Bu ilin mart-aprel aylarında yağan yağışların fəsadları Bakı, Abşeronda və ölkənin digər rayonlarında hələ də qalmaqdadır. Minlərlə insana ziyan dəyib, yollar sıradan çıxıb, təsərrüfatlar dağılıb. Lakin indiyədək zərərin real miqyası ilə bağlı nə rəsmi açıqlama, nə şəffaflıq, nə də alternativ hesabat var.
Prezident İlham Əliyevin 28 aprel tarixində verdiyi sərəncamdan məlum olur ki, hökumət bağlı qapılar arxasında leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərlə əlaqədar müəyyən hesablamalar aparıb və kompensasiya məbləği müəyyənləşdirib. Ümumi zərərin aradan qaldırılması üçün 86 milyon manat ayrılsa da, sənəddən görünür ki, baş verən fəsadların çox az bir hissəsi əhatə olunub. Məsələn, sərəncamda əhaliyə, sahibkarlara, ölkənin kənd təsərrüfatına və infrastrukturuna dəyən ziyanla bağlı heç bir məlumat yer almır.
Su altında qalmış cəmi 113 evə kompensasiya ayrıldı, sənədsiz evlər isə kənarda qaldı
Prezidentin ehtiyat fondundan ayrılacaq vəsaitin yalnız 10 milyon manata yaxını subasmadan ziyan görən fərdi evlərin təmirinə, tikintisinə və sakinlərə dəyən ziyanın qarşılanmasına xərclənəcək. Belə ki, Binəqədidə 1 ev, Xaçmazda 18 ev, Qusarda 4 ev, Şabranda 6 ev, Siyəzəndə 5 ev, Qubada 13 ev, Xızıda isə 5 fərdi evin tikintisi üçün Fövqəladə Hallar Nazirliyinə 8,8 milyon manat ayrılması nəzərdə tutulub. Bu vəsaitə həmçinin Bakı şəhərinin Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarlarının tikilməsi də daxildir. Lakin “istinad divarları” dedikdə konkret nəyin nəzərdə tutulduğu, hansı divarlardan söhbət getdiyi barədə səhih məlumat açıqlanmır.
Bakı şəhəri üzrə Binəqədidə bir evdən əlavə, yalnız Keşlə qəsəbəsində yağış və çirkab suları altında qalmış evlərlə bağlı tədbirlər nəzərdə tutulub. Belə ki, qəsəbənin M.Ə.Sabir və B.Mirzəyev küçələrində 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi planlaşdırılır. Həmin evlərin sakinlərinin üç aylıq kirayə haqlarının ödənilməsi də nəzərdə tutulub. Bundan əlavə, R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım veriləcək. Bütün bunlar üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə cəmi 1,4 milyon manat ayrılıb.
Beləliklə, Masazırda, Xırdalanda və Ramanada çirkab suları altında qalmış yüzlərlə evə dəyən ziyanın qarşılanması ilə bağlı heç nə göstərilmir. Hətta sərəncamda həmin ərazilərdə toplanan çirkab sularının təmizlənməsinə dair belə bir qeyd də yer almır. Eyni zamanda, sahibkarların və fermerlərin ziyanı barədə ümumiyyətlə məlumat verilmir.
Sığorta şirkətlərinin qarşılaya biləcəyi məbləğ isə 3 milyon manatı keçmir və bu vəsaitin böyük hissəsi avtomobil sığortasına yönəlib. Məsələn, Azərbaycan Sığortaçılar Assosiasiyası martın 27-30-da yağan intensiv yağışlardan yaranmış zərərlə bağlı 2,5 milyon manat ödəniş edildiyini bildirir. Bu zaman 1649 sığortalı müraciətindən cəmi 253-ü daşınmaz əmlakla bağlı olub. Aprelin 4-6-da yağan yağışlar zamanı isə 620 sığortalı müraciətinin 128-i daşınmaz əmlakı əhatə edib. Bu dövrdə sığorta şirkətləri tərəfindən qiymətləndirilmiş zərərin məbləği 311,7 min manat təşkil edib.
Azad İqtisadiyyata Yardım İB-nin sədri, iqtisadçı Zöhrab İsmayıl Meydan TV-yə bildirir ki, büdcədən ayrılan 86 milyon manat az məbləğ deyil, kifayət qədər böyük vəsaitdir:
“Ancaq bunun necə xərclənməsi əsas məsələdir. Belə görünür ki, daha çox su, işıq və yol infrastrukturlarına vəsait ayrılıb. Halbuki əhaliyə və biznesə çox böyük ziyan dəyib. Onlar üçün ayrılan vəsait yetərli olmaya bilər”.
İqtisadçının sözlərinə görə, hökumət əvvəlcə dəymiş ziyanla bağlı şəffaf qiymətləndirmə aparmalıdır:
“Yeri gələndə, hətta təcrübəsi olan beynəlxalq təşkilatlar və xarici şirkətlərlə məsləhətləşmələr aparılmalıdır. Təbii ki, ilkin qiymətləndirmə, daha sonra isə dərin qiymətləndirmə olmalıdır. Amma hökumət ziyanın miqyasına dair heç bir hesabat təqdim etmir. Heç inanmıram ki, ümumiyyətlə, bütöv qiymətləndirmə aparılıb. İndiyədək hökumətin belə bir ənənəsi yoxdur ki, vəziyyəti obyektiv qiymətləndirsin. Sadəcə olaraq, hər zaman mümkün qədər ört-basdır etməyə çalışırlar”.
İqtisadçı əlavə edir ki, kompensasiya ödənişlərində ziyan dəymiş evlərin sənədli və ya sənədsiz olmasına görə ayrı-seçkilik edilməsi sosial ədalətsizliyin göstəricisidir:
“Azərbaycanda dövlət qurumları həmişə effektiv işləmir, eyni zamanda korrupsiya geniş yayılıb. Minlərlə evi su basıb. Amma kimin “kupçası” var, yalnız ona dəymiş ziyan ödənilir. Kompensasiya ödəməmək üçün qeydiyyat sənədinin olmamasından istifadə edəcəklər. Səsini çıxarana deyəcəklər ki, ev sökülməlidir. Sökməkdən qazanc əldə edənlər var. Məsələn, bina tikən şirkətlər və digər maraqlı qruplar başlayacaqlar ki, bu evlər sökülsün. Vətəndaşı elə bir vəziyyətə salacaqlar ki, o da deyəcək ki, sökülməsin, özüm təmir edərəm. Bizim hökumətin sosial siyasəti bundan ibarətdir. Minlərlə evə ziyan dəyib və onların sənədsiz olmasının məsuliyyəti də hökumətin üzərindədir. Necə ola bilər ki, Bakı şəhərində 500 min evin sənədi olmasın? Belə bir vəziyyətin yaranmasının birbaşa məsuliyyəti dövlət qurumlarının üzərindədir. Çünki burada söhbət 5-10 evdən deyil, 500 mindən çox evdən gedir. Heç bir ölkədə belə bir problem yoxdur. Ona görə də onlar kompensasiya almalıdırlar”.
Kompensasiya ala bilməyən sakinlər nə etməlidir?
Zöhrab İsmayıl deyir ki, hökumət ilk növbədə həmin ərazilərdə suyun niyə yığıldığı problemini həll etməlidir:
“Tikilən evlər burada az rol oynayır. Bu ərazilərdə suötürücü xətlər, kollektorlar və drenaj sistemi qurulmayıb. Sovet vaxtı da vəziyyət onsuz da, yaxşı deyildi. O dövrdən qalan infrastruktur köhnəlib, yenisi isə qurulmayıb. Məsələn, Xırdalan-Masazır ərazisində “Azərsu”nun çirkab və yağış sularının ötürülməsi üçün bir layihəsi var idi. Həmin sular Xocahəsən gölünə axmalı, orada təmizləyici qurğu tikilməli idi. Lakin layihə yarımçıq qaldı, icraçıların pulu ödənilmədi və onlar da getdilər”.
İqtisadçı qeyd edir ki, insanlar kollektiv şəkildə məhkəməyə müraciət edərək haqlarını tələb edə bilərlər:
“Əmlakın ekspertizası ilə məşğul olan müstəqil qiymətləndirmə şirkətləri var. Vətəndaşlar həmin şirkətlər vasitəsilə onlara dəyən ziyanı hesablatdıra bilərlər. Daha sonra məhkəmələrə müraciət edə bilərlər. Çünki bunun məsuliyyəti hökumətin üzərindədir. Konkret olaraq Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verə bilərlər. O insanların rəsmi sənədləri olmasa da, qaz və işıq pulu ödəyiblər. Bəzilərinin çıxarışı olmasa belə, bələdiyyə sənədləri var. Bəziləri hətta əmlak və torpaq vergisi ödəyiblər, ümid ediblər ki, gələcəkdə sənəd almaqda kömək olacaq. Bu baxımdan məhkəmədə məsuliyyəti, hətta bələdiyyənin üzərinə də qoymaq olar. Qeydiyyat sənədi olmasa belə, kommunal ödənişlərin mövcudluğu kifayət qədər əsas yaradır ki, məhkəmə yolu ilə kompensasiya tələb edilsin. 2010-cu ilə qədər tikilən evlər üçün, hətta bələdiyyə qiymətləndirilməsi aparılıb və bunun əsasında sənədlər verilib.
Amma burada vacibdir ki, vətəndaşlar məhkəməyə kollektiv şəkildə müraciət etsinlər. Nəzərə almaq lazımdır ki, pulsuz hüquqi yardım imkanları yoxdur. Əvvəllər vətəndaş cəmiyyəti bununla məşğul idi, indi isə belə imkanlar yoxdur. Ona görə də kollektiv şəkildə müəyyən məbləğ toplasalar, bir hüquqşünas bu işi apara bilər”.
Bakıətrafı qəsəbələrin inkişafı üzrə üç dövlət proqramının fiaskosu
Evlərdən fərqli olaraq, infrastruktur üçün daha çox vəsaitin ayrıldığı görünür. Prezidentin sərəncamından aydın olur ki, daha böyük məbləğ dağılan avtomobil yollarına, körpülərə, bəndlərə, elektrik dirəklərinə, həmçinin çökmüş su və kanalizasiya xətlərinin bərpasına yönəldiləcək. Bu məqsədlə:
- Dövlət Su Ehtiyatları Agentliyinə 21,4 milyon manat
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39,1 milyon manat
- “Azərişıq” ASC-yə isə 15 milyon manatdan çox vəsait ayrılıb.
İllərdir ki, həm dövlət büdcəsi, həm də beynəlxalq maliyyə təşkilatların kreditləri hesabına milyardlarla manat məhz bu qurumlara yönəldilib.
Məsələn, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə Dövlət Neft Fondundan 1,6 milyard manatdan çox vəsait xərclənib. 2018-ci ildə kanal istifadəyə verilsə də, köhnə Samur-Abşeron su kanalı ilə bağlı işlər yarımçıq saxlanılıb. Nəticədə intensiv yağışlar yağan kimi köhnə kanala gələn su torpaq bəndini yuyaraq Giləzi və Sitalçay kəndlərinin subasmasına səbəb olur. İndi isə Fövqəladə Hallar Nazirliyi həmin fərdi yaşayış evlərinin bir qisminə dəyən ziyanı qarşılayacaq, ADSEA isə torpaq bəndlərinin bərkitmə işlərinə əlavə vəsait yönəltməli olacaq. Bununla belə, bu müddət ərzində kəndlilərin subasma nəticəsində məhv olan əkin və torpaq sahələrinə dəyən ziyan yenə diqqətdən kənarda qalacaq.
2006-cı ildən başlayaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı icra olunub. Bu proqramlar çərçivəsində Bakının ətraf kəndlərinin su və kanalizasiya xətlərinin qurulmasına, çirkab sularının idarə olunmasına xeyli vəsait yönəldilib. Lakin proqramlar qəbul edildikcə və vəsaitlər sərf olunduqca, Bakıda sənədsiz evlərin və kanalizasiyasız küçələrin sayı da eyni tempdə artıb.
Əgər dövlət proqramlarının icra vəziyyəti ilə bağlı rəsmi məlumatlara inansaq, həmin dövrdə 300 km-ə yaxın kanalizasiya kollektoru və şəbəkəsi tikilib, uzun illər lillənərək suötürmə qabiliyyətini itirmiş xətlər isə yuyularaq təmizlənib.
İqtisadçı Zöhrab İsmayıl isə hesab edir ki, qəbul edilən dövlət proqramları daha çox görüntü xarakteri daşıyıb:
“Ora ayrılan pullar da korrupsiyaya uğrayaraq ciblərə gedib. Regionların və Bakının sosial-iqtisadi inkişafı proqramı çərçivəsində yollar, körpülər tikiblər. Elə həmin körpülər tikilərkən kanalizasiya və drenaj sistemləri dağıdılıb. Ona görə də həmin proqramların hamısı fiasko oldu. Gəlirlərin çox olduğu dövrdə bu layihələr pul yumaq üçün idi. Bakı şəhərinin baş planı 2005-ci ildən 2024-cü ilə qədər hazırlanıb. Təxminən 20 il ərzində guya baş plan üzərində iş gedib, amma bu müddətdə hər şey satılıb, dağıdılıb. Hələ də Bakı şəhərində və ətraf ərazilərdə torpaq sahələri kadastrlaşdırılmayıb. Bu problem, demək olar ki, yalnız Rusiyada və Azərbaycanda mövcuddur. Məsələn, Ukrayna, Gürcüstan, Moldova və Ermənistanda belə problem yoxdur. Hər bir torpaq sahəsinin kadastr nömrəsi olur və qeydiyyatdadır, elektron bazada saxlanılır. Bu isə elə bir sistemdir ki, burada manipulyasiya etməyə yer qalmır”.