Elçin Sadıqov bunu hüquq pozuntusu sayır
Vəkil Elçin Sadıqovun 15 saylı Cəzaçəkmə Müəssisəsində “xeberman.com” saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
Bu barədə Meydan TV-yə Elçin Sadıqov məlumat verib.
O bildirib ki, yanvarın 31-də 15 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, müvəkkilləri ilə görüşə bilməyib:
“Mənim gəldiyimi yuxarılarına məruzə etmək adı ilə gözlətdilər. Bir müddət də gözlədəndən sonra dedilər ki, cəmi bir vəkil otağı var, orada da vəkil var, ona görə görüş vermirik”.
Vəkil deyir ki, 2 saatdan çox gözləsə də, ona müsbət cavab verilməyib, o üzdən də cəzaçəkmə müəssisəsindən geri qayıdıb.
Bir neçə gün öncə Polad Aslanov və Rəşad Ramazanov cəzaçəkmə müəssisəsində hüquqlarının pozulduğunu bildiriblər.
Onlar saxlanma şəraitinin ağır olması və məhbuslara qarşı rəftarın pis olması haqqında məlumat veriblər.
Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyib ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “xeberman.com” saytının rəhbəri Polad Aslanov rəis müavininin kabinetindən və onun iştirakı ilə ailəsinə zəng etməyə məcbur edilib.
Polad Aslanov bunu şəxsi həyat hüququnun pozuntusu kimi qiymətləndirib.
Polad saxlanma şəraitinin pis olması barədə yalnız 21-24 yanvar tarixlərində uzun görüş zamanı danışa bilib.
Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində təyin edilmiş 1146 nəfər yerinə 1500 məhbus saxlanılır.
Çarpayı çatışmadığına görə bəzi məhbuslar yerdə yatırlar.
Eyni zamanda, şəraiti məqbul olan kameralar bağlı saxlanır.
Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə casusluq ittihamı ilə – CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub.
O, 16 il azadlıqdan məhrum edilib.
Aslanov bütün ittihamları rədd edib, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
AİHM onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib.17:16