Vəkili Anar Məmmədlinin həbsi zamanı qanun pozuntularına yol verildiyini deyir

Anar Məmmədli, Foto: Meydan TV

Elmar Süleymanov Məhkəmə-Hüquq Şurası, Bakı Apelyasiya Məhkəməsi və Xətai Rayon Məhkəməsinə şikayət edib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı qanun pozuntularına yol verildiyi bildirilir.

Bu barədə onun vəkili Elmar Süleymanov öz “Facebook” hesabında yazıb.

Vəkil bildirib ki, Cinayət Prosessual Məcəllənin 51.6-1-ci maddəsinə rəğmən məhkəmə iclasının audioyazısının aparılması təmin edilməyib, onun qanunun bu tələbinin təmin edilməsinə dair vəsatəti Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva tərəfindən rədd edilib.

“CPM-nin 51.7-ci maddəsinə rəğmən məhkəmə iclasının protokolu ilə tanış olmaq haqqında ərizəm üzrə, ümumiyyətlə, heç bir hərəkət edilmədi (edildisə, bu barədə mənə heç bir məlumat verilməyib), nəticədə bu protokol tanışlıq üçün hələ də təqdim edilməyib”, – vəkil yazıb.

Həmçinin CPM-nin 51.7-ci maddəsinə rəğmən bu protokola qeyd edilməli hallar barədə vəkilin ərizəsi üzrə də heç bir qərar qəbul edilməyib. Edilibsə də, vəkilə məlumat verilməyib:

CPM-nin 51-1.6-cı maddəsinə rəğmən müdafiəçi olaraq mənə verilməli olan sənədlərin heç birini mənim elektron kabinetimə yerləşdirməyib. Ümumiyyətlə, bu iş mənim elektron kabinetimdə aktiv (əlavə) edilməyib”.

Foto: Elmar Süleymanovun şəxsi arxivindən

Elmar Süleymanov deyir ki, Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirindən mayın 2-də verdiyi apelyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinə göndərilib-göndərilmədiyi barədə də ona heç bir məlumat verilməyib:

“Bu şikayət üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək iclas (tarix, saat, hakimlər və s) barədə mənə hələ də heç bir rəsmi məlumat verilməyib”.

Elmar Süleymanov bununla bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, Bakı Apelyasiya Məhkəməsi və Xətai Rayon Məhkəməsinə şikayət yazıb.

2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “AbzasMedia” ilə əlaqəsi olan səkkiz jurnalist və mətbuat işçisi həbs olunub.

Apreldə bu iş üzrə “meclis.info” saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs edilib.

Onlar “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı”nda ittiham olunurlar. İmran Əliyevlə Anar Məmmədli “AbzasMedia” ilə əlaqələrinin olmadığını bildirir, ittihamı rədd edirlər.

Hüquq müdafiə təşkilatları həbs olunan şəxsləri siyasi məhbus kimi tanıyıb.

Ana səhifəSiyasətVəkili Anar Məmmədlinin həbsi zamanı qanun pozuntularına yol verildiyini deyir