Azərbaycanda jurnalistlərin, ictimai fəalların həbsindən sonra daha ağır ittihamlarla müstəqil elmi, siyasi araşdırmalarla məşğul olan şəxslərin həbsləri başladı. Bu dəfə ittihamlar dövlətə xəyanətlə bağlı idi. Dövlətə xəyanətdə ittiham olunan İqbal Əbilov və Bəhruz Səmədov Azərbaycanda yaşamadıqlarına baxmayaraq, onların bu maddə ilə həbs olunmaları istər vətəndaş cəmiyyəti tərəfindən, istərsə beynəlxalq təşkilatlar tərəfindən qınaqla qarşılanıb. Bu həbsləri Azərbaycandakı ifadə azadlığına növbəti təzyiqlər kimi qiymətləndiriblər.
İqbal Əbilov kimdir?
İqbal Əbilov 12 dekabr 1989-cu ildə Azərbaycanın Masallı rayonunun Bala Kolatan kəndində anadan olub. Birinci sinfi Bala Kolatan orta məktəbində oxuyub. İkinci sinifdən sonra isə valideynləri ilə birgə Belarusa köçüb.
Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu “Talış Milli Akademiyası”nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda “Talış Milli Akademiyası Xəbərləri”nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışlarla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərlərinin dərc olunduğu qeyd edilib.
İqbal Əbilov iyunun 22-də DTX-nın Masallı rayon şöbəsinə çağırılıb və 6 saat dindirilib. Daha sonra sərbəst buraxılan Əbilov, iyunun 27-də Bakıdan Moskvaya gedərkən aeroportda saxlanılıb, pasportu və telefonu əlindən alınıb. Yenidən Masallıya qayıtmalı olan tədqiqatçı iyulun 22-də pasportunun və telefonunun qaytarılması adı ilə DTX-nın Masallı rayon şöbəsinə çağırılıb. Lakin valideynlərinə məlumat vermədən Bakıya aparılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
İqbal Əbilovun vəkili Fariz Namazlı bildirib ki, hazırda istintaq getdiyinə görə, gedişat sirr olaraq qalır:
“İstintaqın hansı sübutları, məlumatları toplaması barədə bizdə məlumat yoxdur. Çünki Azərbaycanın cinayət prosessual qanunvericiliyi istintaq dövründə, yəni ibtidai istintaq bitmədən müdafiə tərəfinin, vəkillərin, təqsirləndirilən şəxsin cinayət işi materialları ilə tanış olmasına imkan verilmir. Hazırkı mərhələdə belə bir imkanımız yoxdur.
Amma İqbal Əbilov həbs olunarkən, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərkən ölkə hakimiyyətinə yaxın olan bəzi media qurumlarında ona verilmiş ittihamın qısa məzmunu yayıldı. Çox güman ki, bunu istintaq orqanı özü bilərəkdən mətbuata ötürüb. Həmin o məlumatlarda da qeyd olunur ki, guya İqbal Əbilov Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə hər hansısa gizli sövdələşmələrə girib və sair. Amma həmin o saytda adı çəkilən Yerevan universitetinin müəllimi, – hansı ki, onu istintaq orqanı hesab edir ki, bu Ermənistanın xüsusi xidmət orqanının əməkdaşıdır – Yerevan Dövlət Universitetinin alimidir və İqbal da tarixçi alimdir. Etnoqrafiya sahəsində araşdırmalar aparır. Milli kimliklərlə bağlı araşdırma aparır. Həmin şəxslə də onun hansısa bir yazışmasının olması, o demək deyil ki, İqbal Əbilov dövlətə xəyanət edib. O baxımdan hələ istintaq tərəfindən bizə hər hansısa materiallar təqdim olunmayıb. Ona görə də istintaqın əlində hansı sübutların olması barədə bir söz deyə bilmərik”.
“Bizim zonada ikidilli doğuluruq, evdə talış dili, məktəbdə Azərbaycan dili”
İqbal Əbilovun atası Şahin Əbilov oğlunun ittiham olunduğu maddələrlə razılaşmır və onun günahsız olduğuna inanır.
“Bizim zonada ikidilli doğuluruq. Evdə talış dili, məktəbdə Azərbaycan dili, televizorda Azərbaycan dili. İkidilli olaraq böyüyürük. Kimi müəyyən qədər zəif bilir, kimi də yaxşı bilir. İqbal uşaqlıqdan bu dillərin ikisini də zehni imkan verdiyi qədər öyrənib. İki dilin ikisini də bilirdi. Böyüdükcə, təhsil aldıqca, İqbal 7 dil öyrənib.
O, siyasətlə məşğul olmayan və siyasi qurumlarda təmsil olunmayan bir insandır. Yalnız mənsub olduğu millətin dili və yaxud problemləri ətrafında çalışan bir insan da deyildi. Yaxın Şərq, Çindən tutmuş Türkiyəyə qədər araşdırmalar edirdi. Siyasi araşdırmalar deyildi, elmi, etnik araşdırmalardır. Bunlarla məşğul idi. Təbii ki, milli mənsubiyyətinə görə talış milli mənsubiyyətini də araşdırırdı. 18-ci, 19-cu, 20-ci əsrin əvvəllərində bu arealda, yerlərdə tarix, yaşayış, adət, ənənə nə cür olub, bunu araşdırıb yazıb. Mətbuatda onun yazdığı müəyyən əsərlər, çalışdığı elmi fəaliyyəti var. Adət-ənənələri araşdırmağı çox sevərdi. Hər bir xaricdə yaşayan insanın ailəsi, uşaqlarını böyüdərkən müəyyən çətinliklərlə üz-üzə gəlir. Çətinliklər dediyimiz zaman gələcəkdə sənin uşaqların sənin adət-ənənəni biləcəklərmi. Onu düşünən insan hər zaman çəkinir, qorxur. Biz uşaqlarımıza adət-ənənəmizin, yəni Azərbaycanın, talışın adət-ənənələrinin öyrənilməsini istəmişik. Sabah, birisigün, necə deyərlər, bizim məzarımıza gələn olsun. Yoxsa biz uşaqlarımızı başqa millət üçün böyütdük, onu hər zaman düşünmüşük, onu istəmərik. Buna görə də uşaqlarımızı böyütməkdə belə bir səyimiz, maneçiliyimiz olmayıb. Bunu belə qəbul etmişik”.
“DTX nümayəndəsi dedi ki, evlənsin, özünü başqa hərəkətlərdən qorusun”
“Hər kəs İqbalın həbs olunmasından şoka düşdü. Müəyyən zaman ərzində bir-iki hadisə oldu. Əvvəlcə mərkəzi DTX-dan gəlib, onu Masallı şöbəsinə danışığa apardılar. Altı saat danışdılar, söhbət etdilər. Biz də görüşdən sonra həyəcanlandıq. Yəni bu adam siyasətlə məşğul olmur, nədəndi. Çıxanda onların nümayəndəsi dedi ki, alim adamdı, gedib alimliyi ilə məşğul olsun. Evlənsin, özünü başqa hərəkətlərdən qorusun. Belə bir söz dedi. Onsuz da 3-4 gündən sonra gedəcəkdi. Onu da demişdi onlara. Bununla da ayrıldıq. Gediş zamanı aeroportdan geri göndərdilər. Gözləmə müddətində nəyin necə olacağını gözlədik. Sonrakı hadisələr oldu. Qohum-əqrəba birinci gündən şok vəziyyətinə düşdü. Çünki İqbalı tanıyırlar. İqbal hər kəsin sevimlisi olan insandı. Xaricdəki dostları da şok oldu. İqbal belə şeylərlə heç vaxt məşğul olmayıb. Deyim ki, hər kəs bizdən qaçdı, belə bir şey yoxdur. Allah insanlarımızdan razı olsun. Təbii ki, onların əlində nə var, nə edə bilərlər? Bugünkü gündə istintaq belə qərar qəbul edib. Qanun çərçivəsində çalışmalar gedir. İnsanlar hər zaman İqbalın günahsız olduğuna inanır, hər zaman bizə bunu deyirlər. Nənələr dualarını edirlər, hər kəs dua edir ki, yaxın zamanda İqbal azad olunsun.
Biz hamımız, qohum-əqrəba, dost-tanış, İqbalı tanıyan hər kəs onun günahsızlığını bilir, onu gözləyir. İqbalın yaxın zamanlarda azad olacağına ümid edirlər. Bu işlərin, maddələrin İqbala aid olmadığını düşünürlər”.
“Dövlətə xəyanət elə bir maddədir ki, burada düşmən dövlətə hansısa bir gizli məlumatları verməlisən”
Müxtəlif ölkələrdən olan fəallar etnoqraf və alim, talışşünaslıq üzrə yeganə elmi jurnalın – “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktoru İqbal Əbilovun hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşəbbüs qrupu yaradıblar.
Təşəbbüs qrupunun yaydığı bəyanatda deyilir ki, İqbal Əbilov 22 iyul 2024-cü il tarixində hüquqları kobud şəkildə pozularaq həbs edilib və qondarma ittihamlarla olduqca ağır cinayətlərdə təqsirləndirilir.
İqbal Əbilov ona elan olunmuş Cinayət Məcəlləsinin 3 maddəsinin heç biri üzrə özünü təqsirli bilmir.
“Ümumiyyətlə dövlətə xəyanət elə bir maddədir ki, burada düşmən dövlətə hansısa bir gizli məlumatları verməlisən. Dövlət sirri təşkil edən məlumatları verməlisən. İqbal Əbilovun əlində belə bir səlahiyyət yoxdur. Onun əlində ümumiyyətlə hansısa bir dövlət sirri təşkil edən məlumatlar yoxdur ki, bunu hansısa başqa dövlətə ötürsün. O, sadəcə alimdir. Alimlik fəaliyyətini həyata keçirir”, – vəkili Fariz Namazlı deyir.
“Onun barəsində hazırda 4 ay həbs qətimkan tədbiri seçilib. Həmin qərardan apelyasiya şikayəti verildi, təmin olunmadı. Daha sonra İqbal Əbilovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət olundu, o da təmin olunmadı. Ondan da apelyasiya şikayəti verildi. Eyni zamanda onun tutularkən ailəsi ilə, başqa şəxslə telefon danışığına, görüşünə qadağa qoyulması ilə bağlı istintaq orqanının qərarı vardı. Həmin qərardan da şikayət verildi, o da təmin olunmadı. Amma artıq həmin məhdudiyyəti götürüblər. Hazırkı mərhələdə müdafiə tərəfi’nin edə biləcəyi ilkin hərəkətləri etmişik və gələcəkdə bilinəcək ki, onun müdafiəsi sahəsində hansı işləri görək”, – vəkil deyib.
Bəhruz Səmədov kimdir?
Bəhruz Səmədov 29 aprel, 1995-ci ildə Bakıda doğulub. Gənc politoloq Azərbaycan iqtidarı ilə bağlı tənqidi yazıları və Qarabağ münaqişəsində sülhpərvər mövqeyi ilə tanınır. Avqustun 21-də DTX əməkdaşları tərəfindən saxlanılıb. Avqustun 23-də Səbail Rayon Məhkəməsində siyasi tədqiqatçı Bəhruz Səmədovun məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Siyasi tədqiqatçı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.
2019-cu ildən isə Çexiyanın Karlov Universitetinin Praqa Siyasi Araşdırmalar İnstitutunun siyasi elm bölməsinin doktorantura tələbəsidir.
“Ermənilərin bildiyini Azərbaycan cəmiyyəti niyə bilməsin?”
Hüquqşünas Xalid Bağırov bildirir ki, əgər şəxs Azərbaycan Respublikası vətəndaşıdırsa, bu vətəndaşlıqdan imtina etməyibsə, bu vətəndaşın üzərinə müəyyən öhdəliklər qoyur. Mənəvi və hüquqi öhdəliklər qoyur. Bu öhdəliklərdə şəxsin həmin dövlətin maraqlarına qarşı gəldikdə, həmin öhdəlikdən yaranan öhdəlikləri pozursa, xəyanət edirsə, o zaman vətəndaşlığı varsa, istənilən halda bu maddə ilə məhkum edilə bilər:
“Burada çox ziddiyyətli məsələ var. Ümumiyyətlə ermənilərlə hər hansı əməkdaşlıq özü-özlüyündə heç bir dövlətə xəyanət maddəsi yaratmır. Biz bilirik ki, son zamanlar bu maddə ilə həbs olunanlara, – istər İqbal Əbilov olsun, istər Bəhruz Səmədov olsun, – onlara guya bu əməkdaşlıq zamanı bəzi məlumatları ermənilərə ötürmələri irad bildirilir. Məsələn, bir erməni ilə söhbət edirəm, məndən soruşa bilər ki, Azərbaycanda vəziyyət necədi, seçkilər necə keçdi? Mən də deyə bilərəm ki, xoşuma gəlmədi, seçkilər pis keçdi, saxtakarlıq oldu. Bu, avtomatik olaraq vətənə xəyanət etmişəmmi oldu? Dövlət sirrimi satdım? Yox.
Təbii ki, Azərbaycan Cinayət Məcəlləsindəki 274-cü maddə, yəni dövlətə xəyanət maddəsi 4 əməldən ibarətdir. Onlardan yalnız biri dövlət sirrini təşkil edən məlumatların ermənilərə və yaxud başqalarına verilməsidir. Amma burada ziddiyyətli durum yaranır. Məsələn, hökumət indiyə qədər açıqlamır ki, bu adamlar hansı informasiyanı veriblər. Bu informasiya doğrudanmı dövlətə xəyanət cinayətinin tərkibini yaradır. Çox bəsit bir şey deyə bilərik ki, bir jurnalist belə xarici mətbuatla əməkdaşlıq edə bilər. Azərbaycandan informasiya alır, həmin informasiyanı xarici mətbuat orqanına ötürəcək. Onda belə çıxır ki, o da informasiya ötürdüyünə görə, dövlətə xəyanət eləmiş olur. Təbii ki, belə deyil.
Amma burada ziddiyyət ondadır ki, bu adamlara ermənilərə məlumat ötürmək kimi ittiham verirlər. Onda belə bir sual yaranır, bunlar hansı dövlət sirrinə sahib idilər ki, o sirri ermənilərə ötürüblər. Yəni doğrudanmı istər İqbal Əbilov, istər Bəhruz Səmədovun dövlət sirrini təşkil edən informasiyaya çatımlılıqları var. Bilirəm ki, vəkillər israrla tələb edirlər ki, bizə təqdim edin hansı sirrdən söhbət gedir. Yəni bu nədir, hansı informasiyanı ötürüb. Deyirlər ki, hansı informasiyanı ötürdüklərini biz sizə deyə bilmərik, o da dövlət sirri təşkil edir.
Burda da ikinci absurd yaranır. Birincisi, bu adamlarda dövlət sirri nə gəzirdi, bu adamlar dövlət sirrini qoruyacaq və çatımlılıqları olacaq adamlar deyillər. İkincisi isə guya dövlət sirrini ermənilərə ötürüblər. Ermənilər artıq bu sirləri bilirlər, sirr təşkil edən məlumatları, amma Azərbaycan cəmiyyəti bu sirri, məlumatı bilməməlidir. O məlumat nədir? Təsəvvür edin, birincisi, əgər artıq ermənilərə deyilibsə, bu, artıq sirr olmaqdan çıxıb. İkincisi, ermənilərin bildiyini Azərbaycan cəmiyyəti niyə bilməsin? Belə bir absurd ittihamlar yaranıb ortada. Bu gülməlidir”.
“Müharibənin əleyhinə olmaq dövlətə xəyanət deyil”
Bəhruz Səmədovun vəkili Zibeydə Sadıqova deyir ki, istintaq orqanı onlara Bəhruzun erməni əsilli şəxslərlə danışıb və tapşırıqlar aldığını, o tapşırıqları yerinə yetirdiyini bildirib. Buna görə də, ona belə bir ağır ittiham verilib.
“Məhkəmədə xahiş etdim ki, o sübutlar bizə təqdim edilsin və bəlkə düşünə bilərik ki, haqlı iraddır, ittihamdır. Məhkəmədə bunu əldə edə bilmədik. Bilirsiniz müdafiə tərəfinin istintaq dövründə sübutlara əlçatanlığı olmur.
Məhkəmədə də Bəhruz bildirdi ki, hə, onun əlbəttə ki, danışıqları olub, amma bu danışıqlar sırf dost danışıqlarıdır. Və yaxud havadan-sudan danışıqlar olub. Bir də ki, Bəhruz uzun müddətdir Azərbaycanda yaşamır. Sadəcə burada 80 yaşlı nənəsi var. Arabir nənəsini görmək üçün gəlib-gedirdi. Çexiyada Çarlz Universitetində işləyirdi. Araşdırmaçı, tədqiqatçı şəxsdir. Bildirdi ki, mən lap danışsam belə, Azərbaycanla bağlı heç bir bilgi, məlumatım yoxdur ki, mən o məlumatları kiməsə ötürüm. Və yaxud əlimdə xüsusi məxfi bir məlumat yoxdur ki, məndən şübhələnəsiz, sənin əlində məxfi məlumatlar var və sən bu məlumatları ötürə bilərsən. Bəhruz ona görə də 21 avqustdan bugünə qədər deyir ki, heç bir məlumatım yoxdur. Ona görə də bu cinayətin subyekti ola bilmərəm.
Müharibənin əleyhinə olmaq dövlətə xəyanət deyil. Bu adamların sadəcə bir mövqeyidir. İfadə azadlığıdır. İfadə azadlığı bizim Konstitusiya ilə qorunan hüququmuzdur. Söz azadlığımız var. Həm də biz konvensiyanı ratfikasiya etdiyimizə görə, 10-cu maddəsi də göstərir ki, bizim belə bir ifadə azadlığımız var. Vacib deyil ki, Azərbaycanda hamı müharibə tərəfdarı olsun, müharibə istəsin. Bir qisim insan nə yaxşı ki, sülh tərəfdarı ola bilər. Bu, normaldır. Hamı eyni fikirdə olmalı deyil”.
“Siyasi məhbusların təqib olunması tendensiyası 2013-cü ildən ağırlaşmağa başlayıb”
Xalid Bağırov deyir ki, ümumiyyətlə siyasi məhbusların təqib olunması tendensiyası 2013-cü ildən ağırlaşmağa başlayıb:
“Hətta təkcə cinayət təqibi kimi yox, həm də inzibati təqib kimi. Biz xatırlayırıq ki, əvvəl 15 gün inzibati həbs vardı, daha sonra 2 aya qədər müddəti qaldırdılar. Eyni şəkildə əgər əvvəl siyasi məhbusları maksimum 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasına ittiham verilirdisə, indi 15-20 il, dövlətə xəyanətə görə ömürlük verə bilərlər.
Belə bir cinayətlərdə ittiham edirlər. Bu tendensiya uzun müddətdir gedirdi. “No war”-çıların konkret olaraq mahiyyətinin nə olduğunu bilirsiniz. Onlar müharibənin əleyhinədir, ermənilərlə dostluq, sülh tərəfdarı kimi çıxış edirlər. Təbii ki, bu adamlar üçün uydurmalı maddə seçəndə nə seçəcəksən? Dövlətə xəyanət. Yəni düşmənə işləmək. Bunun başqa məntiqi yoxdur. Yaxud İqbal Əbilov talış aktivistidir. Talış aktivistini nədə ittiham etmək olar? 2 əsas maddə var. Talış aktivistlərinə qarşı 2 maddə istifadə olunur. 1 – etnik ayrı-seçkiliyin salınması, 2 – dövlətə xəyanət. Çünki etniksənsə, bu dövlətə xəyanət etmək ehtimalın çoxdur, “no war”-çısansa çox ehtimal kı, xəyanətkarsan. Orada cinayət tərkibindən söhbət getmir. Repressiyalar nə deməkdir? Repressiya şəxslərin uydurulmuş ittihamlarla həbs olunmasıdır. Uydurularkən belə çalışılır ki, alqıya uyğunlaşdırılsın.
Tutaq ki, Bəhruz Səmədovu pul yumaqda ittiham etmək absurd olardı. Məsələn, bunu iqtisadçı professor olan Qubad İbadoğluna tətbiq etmək olar. Yəni bu formada baş verir. Repressiyaları seçən hakimiyyətlər ona uyğun ittiham, maddə seçirlər və ittiham edirlər. Bir də ki, bunun orqanlara da aidiyyatı var. Məsələn, səni təqib edəcək orqan xüsusi xidmət orqanıdırsa, DTX-dırsa, təbii ki, o, səni narkotiklə həbs edə bilməz. O, səni bu maddə ilə həbs edə bilər, onun predmeti budur”.
“İndi repressiyaların başlamasında Qərbin ikiüzlülüyünü də kifayət qədər günahlandırıram”
Uzun illərdi Bəhruz Səmədovla dostluq edən, hazırda müvəqqəti olaraq Tbilisidə yaşayan feminist, sülh aktivisti Gülnara Mehdiyevanın sözlərinə görə, Bəhruzun həmişə nigarançılığı var idi ki, təqibə məruz qala bilər. Lakin o, özü üçün akademik fəaliyyətdən başqa bir şey təsəvvür etmirdi. Aktivist media, QHT nümayəndələrinə qarşı təzyiq və həbslərdən sonra növbənin sülh fəallarına çatdığını bildirir:
“İndi repressiyaların başlamasının səbəbi həm də odur ki, Qərbin ikiüzlülüyünü də kifayət qədər günahlandırıram. Çünki İlham Əliyev Qərblə kifayət qədər sövdələşmələr apardıqdan sonra bir növ əli-qolu açılıb. Məsələn, əvvəllər daha çox beynəlxalq reaksiyalar gəlirdi, həmin reaksiyalarla hesablaşmalı olurdu. İndi isə artıq buna ehtiyacı yoxdur. Apardığı xarici siyasət nəticəsində, hər kəslə kifayət qədər sövdələşəndən sonra, bilir ki, əməllərinin müqabilində onu heç nə gözləmir. Ona görə indi daha rahatdır.
Məsələn, ölkədə bu qədər həbsin fonunda COP29 keçiriləcək və Qərb ölkələri, dünyanın bir çox ölkəsi çox rahatlıqla gəlib iştirak edəcəklər. Məgər onlar bilmirlərmi ki, Azərbaycanda nə jurnalist, nə aktivist, nə vətədəndaş cəmiyyəti qalıb? Bilirlər, çox gözəl bilirlər. Amma onlara göz yummaq sərf edir, müəyyən sövdələşmələr müqabilində. Ona görə, onlar çox rahatdırlar. İlham Əliyev də onların rahatlığından əmindir. Həbslərin artmasının səbəbi də həm də bundadır. O, əlinə keçən ilk fürsətdə özünə xoş olmayan insanları aradan götürməyi seçib. Hətta onları gələcəkdə hansısa sövdələşmə predmetinə də çevirə bilər”.
Hələ bu ilin avqust ayında beynəlxalq qeyri-hökumət təşkilatları və Azərbaycanın insan haqları strukturları BMT-ni COP29 ərəfəsində Azərbaycanda jurnalistlərin və fəalların təqibinə diqqət yetirməyə çağırıb. Onlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyinə açıq məktub göndərərək, avtoritar ölkələrdə iqlim sammitlərinin keçirilməməsinə çağırıblar.
“Hazırda təkcə sülh aktivistləri deyil, vətəndaş cəmiyyətinin həbsdə olmayan kəsimi böyük sual altındadır. Bu günü ilə sabahına dair heç bir güvəni yoxdur. Axşammı, sabahmı qapını döyəcəklər”, – Gülnara Mehdiyeva deyir. – “Hətta hökumət medialarında elə təşəbbüslər hədəf göstərilir ki, onlar daha öncə heç zaman heç bir təqibə məruz qalmayıblar. Onların özlərinə də təəccüblü gəlib ki, deməli, artıq növbə bunlara da çatdı. Əlbəttə ki, bütün bunlar onların fəaliyyətini məhdudlaşdırır. O cümlədən də, sülh aktivistlərinin fəaliyyətini məhdudlaşdırır. Əslində əvvəldə elə də güclü fəaliyyət göstərmirdilər. Biz bunu müşahidə edə bilməzdik. Uzaqbaşı bir neçə yazı haradasa dərc olunurdu, yaxud gileyli bir “Facebook” statusu. Yəni bu tam olaraq nə qədər aktivizm sayıla bilərdi, bilmirəm. Artıq bunu da dayandırmalı olublar. Xüsusən də Azərbaycanda yaşayan yoldaşlarımız. Çünki vətənə xəyanət elə bir maddədir ki, ona görə həbs 20 ilə qədər davam edə bilər və təbii ki bu insan ömrü ilə müqayisədə çox böyük rəqəmdir”.
“Bu, həm də elə bir şeydir ki, insanın yaxınları, dostları, qohumları və yaxud övladları varsa, onlar üçün də çox çətin olacaq. Vətənə xəyanətlə həbs olunan qohumunun, valideyninin olmağı çox dəhşətli bir şeydir. Çünki sadə xalq hələ tam dərk eləmir və onlar düşünür ki, bu adam həbs olunubsa, yəqin nəsə səhvə yol verib. Bu, çox ağır ittihamdır. Yəni bu hansısa narkotik, qaçaqmalçılıq ittihamından daha ağır bir şeydir. Ona görə də insanlar üçün çəkindirici faktordur.
Ölkə xaricində olanlar da daha çox məşğuldurlar ki, həbsdə olanlara müəyyən dəstək göstərmək, onların ictimai vəkilliyini, beynəlxalq vəkilliyini aparmaq. Həbsxanada onların yaşamını təmin etmək, necəsə ərzaq xərcini qarşılamaqdan ötrü ianələr toplamaq və sair işlərlə daha çox məşğul olduğu üçün aktivizmə hazırda demək olar ki, yer qalmır. Əlbəttə ki, imkan daxilində danışmaq lazımdı, amma biz heç kimdən bu riskləri gözləyə bilmərik”, – ictimai fəal deyib.
“Mediaşəbəkə”nin dəstəyi ilə