Vəkil: Saleh Rüstəmli çətinliklə yeriyir, çətinliklə danışır

Saleh Rüstəmov, Foto: Meydan TV

Keçmiş icra başçısı zorla yedizdiriləcəyi təqdirdə özünə qəsd edəcəyini deyib

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş, AXCP-yə maliyyə yardımına görə cəzalandırılan Saleh Rüstəmli 13 gündür ki, həbsdə aclığı davam etdirir. Bu barədə məlumat verən oğlu Sezgin Rüstəmov bildirib ki, aclıq nəticəsində Saleh Rüstəmlinin hərəkət və danışıq qabiliyyətində məhdudiyyətlər yaranıb.

Ailə üzvlərinin sözlərinə görə, Saleh Rüstəmli ötən 13 gün ərzində 15 kiloqram çəki itirib.

Noyabrın 18-də vəkili Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində Saleh Rüstəmli ilə görüşüb.

Vəkilin müşahidəsinə görə, müvəkkilinin durumu bir neçə gün əvvəl gördüyündən xeyli pisləşib:

“Çətinliklə hərəkət edir, çətinliklə danışır…”

Vəkili ondan növbəti dəfə aclığı dayandırmağı xahiş etsə də, razılaşmayıb. Sabiq icra başçısının cavabı “bu haqda ümumiyyətlə danışmayaq” olub.

Noyabrın 17-də Saleh Rüstəmli qardaşı ilə görüşdə ona deyib ki, daha gəlməsin. Çünki vəziyyəti görüşə gəlməyə imkan vermir:

“Əvvəllki ziyarətlərdə ailəsinin onun halını görüb, daxilən əzab çəkməmələri üçün vəziyyətinin yaxşı olduğunu göstərməyə çalışırdı. Gün keçdikcə vəziyyəti ağırlaşır”.

Sezgin Rüstəmov deyir ki, Müalicə Müəssisəsində həkim atasına zorla qidalandırıla biləcəyi haqda xəbərdarlıq edib. O isə bu halda, özünə qəsd edəcəyini söyləyib:

“Atama özünü Fariz adlı baş həkim kimi təqdim edən biri deyib ki, onu zorla qidalandıracaqlar, bu barədə təlimat var. Atam cavab verib ki, qanuna əsasən, həkim məhbusa qarşı zor tətbiq edə bilməz. Əgər bu baş versə, mən özümü öldürəcəm. Əgər atam bu yola əl atsa, məsuliyyət özünü baş həkim kimi təqdim edən Fariz adlı şəxsin üstündə qalacaq. Müstəqilliyi, ərazi bütövlüyü üçün çalışıb vuruşduğun ölkənin zindanlarında ölümü gözləmək necə hissdir, bunu atam bilir…”

Ombudsman Aparatı da Saleh Rüstəmlinin durumunu diqqətdə saxladıqlarını, Milli Preventiv Qrupun həkim üzvlərinin ona baş çəkdiyini açıqlayıb.

Penitensiar Xidmət Saleh Rüstəmlinin aclıq etməsi barədə məlumatlara reaksiya verməyib.
Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətVəkil: Saleh Rüstəmli çətinliklə yeriyir, çətinliklə danışır