Əfsanə Rəsulova Bərdə rayonunda sahibkar qadın kimi fəaliyyət göstərir. O, 3 ildir ki, rayonda keçirilən xına məclislərində aparıcılıq edir, dekorasiya və bəzəklərin təşkil olunması kimi işlərlə məşğul olur. Əfsanə deyir ki, çalışdığı işlərdə üzləşdiyi problemlər, onun öz işini qurmasına təkan verib:
“2-3 ay fəaliyyət göstərdiyim yerdə haqqım tapdalandı. Mən sonra düşündüm, niyə də mən özüm yox? Niyə də mən bacarmayım? Əgər o bacarırsa, mənim ondan əskik yanım nədir? Mən niyə bacara bilmərəm? Onun da 2 ayağı, 2 qolu var. Məndə də. Niyə mən bacarmayım? Bir statusda elan gördüm ki, özü işini qurmaq istəyən xanımlar üçün dəstəyik. Mən müraciət elədim. Hansı k, bir dekorlar başlamışdım. Çatmayan avadanlıqlarım çox idi. Çeşid dekorlarım yox idi. Gördüyünüz bu dekor. Arxamdakı ürək dekorunu qadın klubu təşkil elədi, çox sağ olsunlar”.
Cəmiyyətin qadına biçdiyi rolları qəbul etməyib, hər iki cinsin bərabərhüquqlu olduğunu müdafiə edən Əfsanə düşünür ki, qadınların inkişafı öz qorxularını yenməsi ilə başlayır. Öz duruşu ilə o qadınları toplumun gözləntilərin buxovlarından qurtulmağa və öz həqiqi potensiallarını reallaşdırmaq üçün addımlar atmağa təşviq edir.
“Bu iş mənim əlimdədirsə, bunu yönəldən, bu sükanı döndərən mənəmsə, mən istədiyim səmtə döndərə bilərəm, Çətini də olar, asanı da olar , amma mümkün olar. Sadəcə olaraq, mənə indi xanım işçilər də lazım olanda, o problem mənim qarşımı çox kəsir, həddindən artıq. Saat məhdudiyyəti var, bu saatda gedə bilmərəm, bu saatda çıxa bilmərəm, o, nə deyər, bu, nə deyər. Yəni o şeylər olmamalıdır. Qadın da bu baxımdan yəni özünə güvənməlidir ki, mən bacarmalıyam, mən eləməliyəm, mən sadəcə qab yumaqdan, uşaq saxlamaqdan, evdə oturmaqdan ibarət deyiləm. Həyatıma rəng qatmalıyam, eyni təkrar- təkrar həyatı yaşamamalıyam, öz inkişafımı genişləndirməliyəm, dünyagörüşümü artırmalıyam”.
Rayon şəraitində sahibkar qadın olmağın asan olmadığını deyən Əfsanə əvvəllər ailəsinin onun fəaliyyətinə qarşı çıxdığını deyir. Ancaq əzmi və mübarizəsi ilə ailəsinin də dəstəyini qazanıb.
“Restoranın qabağında göz yaşımı silib, içəri girmişəm. Düzdü, gülümsəmişəm, ürəyim partlasa da, içimdə qan ağlasa da, üzüm gülərək girmişəm. Çünki problemimi işimə yansıtmamağa çalışmışam, o əhval-ruhiyyəni özüm özümdə yaratmışam ki, kənarıma müsbət aura ötürə bilim, məclisi ələ ala bilim. 1 ilə yaxın əziyyəti çəkmişəm. Amma dünən də, srağagün də o problemi yaradan qardaşım bugünkü gündə mənim ən böyük dəstəkçimdir”.
O inanır ki, Azərbaycan kimi cəmiyyətdə belə məqsədlərinin ardınca özünə inamla gedən qadın ən sonda istəyinə çatacaq, xəyallarındakı həyatı əldə edəcək.