxana sakinləri ilə problem yaşayacaq. Sahibkar istəyir ki, binanı sökəndə ərazi iki-üç bina tikmək üçün geniş olsun. Çünki şəhərsalmanın son şərtlərinə görə, hər bir binanın inşası üçün minumum 60 sot ərazi tələbi olur. İki binanın inşası üçün bir hektar on iki sot torpaq lazımdır. Əvvəl harda gəldi plansız qazanc məqsədilə binalar inşa olunurdu. Artıq qadağa var ki, həm binalar yaxın olmamalı, həm sakinlərin rahatlığı, təhlükəsizliyi düşünülməlidir. Köhnədən də tikinti pərakəndə gedib deyə indi yataqxanaların ətrafında da boş ərazi yoxdur. Son vaxtlar hansı bina sökülübsə, fikir verin ətrafında ərazisi olub”, – ekspert belə deyir.

“Dövlət büdcə hesabına bu işi görməkdə maraqlı deyil”

Ekspert şərtlərin asan olmadığını, ancaq güzəştsiz də bu işin asan alınmayacağını qeyd edir. Deyir ki, dövlət özü maraqlı deyilsə, sahibkarı maraqlı etməlidir:

“Dövlət Arxitektura Komitəsi maraqlıdır ki, sahibkarlar bu köhnə binaları, yataqxanaları söküb inşa etsin. Ancaq sahibkara da tikinti, söküntü məsrəfi, vergisi, sakinlərin kirayə xərcləri, ağır vergi şərtləri, binanın mülkiyyət hüququ baxımından sərf etmir deyə maraqlı olmur ki, köhnə binaları, yataqxanaları söküb-tiksin. Onlara dövlət qeyd etdiyim məsələdə güzəştlər tətbiq edərsə, sahibkarları bu işdə maraqlı olar. Türkiyədə, adətən, Böyük bələdiyyələr bu işdə maraqlıdırsa, Azərbaycanda bələdiyyə sistemi özünü doğrultmur, o ki qaldı tikinti işinə sahib çıxsın”.

“Dövlət büdcə hesabına bu işi görməkdə maraqlı deyil, çünki çox xərc tələb edir. Ancaq icra hakimiyyətlərinin hesabına pul ayrılır ki, əsaslı təmir olunsun. Onun üçün də proses şəffaf olmalıdır ki, əsaslı bərpa işləri düzgün aparılsın. Çünki binalar var ki, istismar müddətini başa vursa da, ancaq yeni tikilən bəzi kortəbii çoxmənzilli binalardan daha təhlükəsizdir. Məsələn, təhsil müəssələrinin balansında olan yataqxanalar köçkünlərdən sonra əsaslı təmirlə yenidən bərpa oluna bilər. Sahibkarlar həm də köhnə binalar içərisində azmərtəbəli binalara maraqlı olur, nəinki beşmərtəbəli binalara. Dövlət gərək sahibkara güzəştlərdə dəstək edə ki, köhnə yataqxana, köhnə bina problemi həll edilə bilsin”, – deyə ekspert vurğulayır.

Ana səhifəBölgəYataqxana sakinləri: “Gərək bina uçsun, ölək?”