Festival çərçivəsində keçirilən tədbirlərə yalnız COVİD pasportu ilə giriş mümkün olacaq
Sentyabrın 18-də Azərbaycanda ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı başlayır.
Əsasən Bakıda təşkil olunacaq festival proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer
alacaq
.
Festival çərçivəsində təşkil olunacaq konsertlərdən biri Şuşada keçiriləcək. Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.
Eyni zamanda, sayca XIII olan bu festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb. Builki festival çərçivəsində həmçinin ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq.
Mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.
Festival sentyabrın 24-dək davam edəcək.