“Binəqədi Rayon İcra Hakimiyyəti Novxanıda çıxarışı olan iki sot yarım torpaq sahəmdə tikdiyim evi üç dəfədir ki, sökür. Səbəb kimi də tikilinin qanunsuz olduğunu və ərazinin Baş plana əsasən turizm zonasında yerləşdiyini əsas gətirir”.
Bunu Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Bəhruz Alışov iddia edir. Vətəndaş sosial şəbəkədə paylaşdığı videolarda bildirir ki, torpaq sahəsi onun tam mülkiyyətindədir və çıxarışla təsdiqlənib.
O bildirir ki, ötən il tikinti üçün elektron portal vasitəsilə müraciət edib, lakin Binəqədi Rayon İcra Hakimiyyətindən imtina cavabı alıb.
Onun iddiasına görə, imtinanın səbəbi torpaq sahəsinin Bakı şəhərinin Baş planına əsasən turizm zonasında yerləşməsi göstərilib. Alışov isə bununla razılaşmır.
Bakı şəhərinin Baş planı paytaxtın gələcək şəhərsalma inkişaf istiqamətlərini müəyyən edən sənəddir. Alışovun iddiasına görə, icra hakimiyyəti onun torpaq sahəsinə tətbiq edilməyən məhdudiyyəti əsas götürür.
Zabit bildirir ki, Dövlət Kadastr və Reyestr Xidməti ona göndərdiyi cavabda çıxarışın düzgün verildiyini bildirib.
“Mən həmin cavabı götürdüm Dövlət Kadastr Reyestr Xidmətinə göndərdim ki, siz mənə 2024-cü ildə kupça vermisiniz, amma 2023-cü ildə Baş nazirin əmri var. Cavab gəldi ki, xeyr, biz sizə kupçanı düz vermişik. Baş nazirin əmri sizə aidiyyəti deyil”, – o bildirir.
Alışov deyir ki, Baş planın xəritəsində də həmin ərazi turizm zonası kimi göstərilmir.
“Şəhərsalmanın öz portalında, öz xəritəsində bu baş plan göstərilir. Mən onu çıxartmışam. Baxanda görünür ki, həmin yer turizm zonası deyil”, – zabit qeyd edir.
Bəhruz Alışov bildirir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə, birinci instansiyada onun xeyrinə qərar qəbul olunub, lakin sonrakı mərhələdə qərar dəyişib.
“Birinci məhkəmədə mənim xeyrimə qərar çıxarıldı. Hakim məktublara yox, dövlət qurumlarından alınan cavablara istinad etdi. Amma sonrakı mərhələdə yalnız icra hakimiyyətinin və digər qurumların məktublarına baxıldı”, – Alışov deyir.
Alışov iddia edir ki, icra nümayəndələri onun mülkiyyətinə müdaxilə edib, lakin bunun üçün rəsmi qərar təqdim etməyiblər.
“Əlində sənədi olmadan icra nümayəndəsi mənim mülkiyyətimə toxuna bilməz. Əgər əlində mülkiyyətin dağıdılması, sökülməsi, dayandırılması barədə qərar varsa, buyursun təqdim etsin. Amma yoxdursa, mənim hüquqlarımı pozur”, – Alışov bildirir.
Vətəndaş Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və aidiyyəti qurumlara müraciət etdiyini deyir.
“Bir zabit, bir hərbçi kimi müraciət edirəm. İnanıram ki, bu məsələ diqqətə çatarsa, obyektiv araşdırılacaq və hüquqlarım bərpa olunacaq”, – Alışov deyir.
Meydan TV məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Qurumun mövqeyini əldə etmək mümkün olmayıb. Cavab daxil olarsa, material yenilənəcək.