XİN-in idarə və şöbə rəisinə 14 il cəza tələbi

Foto: Meydan TV

Fərhad Mollazadə ilə Səlim Əlizadənin mühakiməsi yekunlaşır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci ilin iyulunda Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunan İşlər İdarəsinin müdiri, Tender Komissiyasının rəhbəri Fərhad Mollazadə və bu idarənin tərkibindəki Təsərrüfat şöbəsinin rəhbəri Səlim Əlizadənin aylardır davam edən mühakiməsi yekunlaşır.

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb, çıxışlar mərhələsi başlayıb.

Dövlət ittihamçısı Vüqar Quliyev çıxış edərək, Səlim Əlizadə və Fərhad Mollazadənin hər birinə 7 il həbs cəzası verilməsini istəyib.

Adları çəkilən sabiq məmurlar yarım ilə yaxın həbsdə saxlandıqdan sonra ötən ilin dekabrında ev dustaqlığına buraxılmışdı. Prokuror onların məhkəmə zalında həbs olunmasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, XİN-in keçmiş vəzifəlilərinə münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmalı, ona ittiham verilən maddənin sanksiyasının aşağı həddindən də az cəza verilməlidir. Prokuror onların yaşını, təcrübələrini, istintaq dövründə ziyanın (mənimsənilmiş vəsaitin) ödənilməsi və s. halların nəzərə alınmasını istəyib.

Fərhad Mollazadə və Səlim Əlizadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsində cəza 10 ildən başlasa da, prokuror onlara 7 il verilməsini təklif edib.

Prokuror çıxışında onu da bildirib ki, XİN məmurlarına qarşı irəli sürülmüş ittihamlar məhkəmədə sübuta yetirilib. Məlum olub ki, yalnız kağız üzərində adı olan, əslində isə heç bir fəaliyyəti olmayan şirkətlər XİN-in tenderlərində qalib elan edilərək, onların bank hesablarına böyük məbləğdə vəsaitlər köçürülüb. Sonra həmin vəsaitlər nağdlaşdırılaraq, böyük bir hissəsi Səlim Əlizadəyə qaytarılıb, onun da vasitəsilə Fərhad Mollazadəyə çatdırılıb.

Həmin şirkət rəhbərləri də məhkəmədə dindirilib. Onların arasında bazarda göyərti satan, taksi sürücüsü və s. şəxslər var. Məhkəmədə bildiriblər ki, onlara aylıq 300-500 manat pul verilib, adlarına açılan şirkətlərdən istifadə olunub. Onlar əksər hallarda etibarnamə veriblər, onun da əsasında bank hesabına köçürülən vəsaitlər nağdlaşdırılıb, başqa əməliyyatlar aparılıb.

Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.

Səlim Əlizadə və Fərhad Mollazadə mənimsənildiyi iddia olunan 2.5 milyonluq ziyanın 2.3 milyonunu ödəyib.

Ana səhifəSiyasətXİN-in idarə və şöbə rəisinə 14 il cəza tələbi