Vüqar Bayramov: Dövlət büdcəsindən dotasiya almayan rayonların sayının artmasına ehtiyac var

”Bu, büdcə gəlirlərinin daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğundur”

Source: meydan TV
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov
Vüqar Bayramov


”Bu, büdcə gəlirlərinin daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğundur”

2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılmasını nəzərdə tutulur.

Vergilər Nazirliyinin məlumatında bildirilir ki, ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirib:

“Real sektorda vergi daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb. Regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8%, mənfəət vergisi 42,5%, gəlir vergisi üzrə 10,1%, aksizlər üzrə 67,3%, sadələşdirilmiş vergi üzrə isə 22,5% artım qeydə alınıb”.

Nazirlik qeyd edib ki, 2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılacaq:

“Bu amil bir daha regionların inkişafı ilə bağlı yürüdülən siyasətin mühüm göstəricisi kimi rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərinin və investisiya layihələrinin yerli resurslar hesabına həyata keçirilməsi, bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarından istifadə olunması və vergi ödəmə imkanlarının artması ilə bağlıdır”.

İqtisadcı Vüqar Bayramov Meydan TV-yə deyib ki, 2019-cu ildə dövlət büdcəsinin yerli xərclərinin məbləği 840 milyon manatdan çox olacaq. Bu, cari illə müqayisədə 16,1 faiz artım deməkdir. Eyni zamanda, yerli xərclərin 12,4 faizi mərkəzi büdcədən dotasiya hesabına qarşılanacaq, bu isə 2018-ci illə müqayisədə 2,6 faiz artım deməkdir:

“Eləcə də gələn il dotasiyadan azad olunan rayonların sayının 34-ə çatdırılması nəzərdə tutulur. Baxmayaraq ki, bu əvvəlki illərlə müqayisədə daha çoxdur, amma hələ də dövlət büdcəsindən dotasiya alan rayonların sayı almayanların sayından çoxdur. Ona görə də növbəti illərdə dövlət büdcəsindən dotasiya almayan rayonların sayının artmasına ehtiyac var”.

Vüqar Bayramov beynəlxalq təcrübəni xatırladaraq əlavə edib ki, xarici ölkələrdə dissentralizasiya prinsipindən daha çox istifadə olunur. Xüsusən də yerlər öz xərclərini gəlirləri hesabına ödəyirlər, konkret olaraq Polşa təcrübəsi daha çox tətbiq edilir və öyrənilir:

“Polşada bələdiyyələr və yerli icra hakimiyyətləri ilkin mərhələdə fəaliyyət göstərsə də, sonradan səlahiyyətlər bələdiyyələrə verildi. Nəticədə bələdiyyələrin maliyyə potensialı artdı və gəlirlərini xərcləri hesabına ödədilər. Bu baxımdan oxşar praktikanın Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı. Nəticə etibarı ilə rayonların dövlət büdcəsindən asılılığının aradan qaldırılmasına və onların xərclərini gəlirləri hesabına ödənməsinə ehtiyac var. Bu, regionların dotasiyadan asılılığını aradan qaldıracaq, həm də büdcə gəlirlərinin daha səmərəli bölüşdürülməsi baxımından məqsədəuyğundur”.

Ana səhifəAnalitikaVüqar Bayramov: Dövlət büdcəsindən dotasiya almayan rayonların sayının artmasına ehtiyac var