Aytac: saatın altında vaxtımızın dolmasını gözləyirik..
2024-cü ilin iyun ayında çəkilən bu video sadə bir həqiqəti çılpaqlığı ilə üzə çıxarır. Həbsi an məsələsi olan jurnalist Aytac Tapdıq ölkədən çıxmır, işini daha aktiv şəkildə davam etdirir, həbs növbəsinin ona gələcəyi günü gözləyir. Çünki indi həm də həbsdə olan jurnalist dostlarının da yerinə çalışır. Bu, cinayətkarlığın ən təməl məntiqinə – hadisə yerini tərk etməyə zidd davranışdı. Amma görünən odur ki, hakimiyyət Meydan TV işini məntiq yox, zorakılıq üzərində qurub.
Bəs, hakimiyyətin zorakı aparatının üzərinə qələmiylə son ana qədər hücum edən Aytac Tapdıq kimdir?
Aytac Əhmədova 1993-cü il iyulun 18-də Bakıda anadan olub.
Aytac 1999-cu ildə, Nəsimi rayonu, 8 saylı orta məktəbdə başladığı şagird həyatını 2010-cu ildə Yasamal rayonu, 158 saylı orta məktəbdə bitirib.
Əhmədova 2010-da Pedaqoji Universitetə qəbul olub, ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb.
Aytac 2014-cü ildə Bakı Jurnalistika Məktəbində jurnalistika kursu keçib.
O, 2015-ci ildən Meydan TV-də işə başlayıb və elə həmin ildən ağır təzyiqlərlə üzləşib.
Meydan TV-yə qarşı başladılmış cinayət işi çərçivəsində 2015-də “Bandotdel”də dəfələrlə dindirilib, yeni başladığı jurnalist fəaliyyətindən uzaqlaşdırılmağa çalışılıb. Amma Aytac Tapdıq nə onda təslim oldu, nə də sonralar..