Vüqar Feyzulla: “Sona qədər sadiq!”

“Vüqarın cəmi 27 yaşı var. Onun həqiqətən də yaşamağa və Azərbaycan üçün nələrsə etməyə qadir bir gəncdir”- deyən Elnarə Əfəndiyeva, dostu, hemodializ xəstəsi olan Vüqar Feyzullayev haqqında danışır. Vüqar daim hemodializli xəstələrin problemlərini qaldırdığı üçün mediadan və sosial şəbəkələrdən də çoxlarına yaxşı tanışdır. O, artıq bir neçə ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Elnarə Əfəndiyeva deyir ki, vaxtlı-vaxtında dializ almağa pulu çatmadığından hazırda Vüqarın vəziyyəti daha da ağırlaşıb:

“Sosial şəbəkələrdə ianə kompaniyasına başlamışıq. Artıq fevralın səkkizindən Vüqar xəstəxanadadır və biz 15 minə yaxın məbləğ toplamışıq. Bu məbləğ elə də çox deyil. Ona görə biz kampaniyanı davam etdirmək istəyirik”.

Vüqarı ziyarətə gələn digər dostu Qiyas Hüseyn deyir ki, xəstəxanada müalicəyə gündə 500 manatdan çox pul xərclənir.

“Reanimasiyada bir gün 150 manatdır. Bir dializin qiyməti 165 manatdır, dərmanları da əlavə edəndə günə təxminən 600 manat xərc edir. Biz 15 min manat toplamışıq. Bu da təxminən Vüqarın bir neçə gün burda qalmasına kömək edəcək”.

Tibbi Kliniki Mərkəzin hemodializ şöbəsinin müdiri Mirhaşim Cavadov hemodializ tipli xəstəlikləri riskli qrupuna daxil edir və bildirir ki, belə insanlar bütün həyatları boyu müalicə almalıdırlar:

“Bu müalicə xəstələrdə aylarla, həftələrlə hətta ilərlə davam edə bilər. Sonuncu mərhələdə əgər böyrəklərin beş faiz funksiyası qalıbsa, hemodilaiz və ya böyrəkköçürməyə ehtiyac yaranır. Bu seçim də, xəstələrin vəziyyətindən aslıdır. Hazırda daha çox hemodializlə müalicəyə üstünlük verilir. Xəstələr həftədə 3-4 dəfə hemodializ müalicəsi alırlar. Bu zaman lazım olan dava-dərmanlar dövlət tərəfindən təmin olunur”.

Hazırda Azərbaycanda 2 min 321 hemodializ xəstəsi var və onların pulsuz müalicəsi üçün 2011-2016-cı illəri əhatə edən dövlət proqramına əsasən  21 milyon 7 min manat vəsait ayırılıb. Sənədə görə, hər xəstənin müalicəsinə 12 min 764 AZN nəzərdə tutulub.

Vüqar Feyzulla deyir ki, ilk zamanlar o da dövlət xəstəxanalarında dializ alırdı, lakin virusa yoluxduqdan sonra özəl xəstəxananı seçmək məcburiyyətində qalıb:

 “Aydın oldu ki, pulsuz dializ aldığım ümumi cərrahiyə dializ şöbəsində endokardit virusuna yoluxmuşam. Buna görə, İranda çox ciddi müalicə almalı oldum. Geri qayıdanda mənə bildirdilər ki, səni dövlət tərəfindən müalicə olunan hemodializli xəstələrin siyahıslndan uzaqlaşdırıblar. Bu da qanuna ziddir. Çünki orda göstərilib ki, belə xəstələr ömürlük pulsuz müalicə olunmalıdırlar” (V.Feyzulla bu haqda inernetdə yayılan bir video müsahibəsi zamanı deyib).

Azərbaycanda hazırda 30 hemodializ şöbəsi fəaliyyət göstərir ki, bunlardan 7-si paytaxtda, qalanları regionlardadır. Uroloji Klinik Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babeyev deyir ki, bu şöbələrdə ümumilkdə  406 hemodializ aparatı var. Onun sözlərinə görə, bu qurğular Almaniyadan gətirilib və indiyə kimi xəstələrin müalicəsi zamanı hansısa virusa yoluxma halı qeydə alınmayıb:

“2003 cü ildə 254 xəstə dövlət hesabına müalicə alırdısa, hazırda bu rəqəm 2 min 321 nəfərdir. Son beş ildə onların regionlarda müalicəsi problem olduğundan əsasən Bakıya toplanıblar. Ona görə də müəyyən növbələr əmələ gəlmişdi. Hazırda isə növbədə duran xəstə yoxdur. Dövlət tərəfindən ayrılan vəsait həm xəstələrin dərmanına, həm də şöbələrin avadanlıqla təminatına yönəldilir. Ötən il bu vəsait 26 milyon manat olub.  Hər il bu xəstələrin artımı nəzərə alınaraq bu vəsaitlər də artırılır. Buradakı aparatlar Almaniyanın “Frizon” firmasının ən son avadanlıqlardı”.

Neftçilər xəstəxanasında müalicə alan Vüqarın sığortası olmadığından bura yerləşdirilməsi üçün ondan 2500 manat depozit istənilib. “Hemodializli xəstənin müalicəsinə il ərzində 13-15 min manat vəsait lazım olur”, deyən Fariz Babyev xəstələrin özəl klinikaları seçməsinin səbəbinə də toxunur:

“Bu xəstənin öz istəyi ilə də ola bilər. Bakıda 5 özəl hemodializ şöbəsi var. Amma əgər bir müddətdən sonra onların imkanları çatmazsa, xəstə yenidən Səhiyyə Nazirliyinə müraciət edə bilərlər. Qeyd edim ki, böyrək çatışmazlığı bütün orqanizmə, öz təsirini göztərir. Tədricən xəstələrin həm beyinində, həm qara ciyərlərində problemlər yaranmış olur və bəzən ölümlə də nəticələ bilir. Dünyada orta ölüm statistikası 23-31 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 21,6 fazidir”.

Vüqar da bir neçə gün öncə ölüm ayağında idi, onu üç günlük komadan ayrılıb həyata qaytaran dövlət yardımı yox, dostlarının, adı insanların qayğısı oldu. Vəziyyəti hələ də ağır olsa da, Vüqar ümidini itirmir.

Məhəmmd Muradov  Vüqarın komaya düşməzdən öncə fevralın də “Facebook” səhifəsində yazdığı son ismarıcı haqda danışır:

“O Latınca mənası “sona qədər sadiq olan” bir ifadə yazmışdı.  Biz hesab edirik ki, Vüqar mübarizəsinə sadiqdir və həmişə də sadiq qalacaq. Bu gün də komadan ayılıb. Mən hesab edirəm ki, o yaşamaq istədiyini bizə deyir və öz əlindən gələni etdiyi bizə mesaj edir. Bizim əlimizdən gələn odur ki, ona bu yolda dəstək olaq, ona kömək edək”.

Ana səhifəVideoVüqar Feyzulla: “Sona qədər sadiq!”