Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiramla…

Əliyevlər rejiminin səhvləri ermənilərin səhvlərinin üstünü örtə bilməz…

Source:

21 il əvvəl Xocalıda yaşananlar böyük bir qətliam və bir insanlıq faciəsi idi. Biz – Türkiyəli Ermənilər,  o gecə orada baş verənlərdən  bu yaxınlara qədər xəbərsiz idik. Hələ də bilməyənlər, bilmək istəməyənlər çoxdur.

Biz bu yaxınlara qədər Türkiyə dövlətinin rəsmi yalanlarına bənzər propaqanda vasitəsi hesab edirdik Xocalını. Bəzilərimiz hələ də elə görür. Buna görə də, qətliamın adını eşidən kimi, ona “yalan” etiketi yapışdırıb, qoyurduq kənara.

Bu, məsələnin bir tərəfi. Başqa tərəfdən baxanda, görürük ki, Azərbaycan dövlətinin ən vacib propaqanda vasitələrindən biri də Xocalıdır. Əliyev rejimi özünə dayaq kimi istifadə edir  bu məsələni. Amma Əliyevlər rejiminin bu məsələdən təbligat kimi istifadə etməsi,  o gecə orada yüzlərlə günahsız yerli camaatın qətl edildiyi gerçəyini dəyişdirmir.

Bəlkə də, deyə bilərik ki: “Bu, muharibənin qaranlıq tərəfləridir” və yaxamızı kənara çəkə bilərik. Ancaq günahkarlar ermənidirlərsə, əgər ermənilər bu barədə danışmaq istəmirlərsə, milliyyətcə erməni olan, amma millətçi olmayan insanların qarşısına əxlaq və vicdanla bağlı bəzi suallar çıxacaq: Özləri soyqırım qurbanı olmuş ermənilər tərəfındən işlənmiş cinayətlər bizə nə ifade edəcək? Gunahkarlar erməni olanda, bir qətliamı görməzdən gəlmək olarmı? Susmaq, razılaşmaq demək deyilmi? Mən bu suallara laqeyd qala bilmədim.

O gecə nə baş vermişdi?

Öncə bir Xocalı fotosu çəkək, sonra umimi  bir Qarabağ fotosu çəkməyə çalışaq.

Bir neçə umumi məlumat: Xocalıda 7 minə yaxın  insan yaşayırdı, Qarabağ savaşı vaxtı buranın  strateji əhəmiyyəti vardı. 1992-ci ilin fevral ayının 26-da, gecə erməni  silahlıları rayonu boşaldıb, açılan “təhlükəsiz koridorlardan” qaçan azərbaycanlılara atəş açdılar, onları bombaladılar. Izdihamın arasında Azəri  əskərləri də vardı, ancaq insan haqları qurumlarına görə, edilənlər, savaş şərtləri altında belə qəbul edilməsi mümkün olmayan, dinc əhalini hədəf alan bir hücüm idi. Bölgədə missiyaları olan qurumların hesabatları bir-birinə uyğun gəlirdi.

Tədqiqatçı Tomas De Val illər sonra, indiki Ermənistan prezidenti Serj Sarkisyana Xocalı barədə sual verdi. Sarkisyanın qısa cavabında məsələnin iç üzünü açan vacib cümlələr var: “Azərilər həmişə elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar… Bu düşüncəni qırmaq  lazım idi, elə də oldu. O erməni silahlılarının arasında Sumqayıtdan, Bakıdan qaçanlar da vardı. Xocalıda dinc əhali vardı, hərbçilər də. Amma qumbaranın, pulemyotun gözü olmur, o, dinc əhali ilə hərbçini ayırd edə bilmir. Bəli, etnik təmizləmə idi bu, başqa cür də ola bilməzdi. Amma bu metodu biz yaratmadıq. Onlar yaratdılar; Hadrut ve Şuşanı bizim insanlarımızdan təmizləyəndə yaratdılar bu metodu.”

Aqressiyanı haqlı çıxarmağa çalışsan da, müdafiə etsən də, bu, anlayan üçün çox bariz bir etirafdır: Deməli, o gün ermənilər Xocalıda atəş açdıqları təqdirdə dinc əhalinin öləcəyini bilirdilər. Amma atəş açdılar. Nöqtə.

İddialar var ki, qətliamdan sonra ölü bədənlərin gördüyü fiziki dəyişiklikləri, bunu propaqanda vasitəsi kimi istifadə etmək istəyən bəzi  Azarbaycanlıların işi idi. Kim bilir, bəlkə də doğrudur. Ancaq, heç bir şübhə yoxdu ki, ölümlərə bais olan, erməni silahlı gücləri idi. Bir daha nöqtə.

Qarabağ savaşı, yerli əhalinin çoxunu təşkil edən ermenilər üçün bir növ yurdlarını müdafiə eləmək idi. Bu bölgənin ermənileri, Azərbaycan rəhbərliyinin təzyiqlərinə etiraz olaraq ayağa qalxmışdılar. Azərbaycan öz vətəndaşları olan Qarabağlı ermənilərə ayrı-seçkilik qoymadan davrana bilsəydi, savaş yaşanmazdı. Ancaq ermənilerin bu məsələdə haqlı olmaları, bizə əsas vermir ki, onların elədikləri səhvləri, öldürülən dinc əhalini görməzdən gələk.

Xocalı, qanlı Qarabağ savaşının önəmli dönüm nöqtələrindən, şiddətin zirvəyə qalxdığı anlardan biriydi. Əlbəttə ki, Türkiyənin tək tərəfli bir şəkildə göstərməyə çalışdığı kimi, savaşda öldürülən dinc əhali təkcə azərbaycanlılar deyildi. Ermənilər də Bakıda və başqa yerlerdə qətliama məruz qaldılar. Qarşılıqlı hucumlar nəticəsində, erməni kültürü açısından çox vacib şəhər olan Bakı ermənilərsiz qaldı. Qarabağ və Ermənistan ise Azərbaycanlılarsız. Bu gün Azəri-Ermənilərin birgə yaşamı təəssüf ki, “Agos”’un ötən saylarından birində göstərdiyimiz kimi, ancaq Gürcüstanın bəzi kəndlərində baş tuta bilir.

Bəli, Xocalı qətliamı indi təzyiqçi bir rejim olan Əliyev rejiminin əlində, daxili siyasəti nizamlamaq, Azərbaycan xalqının başını qatmaq və min cür qanunsuzluğu gizləmək üçün bir vasitədir. Enerji ehtiyatarı sarıdan çox zəngin olan Azərbaycan dövləti, ölkə daxilində və dünyada bu propaqandanı gündəmdə saxlamaq üçün milyonlar xərcləyir.  Bunun əvəzini isə, Azərbaycan xalqı, demokratiya və azad söz haqqından məhrum qalaraq, ölkənin sərvətlərindən heç bir pay ala bilməyərək ödəyir.

Ancaq Əliyev rejiminin yanlışları, ermənilərin yanlışlarının üstünü örtə bilməz. Əliyevin elədiyinə Əliyev, Azərbaycanın elədiyinə Azərbaycan cavabdehdir. Öz günahlarını yumaq isə ermənilərin borcudur.

Azərbaycanlı yazar Əkrəm Əylisli Qarabağda yaşananlara erməni-azəri düşmənçiliyi gözüylə baxmadığına, məsələyə bir insanlıq problemi olarak baxdığına  görə bu günlərdə Azərbaycanda ittiham olunur. Onun elədiyi  göstərir ki, azərbaycanlılarla ermənilər arasındakı düşmənçilik, taleyin hökmü deyil, yanaşı yaşayan iki xalqın gələcəkdə yenidən barışması üçün əvvəlcə özlərinin yanlışlarını qəbul etməsi lazımdır.

Tədqiqatçı Tomas De Val da , “Erməniler və Azərbaycanlılar aralarındakı muharibəni  sülh yolu ilə həll etmək istəyirlərsə, hər iki tərəf qarşı tərəfin elədiklərini deyil, özlərinin elədiklərinin haqq-hesabını çəkməyə başlamalıdılar” sözləri ilə eyni fikri paylaşır.

Xətalarda israr etmək, onların üstünü örtmək toplumları kiçildir. Böyümək üçün, öncə xətalarımızı qəbul etmək lazımdır. Beləcə, düşmən saydıqlarımızdan çox da fərqli olmadığımızı, hamımızın biçarə fani insanlar olduğumuzu görə bilərik. Buna ürəkdən inanıram: Gələcək, Xocalının acısını ürəyində duyan ermənilərlə, Sumqayıta görə üzülən Azərbaycanlıların və onlar kimilərindir.

Mənbə: http://www.agos.com.tr/haber.php?seo=rober-koptas-yazdi-hocali-sorumlulugu&haberid=4529

Ana səhifəMənim FikrimcəXocalı qətliamı qurbanlarının xatirəsinə ehtiramla…