‘‘Xarici qara qüvvələr’’ və reallıq…

Source:

Tarix boyu bacarıqsız iqtidarlar daxili siyasətdə buraxdıqları səhvləri, cinayətləri, savadsız idarəçiliyi “xarici qüvvələrin” təsiri ilə izah etməyə çalışıblar. Bu gün ətraf ölkələrdə və Azərbaycanda baş verənlər də bunun sübutudur.


Rusiya:

Daxili siyasətdə uzun illərdir ki, Kreml sistemin içində olan problemləri “mənfur Qərbin” təsirlərinə bağlayır. Mütləq “xarici düşmən” obrazı yaradılır, zaman-zaman bu obrazlar dəyişir, gah Ukrayna, gah Gürcüstan, gah Türkiyə düşmən kimi təqdim edilir. Qərb isə daimi düşməndir. Rusiyanın bütün bəlalarının mənbəyi Qərbdir – bu siyasət ciddi təbliğat üzərində qurulub, xalqı daxili problemlərdən yayındırmaq üçündür.


Türkiyə:

Son zamanlar qardaş ölkədə, “xarici qüvvələr ölkəni dağıtmaq istəyir”, – fikri artıq marazm halına gəlib. Lirənin obyektiv iqtisadi və siyasi proseslərə görə dəyərdən düşməsi belə xarici qüvvələrin əməliyyatı kimi təqdim edilir. Halbuki, son 1 ildə ölkədə yüzlərlə şirkət milliləşdirilib, minlərlə iş adamı həbs edilib, siyasi hakimiyyət Mərkəzi Bankın müstəqilliyini əlindən alıb. Üstəgəl qeyri-sabitlik var. Buna görə də, daxili və xarici investor ölkədən qaçır – təbii olaraq da lirə dəyərdən düşür. Bütün bunlar “xarici qüvvələrin əməliyyatı” kimi təqdim edilir və xalq buna inanır.


Azərbaycan:

Rusiya və Türkiyə bizim informasiya və teleməkanın 70-75 faizinə nəzarət edir və onlardan gələn təbliğat xalqa təsir göstərir. Bizim yerli televiziyalar da illərdir hökumətin təbliğatına uyğun bütün problemləri “xarici qüvvələrin”, qonşu ölkələrin boynuna atır. Ölkənin coğrafi mövqeyini, xarici dövlətlərin maraqlarını əsas problem kimi göstərir. Xarici dövlətlərin maraqları varmı? Təbii ki, var, məsələn, ən ağrılı yerimiz olan Qarabağ probleminin həlli beynəlxalq güclərdən çox asılıdır, amma:


1)

Ölkədə normal təhsilin olmasına Kreml icazə vermir?


2)

Məhkəmələrdə sifarişli və ədalətsiz qərarlar çıxarmağı Obama əmr edir?


3)

Bəlkə Avropa bizdə keyfiyyətli səhiyyə sistemi yaratmağa imkan vermir?


4)

Yoxsa, İran deyir ki, büdcəni dağıdın, rüşvət alın, inhisarçılığı idarəetmə formasına çevirin?


5)

Bəlkə Ankara israr edir ki, ölkədə kommunal xidmətlər baha və keyfiyyətsiz olsun?

Başqalarını bilmirəm, bizdə “xarici qara qüvvələr” elə ölkənin var-yoxunu xaricə daşıyanlar, öz xalqına xarici, ikinci növ adam kimi baxanlardır.

Ana səhifəAnalitika‘‘Xarici qara qüvvələr’’ və reallıq…