Xaricdəki azərbaycanlı fəallara təzyiq: dövlət rəsmilərinin səfərləri ilə həbslər arasında əlaqə varmı?

Xaricdə həbslər – Mənbə: Chatgpt

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun avqustun 6-da Ukraynaya səfərindən sonra AXCP sədri Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli Ukraynada yenidən həbs edilməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

Həsənli ilk dəfə iyulun 27-də Xarkovda Azərbaycan tərəfinin müraciəti əsasında saxlanılıb. Ukraynadakı hüquq müdafiəçilərinin yaydığı sənədlərə görə, Azərbaycan tərəfi onu naməlum şəxslərdən 850 min dollar almaqda və bu vəsaiti Əli Kərimliyə dövlət çevrilişi təşkil etmək məqsədilə ötürməkdə ittiham edib.

İyulun 30-da məhkəmə Həsənlinin azadlığa buraxılmasına qərar verib. Ukrayna prokurorluğu bu qərardan apellyasiya şikayəti verib.

Avqustun 6-da apellyasiya məhkəməsi prokurorluğun şikayətini təmin edib, Həsənlinin azadlığa buraxılması barədə qərarı ləğv edib və onun barəsində 40 günlük müvəqqəti həbs qərarı çıxarıb. 

Onun Azərbaycana ekstradisiyası ilə bağlı isə hələ yekun qərar verilməyib.

Ancaq hadisələrin vaxtı diqqət çəkir. Çünki bu, son aylarda

xaricdə yaşayan azərbaycanlı siyasi fəallarla bağlı baş verən ilk hadisə deyil. Bu ilin aprelində jurnalist Əfqan Sadıqov Gürcüstandan Azərbaycana deportasiya edilib. Sadıqov aprelin 5-də, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərindən bir gün əvvəl Tbilisidən Azərbaycana göndərilib.

Gürcüstan hakimiyyəti Sadıqovla bağlı inzibati iş açıldığını bildirib. İş sosial şəbəkədə polis əməkdaşını təhqir etməsi ilə əlaqələndirilib və ona 2 min lari (1300 manat) cərimə tətbiq edilib. Sadıqov daha sonra Gürcüstandan Azərbaycana deportasiya edilib. O, Azərbaycana gətirildikdən bir müddət sonra isə həbs olunub. Sadıqov Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir.

Daha bir hadisə iyulda Almaniyada baş verib. İlham Əliyev iyulun 20-də Almaniyaya rəsmi səfərə gəlib. İyulun 21-də isə Berlində Almaniya rəsmiləri ilə görüşlər keçirib. Həmin vaxt 1  aydan artıq idi ki, azərbaycanlı siyasi mühacirlər qadın siyasi məhbusların azadlığı tələbi ilə aksiya keçirirdilər. İlham Əliyevin Almaniyaya səfəri ərəfəsində Berlin polisi aksiyanı dağıtmağa çalışıb,  səfər günü isə aksiya iştirakçılarının və jurnalistlərin Kansler İdarəsinin qarşısındakı əraziyə yaxınlaşmasına imkan verməyib.

Hadisələrin vaxt baxımından üst-üstə düşməsi suallar doğurur. Bütün bunlar məqsədli şəkildə baş verirmi? Hadisələr əvvəlcədən planlaşdırılırmı?

“Yüksək vəzifəli şəxslərdən istifadə olunur”

Vaxtilə Gürcüstandan oğurlanaraq Azərbaycanda həbs olunan, hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı hesab edir ki, bu hadisələr təsadüfi deyil. O hesab edir ki, Azərbaycan hakimiyyəti xaricdə yaşayan siyasi mühacirlərin və siyasi fəaliyyətlə məşğul olan jurnalistlərin Azərbaycana qaytarılması məsələsində yüksək vəzifəli dövlət məmurlarının imkanlarından istifadə edir.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan TV

“Azərbaycan hakimiyyət nümayəndələri özləri üçün vacib bildikləri məsələlərdə yüksək dövlət məmurlarından istifadə edirlər. Siyasi mühacirlərin və siyasətlə məşğul olan jurnalistlərin Azərbaycana gətirilməsində komitə sədrləri, nazirlər və digər yüksəkçinli şəxslərin imkanlarından geniş istifadə olunur”, -Muxtarlı deyir.

O, özünün 2017-ci ildə Gürcüstanda oğurlanmasını buna nümunə göstərir. Muxtarlının sözlərinə görə, onun oğurlanmasından bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Gürcüstanda rəsmi səfərdə olub.

“Azərbaycan tərəfindən mənim oğurlanmağımı birbaşa DSX həyata keçirdi. Tbilisidəki danışıqları Elçin Quliyev aparmışdı, bu əməliyyata Azərbaycan tərəfindən rəhbərlik edən əlaqələndirici şəxs isə DSX rəisinin müavini Azər Şeyxov idi”, -Muxtarlı bildirir.

Əfqan Muxtarlı Əfqan Sadıqovun Azərbaycana deportasiyasında da oxşar yanaşma görür. Onun fikrincə, Sadıqovun Azərbaycana göndərilməsində hüquqi amillərlə yanaşı, siyasi amillər də rol oynayıb:

“Əfqan Sadıqovun Azərbaycana deportasiyasında da oxşar halı gördük. Avropa İnsan Hüquqları Məhkəməsinin deportasiyanı qadağan edən qərarının olmasına baxmayaraq, onu İlham Əliyevin Gürcüstana səfərindən bir gün əvvəl Azərbaycana göndərdilər”.

Əfqan Muxtarlının fikrincə, Bəhruz Həsənlinin əvvəlcə saxlanılması, daha sonra azad edilməsi və Ceyhun Bayramovun Ukraynaya səfəri günü apellyasiya məhkəməsinin onun barəsində yenidən həbs qərarı çıxarması təsadüfi deyil:

“Ceyhun Bayramovun Ukraynaya səfərindən əvvəl onu saxlamışdılar. Lakin məhkəmə irəli sürülən iddia və dəlilləri yetərli hesab etməyərək həbs qətimkan tədbiri seçməmişdi. Ceyhun Bayramov Ukraynaya səfər edən gün Bəhruzun məhkəməsi oldu və onu həbs etdilər. Onun saxlanılmasında və həbs olunmasında, şübhəsiz ki, Ceyhun Bayramovun Ukraynaya səfərinin rolu olub”.

Əfqan Muxtarlı Həsənlinin məhkəmə prosesində qərarın yazılı formada dərhal təqdim edilməməsini də sual doğuran hal hesab edir. Onun sözlərinə görə, məhkəmə yazılı qərarın beş gün sonra təqdim ediləcəyini bildirib. Muxtarlı bunu Azərbaycan tərəfinin əlavə sübutlar hazırlamaq üçün vaxt qazanmaq cəhdi kimi qiymətləndirir.

“Yəqin ki, Azərbaycan hökuməti saxta dəlillər hazırlamaq üçün vaxt istəyib”, – o deyir.

Muxtarlı Həsənlinin işinin beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları Komitəsinin diqqətində olduğunu bildirir.

“Məqsəd onları Azərbaycana qaytarmaqdır”

Vaxtı ilə Türkiyədən deportasiya edilərək Azərbaycanda həbs edilmiş jurnalist, hazırda İsveçrədə yaşayan siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, Azərbaycan hakimiyyəti xaricdə yaşayan siyasi fəalları Azərbaycana qaytarmağa çalışır.  Onun fikrincə, hakimiyyət bu məsələdə həmin ölkələrlə münasibətlərindən də istifadə edir.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Ukrayna ilə Azərbaycanın həm biznes, həm də siyasi maraqları var. Azərbaycan Ukraynaya müəyyən yardımlar edir və onun ərazi bütövlüyünü dəstəkləyir”, – Mirqədirov deyir. 

O hesab edir ki, oxşar vəziyyət Gürcüstanla münasibətlərdə də müşahidə olunur.

Siyasi şərhçi bu yanaşmanın bəzi Avropa ölkələrində də mümkün olduğunu düşünür. Mirqədirova görə, bunun əsas səbəblərindən biri Avropanın Azərbaycanla bağlı geosiyasi və iqtisadi maraqlarıdır.

“Başqa vaxt olsaydı, Von der Leyen Azərbaycana gəlməzdi və Əliyevlə görüşməzdi. Amma indi maraqlar var. Bu maraqlar enerji daşıyıcıları problemini, dəhliz məsələsini, Rusiyaya qarşı cəbhənin yaradılmasını əhatə edir”, – o bildirir.

Mirqədirovun fikrincə, Avropanın bu maraqları insan hüquqları məsələsinin bəzən arxa plana keçməsinə səbəb olur.

“Əgər dəyərlərdən çıxış etsək, Ursula von der Leyen Bakıya gəlməməli idi. Amma geosiyasi və iqtisadi maraqlar olduğuna görə dəyərlər arxa plana keçirilir. Bu, neqativ prosesdir”, – Mirqədirov deyir.

Bununla belə, Mirqədirov Azərbaycanla Qərb arasında siyasi dialoqun dayandırılmasının tərəfdarı deyil.

“Dialoqun dayandırılmasının və ya Azərbaycanın tamamilə təcrid olunmasının tərəfdarı deyiləm. Əks halda, Azərbaycan hakimiyyəti üçün Rusiya ilə əməkdaşlıq etməkdən başqa heç bir çıxış yolu qalmır”, – o bildirir.

Ana səhifəSiyasətXaricdəki azərbaycanlı fəallara təzyiq: dövlət rəsmilərinin səfərləri ilə həbslər arasında əlaqə varmı?