Xəzər rayonunda məktəb direktorunun rəsmi sənədləri dəyişdirdiyi iddia olunur

İllüstrasiya: ChatGPT

Məktəb əməkdaşı bildirir ki, dərsə gəlməyən şagirdlərə qiymət yazılıb, sinifdə qalanların isə sənədlərində düzəliş edilib

Bakının Xəzər rayonunda yerləşən 181 nömrəli tam orta məktəbdə dərsə gəlməyən şagirdlərə qiymət yazıldığı, sinifdə qalanların isə rəsmi sənədlərində dəyişiklik edildiyi iddia olunur.

Bu barədə Meydan TV-yə məktəbin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, məktəbin direktoru Təhmasib Məmiyev dərsə gəlməyən bəzi şagirdlərin nəticələrini dəyişdirərək onların növbəti sinfə keçirilməsinə şərait yaradıb.

“Dərsə gəlməyən şagirdlər növbəti sinfə keçirilir”

Mənbə bildirir ki, bəzi şagirdlər il ərzində dərslərdə iştirak etməsələr də, ilin sonunda direktorun tapşırığı ilə onlara qiymət yazılır:

“Bəzi uşaqlar var ki, müəllim onları ilboyu dərsdə görmür. Amma ilin sonunda həmin uşaqlara qiymət yazılır, sanki möcüzə baş verir. Direktor müəllimlərə tapşırır ki, filankəsə qiymət yazın. O uşaqlardan biri mənim oğlumla eyni sinifdə oxuyur. Oğlum gəlib mənə deyir ki, ana, bu necə olur, həmin uşaq dərsə gəlmədiyi halda qiymət alır? Mən də uşağa deyirəm ki, fikir vermə, sən öz dərsinlə məşğul ol”.

Məktəb jurnalında bir şagirdin qayıblarının silindiyini göstərən foto

“Jurnallarda və sənədlərdə düzəliş edilib”

Məktəb əməkdaşının sözlərinə görə, ötən tədris ilində iki şagird rəsmi olaraq sinifdə qalsa da, sonradan jurnallarda və sənədlərdə düzəliş aparılıb:

“Həmin uşaqlar 10-cu sinifdə rəsmi olaraq qalmışdılar. Qaydaya uyğun olaraq polis bölməsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyən Nərminə Hüseynovaya rəsmi məktub göndərilmişdi ki, uşaqlar axtarışa verilsin, çünki onlar sinifdə qalıblar. Valideynlərə də yazılı müraciət olunmuşdu. Bu sənədlərin surəti və orijinallarının fotoları məndə var. Keçən ilə qədər kağız jurnallar idi. Jurnalda həmin uşaqlara qayıb yazılıb, sinifdə qaldıqları qeyd olunub. Sonradan isə jurnalda pozuntular edildi. Mən həmin səhifələrin də fotolarını çəkmişəm. Sıradan bir adam belə şəkli böyüdüb baxsa, jurnalda düzəlişlərin olduğunu görə bilər. Sonra həmin uşaqlar sentyabrda birtəhər 11-ci sinfə keçirildilər, indi də məktəbi bitirirlər”.

181 saylı məktəbin direktoru Təhmasib Məmiyev tərəfindən Təhsil İdarəsinə həmin məktəbin bir şagirdi ilə bağlı yazılan məktubun fotosu

Mənbə deyir ki, əvvəllər də bu məsələni qaldırmaq istəyənlər olub. Lakin onun iddiasına görə, direktor əməkdaşları hədələyərək məsələnin ictimailəşməsinə imkan verməyib:

“Direktor deyirdi ki, əmək kitabçanıza elə şey yazaram, heç yerdə iş tapa bilməzsiniz”.

Şagirdin davamiyyəti ilə bağlı sənədə düzəliş edildiyini göstərən foto

Məktəb əməkdaşından direktorun bunu nəyin qarşılığında etməsi barədə soruşduqda o, konkret məlumatı olmadığını, lakin bunun qarşılıqsız baş verdiyinə inanmadığını bildirib:

“Nəyin qarşılığında olduğunu özündən soruşsanız, daha dəqiq cavab alarsınız. Amma təbii ki, bunun qarşılıqsız olması inandırıcı deyil. Uşaq deyilik ki”.

Məktəb direktoru Təhmasib Məmiyevin mövqeyini öyrənmək üçün 181 nömrəli məktəblə əlaqə saxlanılsa da, zənglərə cavab verilməyib.

Ana səhifəXəbərlərXəzər rayonunda məktəb direktorunun rəsmi sənədləri dəyişdirdiyi iddia olunur