Yanvarın isti keçməsi Avropada enerji böhranını yüngülləşdirəcək

Avropada qış aylarında isti hava. Foto: Lightspring/shutterstock

Sinoptiklər ayın sonuna qədər Avropada mülayim havanın davam edəcəyini proqnozlaşdırırlar

Avropa son onilliklərin ən isti yanvar ayına hazırlaşır.

“Bloomberg” yazır ki, hava proqnozları regionda ayın sonuna qədər mülayim şəraitin davam edəcəyi yönündədir.

Bildirilir ki, bu, son aylar regionu sıxışdıran enerji böhranını yüngülləşdirəcək.

“Bu, iqlim narahatlığına səbəb olsa da, ev təsərrüfatlarının enerji ödənişləri, inflyasiya artımı və eyni zamanda, böhrana qarşı mübarizə aparan xalqlar üçün nemətdir”, – deyə məlumatda qeyd olunur.

“Maxar” və “Weather Company”nin məlumatına görə, yanvarın 17-dək Fransa və Almaniyada temperaturun normadan 2 ilə 5 dərəcə yuxarı olacağı proqnozlaşdırılır.

Bu da Avropada isitmə tələbini 10 illik orta göstəricidən aşağı salır.

Böyük Britaniya da 2022-ci ildə rekord həddə çatan mülayim hava şəraiti keçirib. Bunun yanvarda da davam edəcəyi gözlənilir.

“Maxar”ın meteoroloqu Metyu Dross bildirib ki, Avropa üçün ayın birinci yarısı hər şey gözlənildiyi kimi baş verərsə, son bir neçə onillikdə qeydə alınan ən isti dövrlərdən biri ola bilər.

Metyu Drossun sözlərinə görə, bu, təbii qaz ehtiyatlarının çox tez tükənməsi ilə bağlı narahatlıqları artıran dekabrın əvvəlindəki dondurucu temperaturdan kəskin dönüşdür.

Avropa Birliyi ölkələri hökumətləri Ukraynadakı müharibədən dolayı Rusiyanın qaz təchizatını kəskin azaltmasından sorna qışda enerji qıtlığından narahat idi. Ancaq hazırda ehtiyatlar normaldan çoxdur. Bəzi ölkələr hətta hava şəraiti ilə bağlı tələbatın azlığından dolayı artıq qalan qazı anbarlarına göndərib.

Bütün bunlar Avropa qitəsinin bu qışdan yaxşı çıxacağına inamı artırır.

Dekabrın 4-də Avropa qaz fyuçerləri 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyədə olub. Eyni zamanda, elektrik enerjisi qiymətləri də kəskin şəkildə azalıb.

Yenə də hökumətlər vətəndaşları enerjiyə qənaət etməyə çağırır, çünki risklər qalır.

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum edib.

Bunu dəstəkləməyən Avropa Birliyi ölkələri, Kanada, eləcə də ABŞ Rusiyaya müəyyən sanksiyalar qoyub.

Rusiya əvəzində Avropaya ixrac etdiyi neft və qaz məhsullarını müəyyən bəhanələrlə azaldıb.

Bu da Avropa ölkələrində enerji qıtlığına və böyükrəqəmli inflyasiyaya səbəb olub.

Ana səhifəDünyaYanvarın isti keçməsi Avropada enerji böhranını yüngülləşdirəcək